Ətraf mühitin mühafizəsi statistikası

Ətraf mühit – istehsalın inkişaf və ümumi həyat fəaliyyəti şərtləri hesab olunan, coğrafi vəziyyət, relyef, iqlim, faydalı qazıntılar, torpaq, meşə və sulardan ibarətdir.
Burada istehsal cəmiyyətin təbii qüvvələri özünə tabe etdiyi və təbii ehtiyatlardan öz ehtiyaclarının ödənilməsi üçün istifadə etdiyi təbiət və cəmiyyətin daimi qarşılıqlı münasibətləri prosesini əks etdirir.
Təbii ehtiyatların mühafizəsi aşağıdakılara istiqamətlənmiş inzibati-təsərrüfat, siyasi və ictimai tədbirlər kompleksidir:
- ekoloji balanslaşdırılmış və davamlı iqtisadi inkişafı təmin etməyə;
- bioloji müxtəlifliyin, təbiət sisteminin tənzimlənməsi üçün zəruri olan fiziki, kimyəvi və bioloji parametrlərin qorunub saxlanmasına;
- çirklənmə və ətraf mühitin vəziyyətini pisləşdirən digər halların qarşısının alınmasına;
- təbii ehtiyatlardan səmərəli istifadə, onların təkrar istehsalı və bərpasının təmin edilməsinə.
Atmosfer havasına (su mənbələrinə) stasionar mənbələrdən atılan çirkləndirici maddələr (tullantılar).
Atmosfer havasına atılmış zərərli maddələrin ümumi miqdarına stasionar (mütəşəkkil və qeyri-mütəşəkkil) və qeyri-stasionar (səyyar) mənbələrdən hava hövzəsinə atılan çirkləndirici maddələr daxildir.
Çirkləndirici maddələrin qazburaxan və ya hava boruları (tüstü boruları, aerasion fənərlər, ventilyasiya şaxtaları və s.) sistemi vasitəsilə hava hövzəsinə daxil olduğu qeyri-səyyar mənbələr atmosfer havasına zərərli maddələr atan mütəşəkkil stasionar mənbələrə aiddir; bununla yanaşı, qazburaxan və ya hava boruları sistemi zərərli maddələrin tutulması və zərərsizləşdirilməsi üçün müvafiq qaztəmizləyici və toztutan qurğuların tətbiq olunmasına imkan verir.
Texnoloji qurğuların qeyri-germetikliyi, müxtəlif çənlərin, yükləmə-boşaltma sistemlərinin (məsələn, sement yüklənib boşaldılarkən) lazımınca təchiz olunmaması nəticəsində zərərli maddələri birbaşa hava hövzəsinə atan qeyri-səyyar mənbələr də həmçinin atmosferi çirkləndirən qeyri-mütəşəkkil mənbələrdir. Yanan zibilxanalar və s. də bura aid edilir.
Atılan qazlardan zərərli maddələrin tutulması (zərərsizləşdirilməsi).
Atılan qazlardan zərərli maddələrin tutulmasına (zərərsizləşdirilməsinə) müəssisələrdəki qaz-toz təmizləyici qurğulardan istifadə etməklə atmosfer havasını çirkləndirən tutulmuş maddələrin faktiki həcmi daxildir. Texnologiya ilə nəzərdə tutulmuş məhsul istehsalının texnoloji proseslərində xammal və ya yarımfabrikat kimi istifadə olunan maddələr bura aid edilmir.
Stasionar mənbələrdən atmosfer havasına zərərli maddələrin atılması – hava hövzəsinə həm təşkil edilmiş çirkləndirilmə mənbələrində qaz-toz təmizləmə qurğularından keçərkən tam tutulmama və təmizləməmə nəticəsində, həm də təşkil edilmiş və edilməmiş çirkləndirmə mənbələrindən təmizlənmədən daxil olmuş bütün tullantıların ümumi miqdarını göstərir. Buraya daxil edilmir: torpağın eroziyası (toz tufanları), meşə yanğınları və s. nəticəsində hava hövzəsinə atılan zərərli maddələr.
İstifadə üçün təbii su mənbələrindən suyun yığılması – suyun sonradan istehlakı məqsədilə yuxarı nohurlardan (çaylar, göllər və dənizlər daxil edilməklə) və yeraltı laylardan su ehtiyatlarının götürülməsinin həcmidir. Faydalı qazıntıların çıxarılması zamanı əldə edimiş şaxta-mədən sularından istifadə edilməsi, tikinti çalalarından süxur sularının çıxarılması və digərləri yığımın ümumi həcminə daxil edilmir. Bu göstəriciyə elektrik enerjisi istehsalı, gəmilərin şlüzdən keçirilməsi, balıqların buraxılması, gəminin işləməsi üçün dərinliyin saxlanması və s. üçün su qovşaqları vasitəsilə buraxılmış suyun həcmi daxil edilmir. Göstəriciyə həmçinin iri kanallara ötürmək üçün yığılmış tranzit suların qeyri-mərkəzləşdirilmiş qaydada əhali tərəfindən quyulardan, artezian quyularından, təbii nohurlardan və s. yığılmış suların həcmi də daxil edilmir.
