Demoqrafiya statistika

Daimi əhalinin sayı siyahıyaalma zamanı müəyyənləşdirilir. Müvəqqəti olaraq başqa yerə gedənlər də daxil edilməklə, bu ərazidə daimi yaşayan şəxslər daimi əhali kateqoriyasına aid edilirlər. Siyahıyaalmanın yekunları daimi əhalinin say və keyfiyyət tərkibi, yəni cins-yaş strukturu, təhsil səviyyəsi, məşğulluğu və s. haqqında məlumat verir. Siyahıyaalmalararası olan illərdə daimi əhalinin ilin əvvəlinə olan vəziyyətə görə ümumi sayı və cins-yaş tərkibinin cari hesablamaları aparılır. Daimi əhalinin ümumi sayı, əhalinin illik artımı nəzərə alınmaqla, son siyahıyaalmanın məlumatlarına istinad edilərək hesablanır.
Daimi əhalinin orta illik sayı da hesablanır ki, bu da müvafiq ilin əvvəlinə və axırına olan əhalinin orta riyazi sayından ibarətdir.
Daimi əhalinin yaş tərkibinin cari hesablamaları siyahıyaalma və ya əvvəlki uçotaalma məlumatlarının (X) yaşdan (X+1) yaşa hərəkət etdirilməsi metodu ilə aparılır. Hesablamalarda doğulanların sayı, ölənlərin və miqrantların yaşlar üzrə sayı haqqında cari statistik məlumatlardan, habelə müvafiq ildə bu ərazidə edilən inzibati-ərazi dəyişiklikləri nəticəsində əhalinin sayının dəyişməsinin yaşlar üzrə bölünmüş kəmiyyətlərindən istifadə edilir.
Yaş tərkibinin cari hesablamaları hər yaş üzrə kişi və qadınların sayı haqqında informasiyanı əks etdirir. Bunun əsasında müxtəlif qruplaşma kombinasiyaları əldə edilə bilər. Məsələn, əmək qabiliyyəti yaşında olan əhali.
Əhalinin sayının ümumi artımı müvafiq ərazidə müəyyən vaxt ərzində əhalinin sayının kəmiyyət dəyişməsidir. Əhalinin sayının artması təbii artım (doğulanlarla ölənlərin sayı arasındakı fərq) və miqrasiya artımı (gələnlərlə gedənlərin sayı arasındakı fərq) hesabına baş verir. Əhali artımının ölçüsü inzibati amillərin təsirini də (sərhədlərin, ayrı-ayrı yaşayış məntəqələrinin statusunun dəyişməsi və s.) özündə əks etdirir. Məsələn, əgər müvafiq inzibati ərazidə kənd yaşayış məntəqəsi qəsəbəyə çevrilərsə, kənd əhalisinin sayı azalacaq, şəhər əhalisinin sayı isə eyni kəmiyyət qədər artacaqdır.
Əgər ölənlərin sayı doğulanların sayından, yaxud gedənlərin sayı gələnlərin sayından çox olarsa, əhalinin artımı əvəzinə onun azalması baş verər.
Əhalinin artımı (azalması) haqqında məlumatlardan siyahıyaalmalararası dövrdə əhalinin sayının müəyyən tarixə, bir qayda olaraq, yanvarın 1-nə olan vəziyyətə görə cari hesablamaları üçün istifadə edilir. Hesablamalarda istifadə edilən əhalinin artımı haqqında məlumatlar əhalinin təbii hərəkəti və miqrasiyası hadisələrinin tam uçota alınmaması faktlarının olması ilə əlaqədar olaraq hesabat məlumatları ilə müqayisədə bir qədər dəyişdirilə bilər.
Əhalinin sayına görə şəhər yaşayış yerlərinin qruplaşdırılması sakinlərin sayına və daimi yaşayan əhalinin ümumi sayına görə bölünmüş şəhərlərin və qəsəbələrin sayı haqqında məlumatları özündə birləşdirir. Təcrübədə şəhərlərin aşağıdakı qruplara bölünməsi qəbul edilmişdir: 3000 nəfərədək, 3001 nəfərdən 5000 nəfərədək, 5001 nəfərdən 10000 nəfərədək, 10001 nəfərdən 20000 nəfərədək, 20001 nəfərdən 50000 nəfərədək, 50001 nəfərdən 100000 nəfərədək və daha artıq əhalisi olan şəhərlər.
