Makroiqtisadi göstəricilər

Müasir statistika sistemində makroiqtisadi göstəricilər iki hissəyə: iqtisadi və sosial göstəricilərə bölünür.
İqtisadi göstəricilərə daxil olanlar:
- ümumi daxili məhsul (ÜDM);
- sənaye məhsulunun həcmi, o cümlədən istehlak malları;
- bütün maliyyə mənbələri hesabına kapital qoyuluşları;
- podrat işlərinin həcmi;
- pərakəndə əmtəə dövriyyəsi (təşkil olunmamış qaydada idxalın və qarışıq, ərzaq və qeyri-ərzaq bazarlarında əhaliyə satışın həcminin ekspert qiymətləndirilməsi əsasında müəyyənləşdirilmiş həcmi nəzərə alınmaqla);
- pullu xidmətlərin həcmi (fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin ekspert qiymətləndirilməsi əsasında müəyyən edilmiş həcmi də nəzərə alınmaqla);
- nəqliyyat müəssisələrinin yük dövriyyəsi (kiçik avtonəqliyyat müəssisələri və kommersiya yüklərinin daşınması ilə məşğul olan sahibkar-fiziki şəxslərin daşıdığı yüklərin həcminin qiymətləndirilməsi də nəzərə alınmaqla);
- xarici ölkələrə əmtəələrin ixracı.
Sosial göstəricilərə daxil olanlar:
- sərəncamda olan real pul gəlirləri;
- bir işçinin orta aylıq nominal əmək haqqı;
- əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;
- BƏT-in metodologiyasına, o cümlədən rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayına uyğun olaraq hesablanmış işsizlərin ümumi sayı (dövrün sonuna);
- minimum yaşayış səviyyəsindən aşağı pul gəlirləri olan əhalinin sayı (min nəfərlə və ya bütün əhaliyə görə %-lə);
- yaşayış evlərinin istifadəyə verilməsi.
Mal və xidmətlərin buraxılışı müəyyən dövrdə iqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin nəticələri hesab edilən istehsal fəaliyyətinin həcmini əks etdirir.
Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. İqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirir və həmin vahidlər tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil edilməyən məhsula təmiz vergini əks etdirir.
ÜDM iqtisadi vahidlərin-rezidentlərin əmtəə və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin cəmi kimi, yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilir.
ÜDM-in istifadə edilməsi (xərclər üsulu) əmtəə və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.
İstehsalçının qiyməti - əlavə dəyər vergisi və bu kimi digər əvəz edilən vergilər çıxılmaqla, istehsalçının mal və ya xidmət şəklində istehsal etdiyi bir məhsul vahidinin satışından əldə etdiyi məbləğdir. Bu qiymətə istehsalçı tərəfindən ayrıca əlavə edilən nəqliyyat xərcləri daxil edilmir.
Əsas qiymət – bir məhsul vahidinin istehsalı və ya satışına görə bütün vergilər çıxılmaqla və bütün subsidiyalar əlavə edilməklə istehsalçının bu məhsul vahidinin satışından əldə etdiyi məbləğdir. Bu qiymətə istehsalçı tərəfindən ayrıca əlavə edilən nəqliyyat xərcləri daxil edilmir.
Özünün son istehlakı üçün istehsal edilən əmtəə və xidmətlər oxşar bazar və əmtəə xidmətlərinin əsas qiymətləri ilə qiymətləndirilir. Dövlət idarəetmə orqanları və ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları tərəfindən göstərilən qeyri-bazar xidmətləri əsas kapitalın istehlakı da daxil edilməklə, bu təşkilatların cari xərclərinə istinad edilərək qiymətləndirilir.
Aralıq istehlak - hesabat dövründə istehsal prosesində faktiki dəyişdirilən və ya tam istehlak edilən mal və xidmətlərin dəyəridir. Material xərcləri, qeyri-maddi xidmətlərə görə ödənən pul, əsasən gediş haqqını və mehmanxana xidmətlərini ödəməyə sərf edilən ezamiyyət xərcləri də bura daxildir. Əsas kapitalın istehlakı aralıq istehlakın tərkibinə daxil edilmir.
Aralıq istehlak əmtəə və xidmətlərin istehsal prosesinə daxil olduğu vaxt istehlakçıların mövcud olmuş qiymətləri ilə qiymətləndirilir. Aralıq istehlakın tərkibinə ayrıca maddə kimi maliyyə vasitəçiliyinin şərti hesablanmış xidmətinin istehlakı da daxil edilir.
