Elm, təhsil və mədəniyyət statistikası

Elmi tədqiqat və işləmələr - elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarışı məqsədi ilə mütəmadi olaraq həyata keçirilən elmi fəaliyyətdir.
Elmi tədqiqat və işləmələrə aşağıdakı fəaliyyət növləri daxil edilir:
Fundamental tədqiqatlar - biliklərdən istifadə edilməsi ilə əlaqədar olaraq heç bir konkret məqsəd daşımayan yeni biliklərin əldə edilməsinə yönəldilmiş eksperimental və ya nəzəri tədqiqatlardır. Onların nəticələri fərziyyələrdən, nəzəriyyələrdən, metodlardan və s. ibarətdir. Fundamental tədqiqatlar əldə edilmiş elmi nəticələrdən praktikada istifadə edilməsi imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatların keçirilməsi haqqında tövsiyələr, elmi nəşrlər və s. ilə başa çata bilər.
Tətbiqi tədqiqatlar - konkret praktiki məsələlərin həll edilməsi məqsədi ilə yeni biliklərin əldə edilməsinə yönəlmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların nəticələrindən istifadə edilməsinin mümkün yollarını, əvvəllər formalaşdırılmış problemlərin həlli üçün yeni metodlar müəyyənləşdirir.
İşləmələr - tədqiqatlar və ya praktiki sınaqlar nəticəsində əldə edilmiş mövcud biliklərə əsaslanmış və yeni materialların, məhsulların, proseslərin, qurğuların və s. yaradılmasına yönəldilmiş mütəmadi işlər aid edilir. Bu işlər mövcud obyektlərin təkmilləşdirilməsi məqsədini daşıya bilər. İşləmələrə konstruktor işləri, layihə işləri və texnoloji işlər aid edilir.
Konstruktor işləri mühəndis obyektinin və ya texniki sistemin müəyyən konstruksiyasının işlənməsi; layihə işləri obyektin çertyoj və ya digər işarələr sistemi səviyyəsində ideya və variantlarının işlənməsi; texnoloji işlər texnoloji proseslərin, yəni müəyyən faydalı nəticə istehsal edən vahid sistemdə fiziki, kimyəvi, texnoloji və digər proseslərin əmək prosesləri ilə birləşdirilməsi üsullarının işlənməsi deməkdir.
Elmi-texniki xidmətlər - elmi-texniki informasiya, patentlər, lisenziyalar, standartlaşdırma, metrologiya və keyfiyyətin yoxlanması sahəsində göstərilən fəaliyyət, elmi-texniki məsləhət, eləcə də biliklərin yayılması və tətbiq edilməsi üzrə digər fəaliyyət növləridir.
Elmi tədqiqat və işləmələri yerinə yetirən işçilər: mütəxəssis–tədqiqatçılar - elmi tədqiqat və işləmələrlə peşəkarcasına məşğul olan və bilavasitə yeni bilikləri, məhsulları, prosesləri, metodları və sistemləri yaradan, eləcə də göstərilən fəaliyyət növlərini idarə edən mütəxəssislər, texniklər - bir qayda olaraq tədqiqatçıların rəhbərliyi altında texniki vəzifələri - elmi cihazların, laboratoriya avadanlığının, hesablama texnikasının istismarı və onlara xidmət göstərilməsi, materialların, çertyojların hazırlanması, eksperimentlərin, sınaqların və təhlillərin aparılması və s. yerinə yetirən mütəxəssislər, köməkçi heyət - elmi-texniki işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olan yardımçı vəzifələr yerinə yetirən işçilər, sair işçilər - təşkilatın fəaliyyəti ilə əlaqədar olan ümumi xarakterli vəzifələri yerinə yetirən işçilərdir.
Aspirantların sayına aspiranturaya qəbul olunan, orada oxuyan, aspiranturanı bitirən bütün aspirantlar, həmçinin təcrübə keçən assistentlər və müəllimlər daxil edilir.
Elmlər namizədi elmi dərəcəsini almaq istəyənlərin sayına namizədlik dissertasiyasının hazırlanması üzərində müstəqil (aspirantura hazırlığı keçmədən) işləyən şəxslər daxil edilir.
Doktorantura - yüksək ixtisaslı kadrlar hazırlayan müəssisədir. Doktorantların sayına istehsalatdan ayrılmaqla doktoranturaya qəbul olan, orada oxuyan, doktoranturanı bitirən bütün doktorantlar aiddir.
Təhsil müəssisələrinin sayı - ümumtəhsil, orta ixtisas məktəblərinin və ali təhsil müəssisələrinin ümumi sayını əhatə edir.
Ümumtəhsil məktəbləri uşaq və gənclərə təhsil verən, onların hərtərəfli inkişafını və estetik tərbiyəsini həyata keçirən müəssisələrdir.
Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər) - orta ixtisas təhsilli mütəxəssislər hazırlamaqla məşğul olur. Sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, iqtisad və s. texnikumları; tibb, pedaqoji, teatr, musiqi, xoreoqrafiya və mədəni-maarif məktəbləri onlara aid edilir. Orta ixtisas məktəblərində mütəxəssis hazırlığı istehsalatdan ayrılmaqla və ayrılmamaqla əsas məktəb (əsas şöbələr) və orta məktəb bazaları (tezləşdirilmiş hazırlıq qrupları) əsasında həyata keçirilir. Orta ixtisas məktəblərinin tərkibinə şöbələr, filiallar, tədris məsləhət məntəqələri daxildir. Orta ixtisas məktəbləri tədris formasına (əyani, axşam, qiyabi) və təhsil müəssisəsinin sahə qruplarına görə bölünür.
Ali məktəblər - müasir istehsalın, elmin, texnikanın və mədəniyyətin, iqtisadiyyatın inkişaf perspektivlərinin tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən və elmi-tədqiqat işləri aparan müəssisələrdir. Dövlət və qeyri-dövlət universitetləri, tədris institutları, konservatoriyaları, təhsil akademiyaları, ali peşə məktəbləri ali məktəblərə aid edilir. Filiallar, fakültələr, şöbələr, kafedralar, tədris-məsləhət məntəqələri, hazırlıq şöbələri, laboratoriyalar, kitabxanalar, klinikalar, tədris-təcrübə və eksperimental təsərrüfatlar, təcrübə zavodları, tədris-istehsalat emalatxanaları, hesablama mərkəzləri, nəşriyyatlar, mətbəələr, mədəni məişət təyinatlı müəssisələr və s. ali məktəblərin tərkibinə daxil edilir.
Ali məktəblər təhsil formalarına görə istehsalatdan ayrılmaqla - əyani təhsil; istehsalatdan ayrılmamaqla - axşam və qiyabi təhsil; təhsil müəssisəsinin sahə qruplarına görə isə dövlət və qeyri-dövlət ali məktəbləri ola bilər.
Təhsil müəssisələrində oxuyanların (tələbələrin) sayı - ali təhsil müəssisələrində, ümumtəhsil və orta ixtisas məktəblərində oxuyanların və tədris ilinin əvvəlinə adları siyahıda olanların sayıdır.
Tədris müəssisələrində oxuyan şagirdlərin (tələbələrin) qəbulu və buraxılışı:
Təhsil müəssisələrinə qəbul - həmin tədris ilində oxumağa qəbul olunmuş şəxslərin sayını ifadə edən göstəricidir. İkinci ilə qalanlar və əvvəl oxuyanlardan geri qayıdanlar qəbul olunanların sayına daxil edilmirlər.
Təhsil müəssisələrinin buraxılışı - tədris müəssisələrində təhsil kursunu tam bitirmiş və müvafiq təhsil (ixtisas) almış şəxslərin sayıdır. Orta ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə, habelə qısaldılmış təhsil müddəti ilə texniki-ixtisas və orta təhsil haqqında attestat alırlar. Orta ixtisas məktəblərini (texnikumları, kollecləri) və ali məktəbləri bitirən şəxslərə aldıqları sənətə müvafiq olaraq ixtisas dərəcəsi, diplom və qəbul olunmuş nümunə üzrə döş nişanı verilir.
Müəllimlərin sayı - şagirdlərin və tələbələrin təhsili və tərbiyəsi ilə məşğul olan orta və ali təhsilli, yaxud xüsusi hazırlıqlı şəxslərin sayıdır. Pedaqoji kadrların sayına tutulmuş pedaqoji vəzifələr deyil, fiziki şəxslər aid edilir. Onlara aşağıdakı kateqoriyalar daxildir: məktəb direktorları, direktor müavinləri (dərs deyib-deməmələrindən asılı olmayaraq), müəllimlər, məktəb emalatxanalarının ustaları, tərbiyəçilər, professorlar, dosentlər, assistentlər, baş müəllimlər, mühazirəçilər, kafedra və laboratoriya müdirləri və s. habelə əsas iş yeri başqa təşkilat (müəssisə) olan pedaqoji kadrlar. Məşğul olanların ümumi sayından əsas iş yeri təhsil müəssisəsi olan pedaqoji kadrlar ayrılır.
Daimi məktəbəqədər müəssisələrə gedən uşaqların sayı - məktəbəqədər müəssisələrin siyahısında olaraq, məktəbəqədər yaşında olan, habelə bu müəssisələrdə birinci sinif proqramı ilə təhsil alanların ilin axırına sayını ifadə edir.
İlin sonuna məktəbəqədər müəssisələrin sayı - məktəb yaşına çatmamış uşaqların tərbiyəsi ilə məşğul olan daimi müəssisələrin sayıdır. Daimi məktəbəqədər müəssisələrə aiddir: ildə 10 aydan az olmayaraq işləyən körpələr evi (3 yaşına qədər olan uşaqlar üçün), körpələr evi-bağçalar (bütün yaşdan olan uşaqlar üçün) və uşaq bağçaları (3 yaş və yuxarı yaşda olan uşaqlar üçün).
Məktəbəqədər müəssisələrdə yerlərin sayı – tipik binalarda (tipik layihə üzrə), uyğunlaşdırılmış binalarda yerlərin sayıdır. Yerlərin sayı qrup özəyinin sahəsinin bir nəfərə düşən normativ sahəyə bölünməsi yolu ilə müəyyənləşdirilir.
