Cinayətkarlıq və hüquqpozmalar statistikası

Cinayətkarlıq – müəyyən vaxt müddətində, konkret ərazidə baş vermiş cinayətləri əks etdirən, kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunan sosial-hüquqi hadisədir.
Cinayətkarlıq əmsalı hesablanarkən mövcud əhalinin orta illik sayına dair məlumatlardan istifadə olunur.
Qeydə alınmış cinayətlər – cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş, aşkar edilmiş və rəsmi qeydiyyata alınmış ictimai təhlükəli əməldir.
Cinayət törətmiş şəxslər – barələrində cinayət işi açılmış və daxili işlər orqanları tərəfindən rəsmi qeydiyyata alınmış şəxslərdir.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər – müqəssir kimi məsuliyyətə cəlb edilməsi haqqında qərar verilmiş şəxslərdir.
Yetkinlik yaşına çatmayanların cinayətkarlığı – cinayəti törədərkən 14 yaşına çatmış, lakin 18 yaşı tamam olmamış şəxslərin cinayətlərinin məcmusudur.
Mütəşəkkil cinayətkar qruplar – varlanmaq və külli miqdarda gəlir əldə etmək məqsədilə birləşmiş və tərkibinin sabitliyi, hərəkətlərinin miqyası, cinayət iştirakçılarının daxili ixtisaslaşması ilə seçilən qruplardır. Mütəşəkkil qruplar tərəfindən törədilən cinayətlərin sayı qeydə alınmış mütəşəkkil qruplar tərəfindən törədilən və Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai təhlükəli əməllərin sayıdır.
Məhkum olunmuşların sayına qanuni qüvvəyə minmiş məhkəmələrin hökmü ilə haqqında qərar çıxarılmış müttəhimlər aid edilir.
Mühakimlər üçün islah müəssisələrinin sayı - azadlıqdan məhrum edilməklə mühakimə olunanların cəzalarını çəkmək üçün nəzərdə tutulmuş koloniya-məntəqələrinin, islah və tərbiyə koloniyalarının, həbsxanaların sayıdır.