Əmək statistikası

Əmək statistikası bazar iqtisadiyyatına keçid dövründə əmək bazarını xarakterizə edən göstəriciləri özündə əks etdirir.
Beynəlxalq standartlara əsasən əmək statistikası aşağıdakı bölmələrə ayrılır:
- iqtisadi fəal əhali, məşğulluq və işsizlər statistikası;
- işçi qüvvəsinin hərəkəti və əmək şəraiti statistikası;
- iş vaxtından istifadə statistikası;
- əmək haqqı və işçi qüvvəsinə çəkilən xərclər;
- kadrların peşə hazırlığı;
- əmək miqrasiyası.
Əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali - Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır. Buraya işləməyən I və II qrup əlillər və işləməyən güzəştli şərtlərə görə təqaüd alanlar aid edilmir.
İqtisadi fəal əhali - bütün işləyənlərin və işsizlərin məcmusudur. İqtisadi fəal əhali məşğulluq növlərinə görə aşağıdakı kimidir: iqtisadiyyatda məşğul olanlar, din xadimləri, hərbi qulluqçular, işsizlər. Həm muzdla (işin daimi, müvəqqəti, mövsümi, təsadüfi və ya birdəfəlik olub-olmamasından asılı olmayaraq), həm də müstəqil iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar bura aid edilirlər. Belə olan tərzdə, dövlət müəssisə və təşkilatlarında, xüsusi və qarışıq mülkiyyətdə olan müəssisələrdə, kəndli təsərrüfatlarında işləyənlər, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, öz şəxsi təsərrüfatlarında çalışanlar və ayrı-ayrı şəxslərə xidmət edənlər məşğulların sayında nəzərə alınmalıdırlar.
Fəal əhali - statusu (məşğul və ya işsiz) daha uzun dövrə uyğun olaraq (məsələn, il ərzində) müəyyənləşdirilən şəxslərdir.
Baxılan dövr ərzində (müayinə həftəsində) iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə aşağıdakılar aid edilir:
- natura və ya pul şəklində haqqı ödənən işləri yerinə yetirən (heç olmazsa, həftədə bir saat) muzdlular, həmçinin öz fəaliyyəti ilə haqqının və gəlirlərinin ödənilmə müddətindən asılı olmayaraq, muzdsuz işləyən şəxslər;
- xəstəliyə və zədələnməyə, xəstələrə qulluğa, illik məzuniyyət və istirahət günləri, kompensasiya edilmiş məzuniyyət və otqullara, bayram (bazar) günlərində iş vaxtından artıq işlərin və ya işlərin ödənilməsinə, qanunla müəyyən olunmuş hamiləliyə, doğuşa, 1,5 yaşına qədər uşağa qulluğa, təhsil almağa, digər iş yerinə yenidən hazırlanmağa, təhsil məzuniyyətinə, tətillərə və digər əsaslı səbəblərə görə müvəqqəti olaraq işdə olmayanlar;
- ailə müəssisələrində haqqı ödənilməyən işləri yerinə yetirənlər.
Məşğulluq - Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.
Müvəqqəti məşğulluq - vətəndaşların müəyyən müddət ərzində ictimai səmərəli fəaliyyətidir.
Vakansiya - işəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeridir.
Özünüməşğulluq - əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir.
Məşğul şəxslərə aşağıdakılar aiddir:
- muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;
- sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;
- haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar;
- Naxçıvan Muxtar Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan muxtar respublika vətəndaşları.
Muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi (kontrakt, saziş) bağlamış bütün işçilərdir.
Muzdsuz işləyənlər - məşğul əhalinin bu qrupuna müstəqil əmək fəaliyyəti ilə məşğul olanlar (sahibkarlar, özü məşğul olanlar, istehsal kooperativinin üzvləri, ailə müəssisəsində əməyi ödənilməyən işçilər) aid edilirlər.
Dini xidmətlər qrupuna dinə xidmət edənlər (molla, keşiş, ravvin və s.) daxil edilirlər.
Hərbi qulluqçular həqiqi və müddətli hərbi xidmətdə olan şəxslərdir.
Əmək qabiliyyətli yaşında olan iqtisadi qeyri-fəal əhali - əhalinin işləmək istəməyən və iş axtarmayan yuxarı sinif şagirdləri, tələbələr, ev təsərrüfatlarının aparılması ilə məşğul olan şəxslər, xəstələrə xidmət göstərən şəxslər, işləməyə ehtiyacı olmayan şəxslərdir. Bunlar baxılan dövr ərzində iqtisadi fəaliyyətlə məşğul olmayan və ya işsiz sayılmayanlardır.