Suyun dövri və ardıcıl istifadə edilməsi - çirkab, yağış və kollektor-drenaj sularından istifadə də daxil edilməklə dövri və ardıcıl su təchizatı sisteminin tətbiq edilməsi hesabına təzə suyun yığılmasına qənaətin həcmini göstərir. Dövri istifadəetməyə kommunal və istehsal istilik təchizat sistemlərinə sərf olunan su daxil edilmir.
Çirkli suların yerüstü nohurlara axıdılması çirkli suların bütün növlərinin birbaşa yerüstü təbii su mənbələrinə atılmasının həcmidir. Buraya digər müəssisələrə (kənara) ötürülən, həmçinin toplayıcılara, buxarlandırıcılara, süzmə meydanlarına və s. yerlərə çirkli suların axıdılması aid edilmir.
Çirkləndirilmiş axar sular təbii su mənbələrinə daxil olan təmizlənməmiş və ya yarımçıq təmizlənmiş, tərkibində çirkli maddələr müəyyənləşdirilmiş normadan artıq çirkab suları (mədən, şaxta, təbəqə, drenaj çirkabları da daxil edilməklə), habelə yaylım tullantılarıdır. Təmizləmədən keçməmiş normaya müvafiq (şərti) təmiz sular bura daxil edilmir.
Su hövzələrinə çirkli sularla birlikdə daxil olan zərərli maddələr (növlərinə görə) statistikada ayrıca nəzərə alınır.
Normativ təmizlənmiş çirkli sular müvafiq qurğularda təmizləmədən keçmiş və təbii su hövzələrinə axıdılması sudan istifadə məntəqəsində nəzarət olunan suyun keyfiyyəti normasının pozulmasına səbəb olmayan çirkabdır. Başqa sözlə, bu çirkli suların tərkibindəki çirkləndirici maddələr tullantıların yol verilən həddinin müəyyən edilmiş normasına uyğun gəlməlidir.
Təbiəti mühafizəyə nəzarətin nəticələrində uçota alınır:
- ətraf mühitin yaylım (qəza) çirklənməsi nəticəsində dəyən zərərin həcmi (bu, qüvvədə olan metodikaya əsasən təbiəti mühafizə orqanları tərəfindən hesablanır);
- ətraf mühitə zərərli maddələrin atılması nəticəsində təbiətə dəyən zərərin tam və ya qismən ödənilməsi (kompensasiyası) məqsədilə təbiəti mühafizə qanunvericiliyini pozanlardan daxil olan vəsaitin həcmi;
- təbiəti mühafizə qanunvericiliyinin kobud şəkildə pozulması hallarının aşkar edilməsi.
Toksiki tullantıların əmələ gəlməsi, istifadə olunması və basdırılması.
Toksiki tullantıların əmələ gəlməsinə, basdırılmasına və onlardan istifadə olunmasına əhalinin sağlamlığı və bioloji resurslar üçün təhlükəli olan müxtəlif istehsal və istehlak tullantılarının əmələ gəlməsi, onlardan istifadə olunması (yenidən işlənmiş, zərərsizləşdirilmiş) və təmizlənməsinin (basdırılması, anbarlara yığılması) uçotu daxildir. Tərkibində zərərli maddələr olan toksiki sənaye tullantılarının bütün növləri, habelə saxlama və yaxud istifadə prosesində yararsız hala düşmüş başqa toksiki məhsullar və məmulatlar statistik uçota alınmalıdır. Ayrıca uçota alınan, təbii su mənbələrinə sular və atmosferə atılan qazlarla daxil olan toksiki tullantılar bu göstəricilərə daxil edilmir.
Toksiki tullantıların idxalı və ixracına basdırılmaq (anbara yığılmaq), zərərsizləşdirilmək və ya istifadə edilmək məqsədi ilə xaricdən daxil olmuş və ya xaricə göndərilmiş tullantıların həcmi daxildir.
Ekoloji qəzaların və ətraf mühitə atılan yaylım (qəza) tullantılarının sayı hesabat dövründə sənaye və kənd təsərrüfatı müəssisələrində, nəqliyyatda, kommunal təsərrüfatlarında və iqtisadiyyatın digər sahələrində baş vermiş qəzalar, fəlakətlər, texnoloji proseslərin pozulması və s. nəticəsində hava hövzəsinə, su mənbələrinə və torpağa zərərli maddələr (qazlar, çirkləndirilmiş sular və s. daxil edilməklə) atılması hallarının sayıdır. Bura, xüsusən, boru və məhsul kəmərlərinin, kanalizasiya şəbəkəsinin, müxtəlif həcmli qabların və s. deşilməsi daxildir.