İnzibati-ərazi vahidi dövlətin qanunvericilik qaydası ilə təsdiq edilmiş inzibati-ərazi quruluşunun tərkib hissəsidir. Məsələn, dövlətin tərkibində şəhər, rayon (inzibati ərazi dairəsi, bəzi hallarda qəsəbə və kənd) ola bilər. Baş verən inzibati-ərazi dəyişiklikləri ilə əlaqədar olaraq inzibati-ərazi vahidinin bir formadan başqasına çevrilməsinin, sərhədlərin dəyişməsinin, şəhərlərin və qəsəbələrin yaranması və ləğv olunmasının, coğrafi adların dəyişdirilməsinin və s. cari uçotu aparılır. İnzibati-ərazi bölgüsünün dəyişdirilməsi haqqında qanunvericilik aktlarının sistemləşdirilməsi və işlənməsi əsasında müvafiq ərazilərin sahələrinin ölçüsü və əhalisinin sayı haqqında məlumatlar yenidən hesablanır.
Diri doğulanların sayı diri doğulmuş və Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alınmışların mütləq sayıdır.
Ölü doğulanların sayı ölü doğulmuş və Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alınmışların mütləq sayıdır. Ana bətnindən ayrıldıqdan sonra bir dəfə də olsa nəfəs almayan, hamiləlik müddəti 28 həftə və daha çox (yəni boyu 35 sm və daha uzun, çəkisi 1000 q və daha çox) olan uşağın ana orqanizmindən ayrılması və ya çıxarılması ölü doğuş hesab edilir.
Doğum hadisələri (diri və ölü doğuş) dövlətlərdə qəbul edilmiş diri və ölü doğuş meyarlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alınır. Doğum haqqında aktlar ilkin uçot sənədləri hesab edilir.
Statistik baxımdan onların təhlil edilməsi nəticəsində müəyyən vaxt ərzində müvafiq ərazidə doğulanların ümumi sayı (diri və ölü doğulanlar üzrə ayrı-ayrılıqda) haqqında məlumat əldə edilir. Bundan başqa, doğum haqqında aktlardakı qeydlərə görə doğumu səciyyələndirmək üçün bəzi amillər seçilir. Xüsusilə diri doğulanlar üçün onların cinsi, ananın yaşı, doğum sırası, doğulduğu ay, ananın ailə vəziyyəti, yaşayış yeri (kənd və ya şəhər) üzrə bölgüsü nəzərdə tutulmuşdur. Doğum səviyyəsini səciyyələndirmək üçün mütləq kəmiyyətlərlə yanaşı intensiv göstəricilər də tətbiq edilir. Doğumun ümumi əmsalından daha geniş istifadə edilir. Bu əmsal diri doğulanların ümumi sayının əhalinin ümumi orta illik sayına nisbəti ilə müəyyənləşdirilir və promillə ifadə edilir.
Ölənlərin sayı Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alınmış ölənlərin mütləq sayıdır.
Ölüm faktının qeydə alınması üçün əsas ölüm haqqında həkim şəhadətnaməsidir (və ya feldşer arayışıdır). İlkin uçot sənədi ölümün qeydə alınması aktıdır. Statistik baxımdan onların təhlil edilməsi nəticəsində ölənlərin ümumi sayı (şəhər və kənd yerlərinə bölünməklə) və bəzi amillər, xüsusilə, cins, eyni yaşlar, ölümün səbəbləri üzrə onların bölgüsü haqqında məlumat əldə edilir. Ölüm səviyyəsini səciyyələndirmək üçün mütləq məlumatlarla yanaşı nisbi göstəricilərdən də istifadə edilir. Ölümün ümumi əmsalından daha geniş surətdə istifadə edilir. Bu əmsal ölənlərin ümumi sayının əhalinin orta illik sayına nisbəti ilə müəyyənləşdirilir və promillə ifadə olunur.
Ömrünün birinci ilində uşaqların sağ qalmalarını səciyyələndirən körpə ölümü göstəricisi böyük əhəmiyyətə malikdir. Körpə ölümü əmsalı bu əmsalın hesablandığı ildə doğulanlardan 1 yaşınadək ölənlərin sayının həmin ildə diri doğulanların sayına olan nisbəti ilə əvvəlki ildə doğulanlardan 1 yaşadək ölənlərin sayının əvvəlki ildə diri doğulanların sayına olan nisbətinin cəmi kimi müəyyən edilir və promillə ifadə olunur.
Əhalinin təbii artımı doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqi göstərən mütləq kəmiyyətdir. Təbii artım həm müsbət kəmiyyət, həm də əgər ölənlərin sayı doğulanların sayından çox olarsa, mənfi kəmiyyət ola bilər. Əhalinin təbii artımını səciyyələndirmək üçün mütləq məlumatlarla yanaşı nisbi göstəricilərdən də istifadə edilir. Təbii artım əmsalı əhalinin təbii artımının mütləq kəmiyyətinin əhalinin müvafiq sayına nisbəti ilə hesablanır və promillə ifadə olunur.