İşə düzəlmək üçün məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların sayı və tərkibi - iş yerlərində ixtisara düşəcəklərinin gözlənilməsi, bağladıqları əmək müqaviləsinin müddətinin qurtarması, yaxud əsas işindən sonra boş vaxtlarında işləmək arzularında olmaları ilə əlaqədar məşğulluq xidməti orqanlarına müraciət edənlərin ümumi sayını xarakterizə edir.
Məşğulluq xidmətinin qeydiyyatında olan əmək fəaliyyəti ilə məşğul olmayanlar - əmək fəaliyyəti ilə məşğul olmayan əhalinin sayından, işə düzəlmək məqsədilə məşğulluq xidməti orqanlarına müraciət etmiş və qeydiyyata alınmış əmək qabiliyyətli şəxslərdir.
Məşğulluq xidməti orqanlarında qeydə alınmış işsizlərin sayı və tərkibi - rəsmi işsizlik statusuna malik olanların (müəyyən olunmuş qaydada işsiz hesab edilənlər) sayını göstərir.
İşsizlər – ölkə qanunvericiliyi ilə müəyyən olunmuş yaş həddinə, 15 yaşa çatmış, baxılan dövrdə işi (gəlir gətirən məşğuliyyəti) olmayan, məşğulluq xidmətinin köməyi ilə, yaxud müstəsna olaraq iş axtaran və dərhal, ya da milli qanunvericiliklə müəyyən olunmuş dövr ərzində işə başlamağa hazır olan şəxslərdir. İşsizlərin tərkibi onların işdən çıxma (çıxarılma) səbəblərinə, təhsilinə, cinsinə, yaşına və digər əlamətlərinə görə quruluşunu səciyyələndirir.
İşsizliyin səviyyəsi işsizlərin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir.
İşsizliyə görə müavinət 16 yaşına çatmış, məşğulluq xidmətində qeydə alınaraq işsiz statusu almış vətəndaşlara verilir. İşsiz sayılanlardan təklif olunmuş işdən əsassız imtina edənlərə, yenidən qeydə alınma qaydalarına əməl etməyənlərə, aldatma yolu ilə müavinət alanlara və digər səbəblər üzündən müavinət almaq hüququnu itirmiş vətəndaşlara müavinət verilmir.
İşsizliyə görə müavinətin orta ölçüsü - işsizlər tərəfindən hesabat dövründə faktiki olaraq alınmış məbləğin cəminin həmin işsizlərin sayına bölünməsi yolu ilə müəyyən edilir.
İşsizliyin müddətinə görə işsizlərin bölüşdürülməsi - işsizliyin müddəti işsiz şəxsin iş axtardığı dövrün müddəti ilə müəyyən edilir.
Məşğulluq xidmətinin göndərişi ilə peşə hazırlığı keçmiş əmək fəaliyyəti ilə məşğul olmayan əhali - müxtəlif növ tədris müəssisələrində peşə hazırlığı keçmiş şəxslərin sayını göstərir.
Kvota – müvafiq icra hakimiyyəti orqanları tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.
Sosial müdafiəyə ehtiyacı olan qeyri-məşğul vətəndaşların işə düzəldilməsi və onlar üçün kvotalaşdırılmış iş yerləri - əlillər, yetkinlik yaşına çatmamış uşaqları və əlil uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, pensiyaqabağı yaşda olanlar və digərləri sosial müdafiəyə ehtiyacı olanlara aid edilirlər.
Müəssisələrin məşğulluq xidmətinə məlumat verilmiş işçilərə olan tələbatı - işçi qüvvəsinə olan tələbatı, yəni müəssisələrin məşğulluq xidmətinə məlumat verdiyi boş iş yerlərinin sayını müəyyən edir.
İşlə təmin edilmiş vətəndaşların sayı və tərkibi - məşğulluq xidmətinin vasitəçiliyi ilə işə düzəldilmiş şəxslərin sayına, cinsinə, yaşına və kateqoriyalarına görə müəyyən edilir.