Maddi istehsal xərcləri - istehsal prosesində tam istifadə edilən əmək əşyalarından və aşındıqca dəyəri məhsulun dəyərinə keçən əmək vasitələrindən ibarət olan maddi nemətlərin dəyərini ifadə edir. Maddi istehsal xərclərinə aşağıdakılar aid edilir:
- xammal və materiallar, toxum, yem, gübrə və zəhərli kimyəvi maddələr, yanacaq və enerji məsrəfi;
- material xidmətlərinin (kənar müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən istehsal xarakterli işlərin, rabitə xidmətlərinin və s.) ödənilməsi;
- daşınma və ticarət, maddi-texniki təchizat, tədarük müəssisələrində saxlanma zamanı əmtəə itkiləri;
- xüsusi geyimə, müalicə-profilaktika yeməyinə və s. sərf olunan xərclər də daxil edilməklə, istehsala çəkilən sair maddi xərclər.
Ümumi əlavə dəyər - istehsal olunan əmtəə və xidmətlərin dəyəri ilə (buraxılışla) istehsal prosesində tam istehlak edilən məhsul və xidmətlərin dəyəri (aralıq istehlak) arasındakı fərqlə müəyyənləşdirilir.
Əmək haqqı - işlə təmin edənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzdlu işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. O, hesablanmış məbləğ əsasında, yəni vergilər və tutulan digər məbləğlər çıxılmadan hesablanır.
Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq, pul və ya natura şəklində hesablanmış bütün qazanc növlərini (habelə müxtəlif mükafatları, əlavələri və sosial güzəştləri) əhatə edir. O, aşağıdakı mükafat növlərini özündə birləşdirir:
- görülmüş işə (işlənmiş vaxta) görə günəmuzd qiymətlər, tarif məvacibi, vəzifə maaşı və ya gəlirdən faizlər, mənfəətdən hesablanmış əmək haqqı;
- həvəsləndirici ödəmələr (mükafatlar, tarif məvaciblərinə və maaşlarına əlavələr);
- iş rejimi və əmək şəraiti ilə əlaqədar olan kompensasiya xüsusiyyətli ödəmələr (əlverişsiz əmək şəraitinə və əməyin gərginliyinə görə əlavə ödənişlər, səfər xarakterli işə görə əlavələr, sahə təminatı, istirahət və bayram günlərində işləməyə görə ödəmələr və s.);
- qanunvericiliyə uyğun olaraq işlənmiş vaxta görə ödəmə (məsələn, hər il verilən və əlavə məzuniyyətlərə görə ödəmə, istifadə edilməyən məzuniyyətə görə pul kompensasiyası, yeniyetmələrin güzəştli saatlarına görə ödəmə, işçinin günahı üzündən olmayan boşdayanmalara görə ödəmə və s.);
- faizli haqq və ya komisyon haqqı;
- ixtisasartırma və kadrların yenidən hazırlanması sistemində işdən ayrılmaq şərti ilə təhsil alarkən işçilərə verilən əmək haqqı;
- işçinin günahı üzündən olmayan istehsal olunan zay məhsulun (işlərin, xidmətlərin) istehsalına görə haqq;
- müəssisədə istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə verilən əmək haqqı;
- xüsusi müqavilələr əsasında müəsissədə işləməyə cəlb edilmiş, əvəzçilik yolu ilə digər müəssisə və təşkilatlardan işə qəbul olunmuş şəxslərə verilən əmək haqqı;
- yeməkxanalarda, bufetlərdə, profilaktoriyalarda işçilərin yeməyinin dəyərinin artmasına görə kompensasiya, habelə məktəbəqədər uşaq müəssisələrində, sanatoriyalarda və sağlamlıq düşərgələrində yerləşən uşaqlara verilən kompensasiya;
- hökumət qərarları üzrə gəlirlərin indeksləşdirilməsi ölçülərindən artıq istehsala qiymətlərin yüksəlməsi ilə əlaqədar kompensasiya ödəmələri;
- ev qulluqçusunun əmək haqqı;
- çay pulu.
Sosial sığortaya ayırmalar - gələcəkdə muzdlu işçilərin sosial sığorta üzrə müavinətlər almalarını təmin etmək üçün müəssisələr (işlə təmin edənlər) tərəfindən dövlət və qeyri-dövlət sosial sığorta fondlarına köçürülən vəsaitdir.