Nikaha daxil olanların sayı Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alınmış nikahların mütləq sayıdır. Bağlanmış nikahların sayının cari uçotu siyahıyaalmalardan fərqli olaraq (burada nikahda olan şəxslərin sayı müəyyənləşdirilərkən həm hüquqi, həm də faktiki nikahlar nəzərə alınır) yalnız hüquqi şəkildə rəsmiləşdirilmiş nikahları qeydə alır.
Nikahın bağlanması haqqında ilkin uçot sənədi onun Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alınması aktıdır. Statistik baxımdan aktlar təhlil edilərkən müvafiq ərazidə qeydə alınmış nikahların ümumi sayı və onalrın ayrı-ayrı amilləri, xüsusilə yaşayış yeri, yaş, cins, ər-arvadın əvvəlki ailə vəziyyəti üzrə bölgüsü haqqında məlumat əldə edilir.
Qeydə alınmış boşanmaların sayı hüquqi qaydada qeydə alınmış boşanmaların (ər və arvad sağ ikən nikahın ləğv edilməsi hallarının) sayını əks etdirir.
Nikah məhkəmə qaydasında və ya Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində ya ərin, ya arvadın, ya da hər ikisinin ərizəsinə əsasən pozulur. Cari uçot yalnız hüquqi cəhətdən rəsmiləşdirilmiş boşanmaları əhatə edir, buna görə də boşanmaların sayı faktiki olaraq pozulmuş nikahların sayından azdır. Əhalinin siyahıyaalınmaları zamanı ailə vəziyyəti müəyyənləşdirilərkən həm hüquqi, həm də faktiki boşanmışlar uçota alınır.
İlkin uçot sənədi boşanmanın Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində qeydə alındığı aktdır. Onlar statistik baxımdan təhlil edilərkən qeydə alınmış boşanmaların ümumi sayı, habelə onların ayrı-ayrı amilləri, xüsusilə keçmiş ər və arvadın cinsi və yaşı, pozulmuş nikahların müddəti, ümumi uşaqların sayı və s. üzrə bölgüsü haqqında məlumat əldə edilir.
Gələnlərin sayı - gələnlərin, yəni müvafiq əraziyə onun sərhədlərindən kənarda yerləşən ərazilərdən gələn şəxslərin mütləq sayıdır. Bu göstərici müəyyən vaxt hüdudunda miqrasiyanın həcmini səciyyələndirən göstəricilərdən biridir. Əhali yaşayış yerində (gəldiyi yerdə) qeydiyyata alınarkən daxili işlər orqanları tərəfindən tərtib edilən gəlmənin statistik uçot talonlarının tədqiqi nəticəsində müəyyənləşdirilir.
Statistik talonlardakı məlumatların tədqiq edilməsi ərazi və bəzi sosial-demoqrafik əlamətlər (cins, yaş, milliyət, nikah, təhsil səviyyəsi və s.) üzrə qruplaşdırılan gələnlər haqqında məlumatlar əldə etməyə imkan verir.
Gedənlərin sayı - gedənlərin, yəni müvafiq ərazidən onun sərhədlərindən kənarda yerləşən əraziyə çıxıb gedən şəxslərin mütləq sayıdır. Bu göstərici müəyyən vaxt hüdudunda miqrasiyanın həcmini səciyyələndirən göstəricilərdən biridir. Əhali yaşayış yerində qeydiyyatdan çıxarılarkən daxili işlər orqanları tərəfindən tərtib edilən getmə statistik uçot talonlarının tədqiqi nəticəsində müəyyənləşdirilir.
Statistik talonlardakı məlumatların tədqiq edilməsi ərazi və bəzi sosial-demoqrafik əlamətlər (cins, yaş, milliyət, nikah, təhsilin səviyyəsi və s.) üzrə qruplaşdırılan gedənlər haqqında məlumatlar əldə etməyə imkan verir.
Əhalinin miqrasiya artımı (miqrasiyanın saldosu) müəyyən dövrdə bu əraziyə gələnlərin sayı ilə həmin ərazidən gedənlərin sayı arasındakı fərqdir. Miqrasiya artımı həm müsbət (gələnlərin sayı gedənlərin sayından çox olarsa), həm də mənfi (gələnlərin sayı gedənlərin sayından az olarsa) kəmiyyət ola bilər.