İşçilərin hərəkəti - işə qəbul və işdən çıxma ilə əlaqədar olaraq müəssisə, idarə və təşkilatlarda baş vermiş dəyişikliklərdir. İşçilərin hərəkəti mütləq və nisbi göstəricilər sistemləri şəklində xarakterizə olunur. Mütləq göstəricilərə daxildir:
kadrların dövriyyəsi - işə qəbul olunan (siyahı sayına qəbul edilən) və işdən çıxanların məcmusudur;
işdən çıxma dövriliyi - əmrlə (sərəncamla) rəsmiləşdirilmiş, bu təşkilatı və müəssisəni tərk etmiş, həmçinin ölümlə əlaqədar işdən çıxmadır;
işə qəbul dövriyyəsi - hesabat ilində işə qəbul olunma əmrləri (sərəncamları) ilə işə qəbul edilən işçilərin sayıdır.
İşəgötürənin təqsiri olmadan qrup halında məzuniyyət verilmiş işçilər – müəssisədə xammal, material, yanacaq olmadıqda, məhsulun satışı ilə əlaqədar çətinliklər meydana çıxdıqda və digər hallarda işəgötürənin təşəbbüsü ilə əmək haqqı qismən saxlanılmaqla və ya saxlanmamaqla məzuniyyət verilmiş işçilərdir.
Qeyd. Əgər bir işçi işəgötürənin təşəbbüsü ilə hesabat dövründə bir neçə dəfə məzuniyyətdə olubsa, yaxud bir neçə dəfə tam olmayan iş vaxtına keçirilibsə, o, bir dəfə göstərilməlidir.
İşdən azad edilməsi nəzərdə tutulmuş işçilər - işin xarakterinin dəyişməsi, müəssisənin yenidən qurulması, ləğv edilməsi, ştatların ixtisara salınması və s. hallarla əlaqədar işdən azad edilməsi nəzərdə tutulan işçilərdir (həmin müəssisədə işlə təmin edilməsi nəzərdə tutulanlardan başqa).
İşçi qüvvəsinin hərəkəti - işə qəbul olunma və azad edilmə üzrə işçi qüvvəsinin dövriyyəsini səciyyələndirir.
Əlverişsiz əmək şəraitində işləyənlər - kimyəvi maddə və ya sənaye tozunun qatılıq dərəcəsinin müəyyən olunmuş sanitariya-gigiyena normalarından yuxarı olan, yaxud zərərli elementin müəyyən olunmuş normanın səviyyəsini keçən, heç olmasa bir zərərli istehsalat amili olan iş yerlərində çalışanlardır. Ağır fiziki əməklə məşğul olanlar, habelə əməyin təhlükəsizlik qaydaları sisteminin tələblərinə cavab verməyən, mexanizm və avadanlıqda işləyənlər də bu göstəriciyə daxil edilirlər.
Əlverişsiz əmək şəraitində işə görə güzəşt və kompensasiya alan işçilər - əlavə məzuniyyət alan, qısaldılmış iş günü üzrə işləyən, pulsuz müalicəvi-profilaktik yemək, süd və başqa ərzaq məhsulları, artırılmış tarif maaşları əsasında əmək haqqı, əlverişsiz əmək şəraitinə və əməyin gərginliyinə görə əlavə ödənişlər və güzəştli şərtlərlə dövlət pensiyası almaq hüququ verilən işçilərdir.
İşlənmiş adam-saatların sayı - müəssisələrin (təşkilatların) bütün işçiləri tərəfindən həm işin normal, həm də iş vaxtından artıq işlənmiş vaxt ərzində faktiki işlənmiş saatı əks etdirir. Növbədaxili dayanmaların adam-saatlarının sayı ümumi işlənmiş adam-saatların sayına daxil edilmir.
Tam olmayan iş vaxtına keçirilmiş işçilər - işçinin özündən asılı olmayaraq, iqtisadi səbəblərə görə tam olmayan (müəyyən edilmiş iş vaxtı ilə müqayisədə) iş günü, yaxud iş həftəsinə keçirilmiş işçilərdir.
Bura həmçinin əmək qanunvericiliyinə uyğun olaraq, işçinin öz yazılı xahişinə əsasən işəgötürən tərəfindən tam olmayan iş vaxtına keçirilənlər də daxil edilir. Tam olmayan iş vaxtının müddəti və onun qüvvədə olduğu vaxtın (ayın, ilin) davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.
Əmək haqqı xərcləri (pul və natura formasında) mənzil xərcləri; işçilərin sosial təminatı xərcləri; peşə hazırlığı xərcləri; mədəni-maarif, sağlamlıq və s. tədbirlərə çəkilən xərclər; əməyin dəyəri kimi qiymətləndirilən vergilər və s. işəgötürənin işçi qüvvəsinin saxlanmasına çəkdiyi xərclərdır.
Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmuyudur.