Təqaüdlər - təhsildə qazanılan müvəffəqiyyətlərə və oxuyanın maddi vəziyyəti nəzərə alınaraq dövlət (yerli) büdcəsinin vəsaiti hesabına ali və orta ixtisas təhsil məktəblərinin tələbə və şagirdlərinə, habelə aspirantlara hər ay verilən pul müavinətidir.
Mədəniyyət və incəsənət təşkilatlarının sayı fəaliyyətin müxtəlif istiqamətlərində rəsmi qeydiyyatdan keçmiş mədəniyyət və incəsənət təşkilatlarıdır.
Kütləvi kitabxanalar universal kitabxana fonduna malik olan və əhalinin ədəbiyyata kütləvi tələbatını ödəyən kitabxanalardır. Kitabxanaların kitab fondu oxucuların ümumi sərəncamına təqdim olunan və müəyyən qaydada sistemləşdirilmiş nəşr əsərlərinin məcmusudur.
Kitab verilməsi bir kitabın (kitabçanın) evdə və ya oxucu zalında mütaliə edilməsi üçün oxucuya verilməsidir. Oxucu kitabxananın xidmətindən istifadə edən və kitabxanadan kənarda istifadə etmək üçün kitab götürmək məqsədilə kitabxanaya yazılan şəxsdir.
Kitabxana oxucularının uçotu abonoment qeydlərinə və ya oxucuların formulyar siyahısına əsasən aparılır. İl ərzində fərdi abonoment üzrə kitab alan oxucuların ümumi sayı il ərzində sonuncu formulyarın sıra nömrəsi ilə müəyyən olunur. Kitabxananın oxucularının hərəkətinin uçotu kitabxananın iş gündəliyindəki qeydlərə əsasən aparılır: ayın əvvəlində qeydiyyatda idi, ay ərzində yazılmışdır, ayın axırına qeydiyyatdadır.
Kitabların oxunaqlığı – oxucuların kitabxana fondundan istifadə etməsi dərəcəsini göstərir. İl ərzində verilən kitabların sayının kitablardan istifadə edən oxucuların sayına bölünməsi yolu ilə hesablanır.
Kitabların tədavülü - kitab fondundan istifadə olunması intensivliyinin göstəricisidir. İllik hesabatların məlumatları əsasında kitab verilmələrinin sayının kitabxanadakı kitabların sayına nisbəti ilə müəyyən edilir.
Kino seansı - janrı nəzərə almadan tamaşaçılara müəyyən film proqramının (bir və ya bir neçə) bir dəfə nümayiş etdirilməsidir.
Muzeylər – əhali arasında kütləvi elmi-maarifçilik işləri aparan tarixi, maddi və mənəvi mədəniyyət abidələrinin komplektləşdirilməsini, saxlanılmasını, öyrənilməsini və geniş yayılmasını həyata keçirən elmi-maarifçilik müəssisələridir.
Tarix və mədəniyyət abidələri - xalqın həyatındakı tarixi hadisələrə, dövlətin inkişafı ilə bağlı, tarixi, elmi, bədii və ya mədəni dəyərlərə malik qurğular, tarixi yerlər və əşyalar daxildir. Arxeologiya, şəhərsalma və arxitektura, tarix, incəsənət və s. abidələr tarix və mədəniyyət abidələrinə aid edilir.
Mədəniyyət və incəsənət müəssisələrinin tutumu (yerləri) özündə bu müəssisələrin tamaşaçı və mühazirə salonlarında bütün oturaq yerlərin (o cümlədən xidməti) sayını birləşdirir.
Kinoteatrlar – zalda, bu məqsədlər üçün yararlı olan binada quraşdırılmış və kinoaparatların sayından asılı olmayaraq, oturacaq yerlərinə və kinofilmlərin nümayişi üçün avadanlığa malik olan kompleksdir.
Teatrlar – (teatr-studiyalar) peşəkar truppaya malik olan və sərbəst balansda olan teatr sənəti üzrə yaradıcılıq kollektivləridir. Onlara opera və balet, musiqili komediya (operetta), dram, musiqili-dram, gənc tamaşaçılar və kukla teatrları aid edilir.
Konsert təşkilatları – sərbəst balansda konsert zalları, filarmoniyaları, eləcə də müstəqil yaradıcılıq, musiqi kollektivləri (orkestrlər, xorlar, rəqs ansamblları və s.) olan və konsert fəaliyyətini təşkil edən müəssisələrdir.
Mədəniyyət və incəsənət müəssisələrinə gələnlərin sayı – teatr tamaşalarında, konsertlərdə və digər tamaşalarda tamaşaçıların sayını əks etdirən göstəricidir və satılmış biletlərin sayı ilə müəyyənləşdirilir. Mütləq və nisbi ifadədə hər bir teatr tamaşası, konsert, kinoseans, eləcə də tamaşa müəssisəsi və ya onların qrupları üzrə müəyyən edilir.