İstehsal və idxala görə vergilər məhsula görə vergilərdən və istehsala görə digər vergilərdən ibarətdir.
Məhsula görə vergilər adətən bir ədəd əmtəəyə və ya xidmətə görə, yəni rezidentlər tərəfindən istehsal edilən, satılan və ya idxal edilən əmtəə və xidmətlərin miqdarına və ya dəyərinə mütənasib olaraq ödənilən vergiləri göstərir. Onlara daha geniş yayılmış aşağıdakı vergilər aid edilir:
- əlavə dəyər vergisi (ƏDV) və ƏDV tipli vergilər;
- aksizlər, satışa və satınalmaya görə vergilər, dövriyyədən vergilər və s.; - ayrı-ayrı xidmət növlərinə görə vergilər (nəqliyyat, rabitə xidmətlərinə görə vergilər, sığorta vergiləri, reklama, əyləncələrə, oyun və lotereyalara, idman tədbirlərinə görə vergilər və s.);
- dövlətin gəlirlərini artırmaq məqsədilə müəyyən növdən olan əmtəə və xidmətlərin istehsalına və yerləşdirilməsinə qanunla inhisar hüququ verilən dövlət müəssisələrinin mənfəəti (fiskal inhisarların mənfəəti);
- idxal və ixrac vergiləri, gömrük rüsumları.
İstehsal və idxala görə xalis vergilər istehsal və idxala subsidiyalar çıxılmaqla müəyyənləşdirilir.
İstehsal və idxala görə subsidiyalar müəssisələrin cari istehsal fəaliyyəti ilə əlaqədar olaraq dövlət tərəfindən verilən və qaytarılmayan cari ödəmələrdir. Əsas kapitalın yığımını maliyyələşdirmək üçün nəzərdə tutulmuş qaytarılmayan investisiya qoyuluşları buraya daxil edilmir və kapital transferlərə aid edilir. İstehsal və idxala subsidiyalar məhsula görə subsidiyalardan və istehsala görə digər subsidiyalardan ibarətdir.
Məhsula görə subsidiyalar - adətən, rezidentlər tərəfindən istehsal edilən, satılan və ya idxal edilən əmtəə və xidmətlərin miqdarına və ya dəyərinə mütənasib olaraq ödənən subsidiyalardır. Məsələn, müəssisələrin istehsal etdiyi məhsulun satış qiymətinin orta istehsal xərclərindən aşağı təyin edilməsi nəticəsində baş verən daimi zərərlərə görə dövlət büdcəsindən müntəzəm ödəmələr, ixrac və idxal subsidiyaları və s. bunlara aiddir.
İstehsala görə digər subsidiyalara istehsal amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq müəssisənin dövlətdən aldığı subsidiyalar daxildir və onların əsas növləri aşağıdakılardır:
- şəxslərin xüsusi kontingentinin (əlillərin, oxuyanların və s.) əməyindən istifadə ilə əlaqədar olaraq ödənilən subsidiyalar;
- digər istehsal amillərindən istifadə etməklə bağlı olan subsidiyalar (məsələn, müəyyən xammal, enerji və s. növlərindən istifadənin stimullaşdırılması üçün subsidiyalar);
- ətraf mühitin çirkləndirilməsini azaltmaq üçün subsidiyalar (məsələn, istehsal tullantılarının əlavə emalının dəyərinin ödənilməsi üçün subsidiyalar).
Əsas fondlar (əsas kapital) muxtar respublikanın milli sərvətinin mühüm hissəsini təşkil edir və binaları, qurğuları, ötürücü qurğuları, maşın və avadanlıqları, nəqliyyat vasitələrini, alətləri, çoxillik əkmələri, işlək və məhsuldar mal-qaranı və əsas fondların digər növlərini özündə birləşdirir.
Bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatların əsas fondları, habelə vətəndaşların mülkiyyətində olan əsas fondları, yəni yaşayış evləri, təsərrüfat tikililəri, çoxillik əkmələr, işlək və məhsuldar mal-qara, kənd təsərrüfatı texnikası əsas fondların tərkibində uçota alınır.
