Səhiyyə və sosial təminat statistikası

Xəstələnmə bütün xəstəliklərin birlikdə və hər birinin ayrılıqda bütün əhali və onun yaşa, cinsə, peşəyə və s. görə qrupları üzrə yayılma dərəcəsini və səviyyəsini səciyyələndirir.
Müalicə-profilaktika müəssisələrinin qeydiyyatında olan xəstələrin sayı ilin axırına xəstəlik göstəricisini səciyyələndirir. Həm cari ildə, həm də əvvəlki illərdə ambulator-poliklinika müəssisələrinə müraciət etmiş (xəstələrin kontingenti) həmin xəstəliyə tutulmuş bütün xəstələrin məcmusu həmin anlayışa daxil edilir. Xəstəlik göstəricisi xəstəliyin yayılmasını səciyyələndirir və hesabat ilinin axırına tibb müəssisələrinin uçotunda olan həmin xəstəliyə tutulanların sayının cəminin əhalinin sayına nisbəti ilə müəyyən olunur. Alınan nəticə 10000-ə vurulur.
Tibb kadrlarının sayında həm ümumi sayına, həm də ixtisaslara görə bütün həkimlər və orta tibb heyəti uçota alınırlar. Müalicə, sanitariya təşkilatlarında, sosial təminat idarələrində, elmi tədqiqat institutlarında, kadr hazırlığı ilə məşğul olan idarələrdə, səhiyyə orqanları aparatında və s. işləyən bütün ali tibb təhsilli həkimlər onların ümumi sayına daxil edilirlər. Həm ali təhsilli həkim stomatoloqlar, həm də orta ixtisas təhsilli diş həkimləri bu göstəricidə nəzərə alınırlar. Həkimlərin sayına onların tutduqları vəzifə deyil, fiziki şəxslərin sayı daxil edilir. Əhalinin həkim yardımı ilə təminatını müəyyən etmək üçün ilin axırına əhalinin sayına görə “Hər 10000 nəfərə düşən həkimlərin sayı” və ya “Bir həkimə düşən əhalinin sayı” göstəricisi hesablanır.
Orta tibb heyətinin ümumi sayına müalicə və sanitariya təşkilatlarında, sosial təminat idarələrində, məktəbəqədər müəssisələrdə, məktəblərdə, uşaq evlərində və s. işləyən bütün orta tibb təhsilli (diş həkimlərindən başqa) şəxslər daxil edilirlər. Əhalinin orta tibb heyəti ilə təminatı həkimlərlə təminatın hesablandığı üsulla müəyyən olunur.
Tibb müəssisələri şəbəkəsi xəstəxanaların, dispanserlərin, ambulatoriya-poliklinika, təcili və təxirəsalınmaz tibbi yardım, ana və uşaqların mühafizəsi, sanatoriya-kurort müəssisələrinin daxil olduğu müalicə-profilaktika müəssisələrini əhatə edir.
Xəstəxana müəssisələrində, xəstələrin olub-olmamasından asılı olmayaraq, lazımi avadanlıqla təchiz olunmuş və xəstə qəbul etməyə hazır olan çarpayıların sayı uçota alınır. Əhalinin xəstəxana yardımı ilə (xəstəxana çarpayıları ilə) təminatını müəyyən etmək üçün ilin sonuna əhalinin sayına görə “Əhalinin hər 10000 nəfərinə düşən xəstəxana çarpayılarının sayı” göstəricisi hesablanır.
Ambulator qəbulu aparan bütün tibb müəssisələri (poliklinikalar, ambulatoriyalar, dispanserlər, xəstəxanaların poliklinika şöbələri, həkim tibb məntəqələri və s.) əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən müəssisələrin sayına daxil edilir.
Ambulatoriya-poliklinika müəssisələrinin gücü növbə ərzində gələnlərin sayı ilə müəyyən edilir və “Əhalinin hər 10000 nəfərinə ambulatoriya-poliklinika müəssisələrinin gücü” göstəricisi ilə səciyyələndirilir.
Xəstəxana çarpayılarının sayı – xəstələrlə tutulduğundan və ya müvəqqəti olaraq boş olmasından asılı olmayaraq, zəruri alətlərlə təmin olunmuş və xəstələri qəbul etməyə hazır olan xəstəxana tipli müəssisələrdə faktiki yerləşdirilmiş çarpayıların sayıdır.
Çarpayı-günlərin sayı – xəstələrin xəstəxanalarda keçirdiyi günlərin sayıdır.
Xəstəxanalara yerləşmələrin sayı - il ərzində xəstəxanalara yerləşdirilənlərin sayıdır.
Xəstəxana çarpayılarının orta tutulması (məşğullu) – xəstəxana çarpayılarının tutulmuş olduğu günlərin orta sayını göstərir. Bu göstərici xəstəxanalarda keçirilmiş çarpayı-günlərin sayının xəstəxanalarda yerləşdirilmiş faktiki çarpayıların orta illik sayına bölünməsi yolu ilə hesablanır.
Əlillik - xəstəliklər, zədə fəsadları və fiziki qüsurlar nəticəsində orqanizmin funksiyalarının pozulması ilə əlaqədar olaraq, insanın həyat fəaliyyətini məhdudlaşdıran və onu sosial müdafiəsini zəruri edən səhhət pozulmasıdır.
İlkin əlillik - əlilliyin ilk dəfə hesabat ilində təyin edilməsidir. Əlillərin ümumi sayına əhalinin sosial müdafiəsi orqanlarında qeydiyyatda olub pensiya və müavinətlər alan əlillər, eləcə də sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar daxildir.
Pensiyaçılar - Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş şərtlər daxilində hesabat ilinin əvvəlinə yaşa, əlilliyə və ya ailə başçısının itirilməsinə görə hər ay pul vəsaiti şəklində maddi təminat alan şəxslərdir.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği - təyin olunmuş aylıq pensiyaların ümumi məbləğini sosial müdafiə orqanlarında qeydiyyatda olan pensiyaçıların sayına bölməklə müəyyən edilir.
Yaşa və əlilliyə görə əmək pensiyası - baza, sığorta və yığım hissəsindən, ailə başçısını itirməsinə görə əmək pensiyası isə baza və sığorta hissəsindən ibarətdir.
Sosial müavinətlər - Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalardan olan şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Aztəminatlı ailə - orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarı məcmusundan aşağı olan ailədir.
Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.