Əmək haqqı fonduna pul və ya natura şəklində hesablanmış (maliyyələşdirmə mənbəyindən asılı olmayaraq) bütün qazanc növləri (habelə müxtəlif mükafatlar, əlavələr, artırmalar və s.) və işçilərə verilən pul məbləğləri daxildir.
Sosial xüsusiyyətli ödəmələrə işçilərə istirahət etmək, gediş və işə düzəlmə üçün verilmiş kompensasiyalar və sosial güzəştlər, müəssisələrin işçilərinə verilmiş ssudaların əvəzinin ödənilməsinə çəkilən xərclər, mənzil tikmək və ya almaq üçün işçilərə verilmiş məbləğ daxildir.
Müəssisənin işçilərinin mənzil xərcləri - mənzillərin tikintisi, alınması, mənzil şəraitinin yaxşılaşdırılması üçün verilmiş xərclər; bu məqsəd üçün verilmiş ssudaların qaytarılmasına çəkilən xərclər; müəssisənin balansında olan mənzil fondlarının saxlanmasına sərf olunan cari xərclərdən ibarətdir.
Mədəni-maarif xidmətlərinə, sağlamlaşdırma tədbirlərinin və digər tədbirlərin keçirilməsinə çəkilən xərclərə müəssisənin balansında olan, yaxud onlar tərəfindən payçı iştirakçı qaydasında maliyyələşdirilən yeməkxanaların, kitabxanaların, klubların, tibb məntəqələrinin, məktəbəqədər müəssisələrin və istirahət evlərinin saxlanması üzrə xərclər; mədəni-kütləvi, idman və digər tədbirlərin keçirilməsi üçün yerin icarə haqqı və digər oxşar xərclər aiddir.
Kadrların hazırlığı və yenidən hazırlanmasına çəkilən xərclərə müəssisənin balansında olan (hazırlanan işçilərin və müəllimlərin əmək haqqına çəkilən xərclərdən başqa) tədris binalarının və otaqlarının saxlanması üzrə cari xərclər, tədris müəssisələrində işçilərin hazırlanmasına görə xərclər, müəssisələr tərəfindən tədris müəssisəsinə oxumağa göndərilən tələbələrə verilən təqaüdlər, kadrların hazırlanması və yenidən hazırlanması üzrə digər xərclər aiddir.
Dövlət sosial sığorta fonduna ödəmələr - müəssisələrin xəstəliklə, əlilliklə, işsizliklə, pensiyaya çıxma və s. ilə bağlı öz işçilərinə maddi yardım etmək və müxtəlif sosial proqramları həyata keçirməklə əlaqədar əmək haqqı fonduna etdikləri əlavələrdir. Bunlara sosial sığorta, pensiya təminatı, tibbi sığorta, məşğulluq fondlarına ayırmalar aiddir.
Əmək haqqından gəlir vergisi - işçilərin faktiki əmək haqqı xərcləri, onların normallaşdırılmış səviyyəsi ilə müqayisəsindən artıq məbləğindən tutulan vergiləri; xarici işçi qüvvəsinin cəlb olunmasına görə haqq və mövcud normativ aktlara uyğun işçi qüvvəsindən istifadə ilə bağlı digər ödəmələri əks etdirir. Göstərilən vergiləri imtiyazları çıxmaqla daxil etmək lazımdır.
Əmək haqqı borcları - faktiki olaraq işçilər üçün hesablanmış, lakin kollektiv müqavilə üzrə nəzərdə tutulmuş vaxtda ödənilməmiş məbləğdir.
Orta aylıq nominal (pulla ödənən) əmək haqqı - əmək haqqı fondunu muzdlu işçilərin sayına bölməklə təyin edilir. Nominal əmək haqqı iş saatına, gününə, həftəsinə və s. görə ödənilən pulun miqdarıdır.
Minimum əmək haqqı - bütün əhali üçün dövlət tərəfindən qəbul edilmiş minimum əmək haqqıdır və buna istehlak qiymətləri indeksinin artması ilə əlaqədar il ərzində mütəmadi olaraq yenidən baxılır. Milli valyuta ilə göstərilir.