Əsas fondlar ilk balans və bərpa dəyəri (tam və qalıq) ilə uçota alınır. Balans dəyəri əsas fondların alındığı vaxtdakı qiymətlərlə alınması, quraşdırılması və istismara verilməsi dəyəridir. Bərpa dəyəri nəzərdən keçirilən vaxt bölümündə əsas fondların təkrar istehsal qiymətləri ilə dəyərini göstərir. Tam dəyər əsas fondların aşınmasının yığım kəmiyyəti çıxılmazdan əvvəl müəyyənləşdirilir. Qalıq dəyəri əsas fondların aşınmasının yığım kəmiyyətinin (ilin əvvəlinə və axırına olan vəziyyətə görə) tam dəyərdən çıxılması ilə müəyyənləşdirilir.
Əsas fondların orta illik balans dəyəri ilin əvvəlinə və axrına olan vəziyyətə görə əsas fondların mövcudluğu haqqında məlumatlarla müəyyənləşdirilir.
Amortizasiya (aşınma) çıxılmaqla əsas fondların mövcudluğu (bütövlükdə iqtisadi sahələr üzrə) tam balans dəyəri üzrə əsas fondların dəyərindən əsas fondların aşınması miqdarının çıxılması ilə müəyyənləşdirilir.
Əsas vəsaitlərin aşınması - əsas fondların tam bərpası üçün (renovasiyasına) amortizasiya ayırmalarının yığılmış məbləğidir. Əgər amortizasiya ayırmaları aparılmırsa, bu halda əsas vəsaitlərin aşınması əsas fondların oxşar növləri üçün amortizasiya normalarına istinad edilərək hesablama yolu ilə müəyyənəşdirilir.
Amortizasiya ayırmaları - əsas fondların tam bərpasına ayırmalardır. Onların məbləği, qanunvericiliyə uyğun olaraq əsas fondların fəal hissəsinin sürətləndirilmiş amortizasiyası da daxil edilməklə, əsas fondların balans dəyərinə və müəyyən olunmuş qaydada təsdiq edilən normalara əsaslanaraq müəyyənləşdirilir.
Fondla silahlanma və fond verimi. Əməyin fondla silahlanması müəssisələrdə və ya maddi istehsal sferasının sahələrində çalışan işçilərin əsas fondlarla təminatını səciyyələndirir. Onu hesablamaq üçün maddi istehsal sferasının və ya ayrı-ayrı sahələrin əsas fondlarının orta illik dəyərini (müqayisəli qiymətərlə) işçilərin orta illik siyahı sayına bölmək lazımdır.
Bütövlükdə, maddi istehsal sferası üzrə fond verimi xalis maddi məhsulun əsas istehsal fondlarının orta illik dəyərinə (müqayisəli qiymətlərlə) nisbəti ilə hesablanır.
Maddi istehsal sferasının sahələri üzrə fond verimi məhsulun (işlərin, xidmətlərin) həcminin əsas istehsal fondlarının orta illik dəyərinə (müqayisəli qiymətlərlə) nisbəti ilə hesablanır.
İnvestisiyalar iqtisadi aktivlərin (qəbul olunmuş maliyyə öhdəlikləri çıxılmaqla əldə edilmiş aktivlər) xalis əldə edilməsi kimi müəyyənləşdirilir.
İnvestisiyalar bina və tikintilərin əldə edilməsi, maşın və avadanlıqların və əsas fondların digər növlərnin alınması, maddi dövriyyə vasitələri ehtiyatlarının artırılması yolu ilə həyata keçirilə bilər. İnvestisiyalar, həmçinin müəssisə və təşkilatların mülkiyyətinin tam və ya qismən əldə edilməsi, müəssisələrin səhmlərinin və s. qiymətli kağızların, nizamnamə kapitalına haqların, hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, bank əmanətlərinin alınması, daşınmaz əmlakın və s. əldə edilməsi yolu ilə həyata keçirilə bilər.
İqtisadi aktivlərin növündən asılı olaraq, real aktivlərə və maliyyəyə qoyulan investisiyalar fərqlənirlər.
Real aktivlərə investisiyalar dedikdə, əsas kapitala (bina və tikililərə, maşın və avadanlıqlara, mal-qaraya, əkilmələrə, kəşfiyyat-qazma işlərinə, proqram təminatına, bədii əsərlərin orijinallarının alınmasına), maddi dövriyyə vasitələri ehtiyatlarının (istehsal ehtiyatları, bitməmiş istehsal, hazır məhsul, yenidən satılmaq üçün mallar) artırılmasına, qiymətlilərə, maddi qeyri-istehsal aktivlərinin (torpaq sahələri, yeraltı sərvətlər, təbiətdən istifadənin digər obyektləri) və qeyri-maddi qeyri-istehsal aktivlərinin (patentlər, icarəyə dair müqavilələr və s.) əldə edilməsinə qoyulmuş kapital başa düşülür.
Maliyyə investisiyasına maliyyə qoyuluşları aktivlərinə, xüsusilə də kredit qoyuluşlarına, səhmlərə, istiqraz vərəqələrinə və digər qiymətli kağızlara, sair maliyyə aktivlərinə qoyuluşlar aiddir. Maliyyə investisiyaları həm ümumi, həm də xalis əsasda, yəni maliyyə öhdəlikləri çıxıldıqdan əvvəl və sonra müəyyənləşdirilə bilər. Maliyyə investiyası qısamüddətli və uzunmüddətli formada olur. Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq, qısamüddətli investisiyalara bir ildən çox olmayan müddətdə fəaliyyətdə olan və öz növbəsində sərbəst satıla bilən investisiyalar daxildir. Digər maliyyə investisiyaları uzunmüddətli hesab olunur.
Real investisiyalar - qeyri-maliyyə aktivlərinin bütün növlərinin (istehsal və qeyri-istehsal aktivləri) əldə olunması məqsədilə vəsait qoyuluşlarını əks etdirir. İnvestisiya prosesinin təhlili göstərir ki, təşkilatın mühasibat hesabatlarında pul vəsaitlərinin hərəkəti cari (əməliyyat), investisiya və maliyyə fəaliyyəti bölmələri üzrə əks etdirilir.
Muxtar respublikanın iqtisadiyyatına investisiyalar həm rezidentlər, həm də qeyri-rezidentlər tərəfindən həyata keçirilə bilər. Rezidentlərin investisiyaları həm real, həm də maliyyə aktivlərinə qoyula bilər.
Xarici investisiyalar (muxtar respublika iqtisadiyyatına qeyri-rezidentlərin investisiyaları, həmçinin rezidentlərin “qalan dünya” ölkələrinin iqtisadiyyatına investisiyaları) yalnız maliyyə aktivlərinə qoyula bilər. Onlar aşağıdakılara bölünür:
- birbaşa investisiyalar;
- portfel investisiyaları;
- sair investisiyalar.
Birbaşa investisiyalar müəssisənin səhmlərinə və ya nizamnamə kapitalına digər qoyuluşlara nəzarət paketinin alınması yolu ilə müəssisənin idarə edilməsində həlledici səsin əldə edilməsi üçün həyata keçirilir.
Portfel investisiyalar müəssisənin səhmlərinə, investorun həlledici səsə malik olmadığı idarəetməyə, həmçinin digər qiymətli kağızlara qoyulması yolu ilə investisiya gəliri əldə etmək üçün həyata keçirilir.
Sair investisiyalara maliyyə aktivlərinin, əsas etibarı ilə depozitlərə və ssudalara vəsaitin qoyulması aid edilir.
Pay investisiya fondları – xüsusi investorların vəsaitlərinin cəlb edilməsi üzrə bank sektorlarının əsas rəqibləri hesab edilir. Onların fəaliyyəti fond bazarlarının inkişafına əhalinin rifah halının yaxşılaşdırılmasına və bank tərəfindən təqdim edilməsi mümkün olmayan iqtisadi müvəkillərə xidmət sektorunun genişləndirilməsinə imkan yaradır.
İnvestisiyadan gəlir - iqtisadi aktivlərə qoyulmuş vəsaitdən əldə olunmuş faydanı əks etdirir və bu zaman gəlirin növü investisiyalaşmanın həyata keçirildiyi iqtisadi aktivin forması ilə müəyyənləşdirilir.
“Qalan dünya” ölkələrinə rezidentlərin investisiyalarından gəlirləri aşağıdakı kimi bölünür:
1. Birbaşa investisiyadan gəlir
1.1. Reinvestisiyadan (təkrar investisiyadan) gəlir
1.2. Bölüşdürülmüş gəlir
2. Portfel investisiyasından gəlir
3. Sair investisiyalardan gəlir.
Reinvestisiyadan gəlir özündə dividentləri və müəssisələrin (korporasiyaların) sahibkarları tərəfindən götürülən gəlirləri birləşdirir.