Orta əmək haqqının və digər orta kəmiyyətlərin hesablanması üçün qəbul edilən işçilərin sayı orta əmək haqqının və bir sıra digər kəmiyyətlərin (məsələn, əmək məhsuldarlığının) hesablanması üçün tətbiq edilir. İşçilərin siyahı sayına uyğun olaraq, hesabat dövrü üzrə orta kəmiyyət hesablanır. Bununla yanaşı, hesabat dövründə əmək haqqı almayan (hamiləliyə, doğuşa və uşağa qulluğa görə məzuniyyətdə olan qadınlar; məhsul yığımı üçün ezamiyyətə göndərilmiş işçilər; rəhbərliyin təşəbbüsü ilə əmək haqqı saxlanılmadan məzuniyyətdə olanlar və s.) bir sıra kateqoriya işçilər ondan çıxarılırlar, tam iş vaxtı işləməyənlər isə işlənmiş vaxta mütənasib olaraq daxil edilirlər.
Hesabat dövründə işçilərin siyahı sayı - siyahı tərkibinə bir gün və daha çox müddətə daimi, mövsümi, müvəqqəti işə qəbul edilmiş bütün işçilər daxil edilirlər. İşçilərin siyahı tərkibində həm faktiki işləyənlər, həm də hər hansı səbəbdən işdə olmayanlar uçota alınırlar. Göstərici hesabat dövründə artan kəmiyyət kimi verilir.
İşçilərin sayının hesablanmış əmək haqqının ölçülərinə görə bölgüsü - işləyənlərin əmək haqqına görə bölgüsünü səciyyələndirən interval sırasıdır. Bölgüyə yalnız siyahı tərkibində olan, tam bir ay işləmiş, həmçinin işə gəlməmiş, lakin hesabat ayının bütün günləri üçün əmək haqqı hesablanmış işçilər daxil edilirlər. Hesabat ayında işə qəbul edilmiş və ya işdən azad olunmuş işçilər, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi olanlar, səbəbsiz işə çıxmayanlar, bütün günü boş dayanmaları olanlar və s. nəzərə alınmırlar.
Bölgü zamanı faktiki ödənib-ödənilməməsindən asılı olmayaraq, hesabat ayında işçi üçün hesablanmış bütün ödənişlər nəzərə alınır. Hesablanmış əmək haqqından vergilərin çıxılması və s. istisna deyildir. İlin yekunlarına görə, iş stajına görə verilən mükafatlar və s. illik əmək haqqına daxil edilmir. Rüblük mükafatların üçdə biri hesablanaraq işçinin əmək haqqına daxil edilir.
Əmək haqqı fondu intervalın aşağı həddi üzrə hesablanmış əmək haqqı fondundan az və intervalın yuxarı həddi üzrə hesablanmış əmək haqqı fondundan çox ola bilməz.
Kadrların peşə hazırlığı səviyyəsinə həm birbaşa müəssisələrdə və təşkilatlarda müəssisənin vəsaiti hesabına öz bazasında və ya digər müəssisələrin (idarələrin, təşkilatların) bazalarında, həm də məşğulluq xidmətinin göndərişi ilə oxuyanlar da daxil edilməklə, peşə təhsilli (peşə məktəbləri və litseylərdə) tədris müəssisələrində fəhlə və qulluqçu ixtisası (peşəsi) almış şəxslərin sayı haqqında məlumatlar aiddir.
Əmək fəaliyyəti ilə məşğul olmayan vətəndaş peşə hazırlığına göndərilmişdir - hesabat dövründə məşğulluq xidməti tərəfindən peşə öyrənmək və ya yenidən hazırlanmaq üçün müxtəlif tipli tədris müəssisələrinə göndərilən əmək fəaliyyəti ilə məşğul olmayan vətəndaşların sayıdır.
“Peşə hazırlığı keçənlər” - yalnız hesabat dövründə göndərilənləri deyil, hesabat dövrünün axırında məşğulluq xidmətlərinin göndərişləri ilə oxuyan bütün işsiz və işaxtaranlardır. Məşğulluq xidmətinin göndərişi ilə peşə hazırlığını qurtarmış şəxslərin sayına peşə almaq və ya yenidən hazırlıq keçmək məqsədilə məşğulluq xidmətinin göndərişi ilə hesabat ilində peşə hazırlığını başa vuran işsiz və işaxtaran vətəndaşların sayı daxil edilir.
Qaçqınların və məcburi köçkünlərin sayı və sosial-demoqrafik tərkibi - zorakılıq, təqib olunma, irqinə, yaxud milliyətinə, dininə, dilinə, həmçinin müəyyən sosial qrupa, mənsubiyyətinə və siyasi əqidəsinə görə zorakılığa, təqiblərə məruz qalma təhlükəsi ilə qarşılaşdığına görə daimi yaşayış yerini tərk etmiş (yaxud tərk etmək niyyətində olan) şəxslər qaçqınlara və daimi köçkünlərə aid edilirlər.