Maliyyə və bank statistikası

Büdcə gəlirləri büdcə və vergi sisteminə uyğun olaraq, əsasən, mülkiyyət növlərindən, təsərrüfatçılığın təşkilati-hüquqi formalarından asılı olmayaraq, vergi ödəmələri bazasında formalaşır və özündə müəssisələrin, təşkilatların və əhalinin büdcəyə ödəmələrini birləşdirir. Büdcə gəlirləri vergi və oxşar ödəmələri, qeyri-vergi ödəmələrini (material ehtiyatlarının satışından və özəlləşdirmədən daxilolmaları) və “Ümumi dövlət idarəetmə” sektorunun digər səviyyələrinin institusional vahidlərindən və beynəlxalq təşkilatlardan alınmış qrantları əhatə edir.
Vergidən daxilolmalar məcburi, əvəzsiz, qaytarılmadan dövlət idarəetmə orqanlarına və qeyri-büdcə orqanlarına ödəmələrdən daxilolmaları birləşdirir.
Vergi olmayan daxilolmalar özündə kapitalla əməliyyatlardan gəlirləri, cərimə və sanksiyalar üzrə daxilolmalar və qeyri-dövlət mənbələrindən könüllü, bütün əvəzsiz cari daxilolmalar istisna olmaqla, digər əvəzi qaytarılmayan bütün daxilolmaları birləşdirir.
Xarici iqtisadi fəaliyyətdən əldə edilən gəlirlər mərkəzləşdirilmiş ixracdan və xarici iqtisadi əlaqələrdən əldə edilən sair daxilolmalardan ibarətdir və aşağıdakıları özündə birləşdirir: idxal əməliyyatlarından əldə edilən gəlirləri; ixrac rüsumlarını; gömrük nəzarətinin həyata keçirilməsi ilə əlaqədar daxilolmaları; gömrük əməliyyatlarının aparılmasına görə ödəmələri; sair daxilolmaları.
Kapitalla əməliyyatlardan gəlirlər əsas kapitalın satışından, dövlət ehtiyatlarında olan malların satışından, torpağın və qeyri-material aktivlərinin və qeyri-dövlət mənbələrindən kapital transferlərinin satışından əldə edilən gəlirləri birləşdirir.
Dövlət, bələdiyyə müəssisə-təşkilatlarının özəlləşdirilməsindən, özəlləşdirmə obyektlərinin satışından əldə edilən bütün gəlirləri və özəlləşdirmə nəticəsində daxilolmaları əks etdirir.
Büdcəyə ödəmələr müəssisənin öz vəsaiti və borc vəsaiti hesabına ödəmələrdir. Belə vəsaitlərə mənfəətdən (gəlirdən) vergi, əmlak vergisi, təbii resurslardan istifadəyə görə vergi, torpaq vergisi, əlavə dəyər vergisi, aksizlər, gəlir vergisi və mövcud dövlət qanunvericiliyinə uyğun olan digər ödəmə və vergi növləri aiddir.
Alınmış rəsmi transferlər digər dövlət idarəetmə orqanlarından və beynəlxalq təşkilatlardan alınmış bütün qaytarılmayan, əvəzsiz ödəmələrdir. Buraya xüsusi layihələrin və ya proqramların tətbiqi, əsas büdcəyə və ya istənilən digər məqsədə kömək göstərilməsi üçün nəzərdə tutulmuş təzminatlar və hədiyyələr də daxildir.
Dövlət büdcəsinin xərcləri dövlət idarəetmə səviyyələrinə uyğun olan məlumatları və yerli büdcələr haqqında məlumatları əhatə edir və dövlətin fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti əks etdirir. İctimai təyinatına görə büdcə xərclərinin strukturu dörd qrupa bölünür: iqtisadiyyat sahələri, sosial-mədəni tədbirər, müdafiə, idarəetmə. Xərclərə həmçinin borc kimi verilən istiqrazlar (qaytarılmış kreditləri çıxmaqla) və dövlət tərəfindən iqtisadiyyatın digər bölmələrinə və ya “qalan dünya”ya verilən ssudanın digər növləri də daxil edilir.
Xərclərin yekununa istifadə istiqamətləri üzrə xərclərin və qaytarılmalar çıxılmaqla, kreditləşmənin məbləğləri daxildir.
İstifadənin istiqamətləri üzrə xərclərə aşağıdakı sahələr üzrə xərclər daxildir: dövlətin idarəedilməsi; beynəlxalq fəaliyyət; milli müdafiə; hüquq- mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi; sənaye, energetika və tikinti; kənd təsərrüfatı və balıqçılıq; ətraf mühitin və təbii ehtiyatların qorunması; hidrometeorologiya, xəritəçəkmə və geodeziya; nəqliyyat və yol təsərrüfatı, rabitə və informatika; bazar infrastrukturunun inkişafı; mənzil-kommunal təsərrüfatı; fövqəladə hadisələrin və təbii fəlakətlərin nəticələrinin xəbərdar edilməsi və aradan qaldırılması; sosial-mədəni tədbirlər, o cümlədən təhsil, kadrların peşəkar hazırlanması, mədəniyyət və incəsənət, kütləvi informasiya vasitələri, səhiyyə, bədən tərbiyəsi və idman, elm və dövlət elmi-texniki proqramları; məqsədli proqramlar; dövlət borclarına xidmət; dövlət ehtiyatlarının artırılması; digər xərclər.
Dövlət büdcəsinin kəsiri - büdcənin xərcləri gəlirlərindən çox olduğu halda baş verir.
Balans mənfəəti (zərəri) məhsulun (iş və xidmətlərin), material ehtiyatlarının satışından əldə edilən mənfəət də daxil edilməklə, müəssisələrin fəaliyyətinin ümumi maliyyə nəticələrini, habelə qeyri-kommersiya əməliyyatlarından alınan gəlir və məsrəfləri əhatə edir. Qeyri-kommersiya əməliyyatlarından alınmış və ödənmiş cərimələrin, peniyaların, dəbbə pullarının və digər iqtisadi sanksiyaların (qanunvericiliyə uyğun olaraq, büdcəyə ödənən sanksiyalar istisna olmaqla); müəssisələrin hesablarında olan vəsaitin məbləğindən alınan faizlərin; xarici valyuta ilə əməliyyatlar və valyuta hesabları üzrə məzənnə fərqlərinin; hesabat ilində aşkara çıxarılmış ötən illərin mənfəət və zərərlərinin; təbii fəlakətlər nəticəsində dəymiş zərərlərin; borcların və debitor borclarının siyahıdan silinməsi nəticəsində itkilərin; ödənilməsi mümkün olmayan ümidsiz kimi siyahıdan silinmiş borcların daxil olmasının; mövcud qanunvericiliyə uyğun olaraq, mənfəət və zərərlərə aid edilən sair gəlir, itki və məsrəflərin ümumi yekunu balans mənfəətinə (zərərinə) daxildir.
İqtisadiyyatın sahələri üzrə məhsulun (iş və xidmətlərin) satışından əldə edilən mənfəət - məhsulun satışından əldə edilən gəlirin (ümumi gəlirin) məbləği ilə onun istehsalına çəkilən xərclər, əlavə dəyər vergisinə və aksizlərə, mövcud qanunvericiliyə uyğun olaraq gəlirdən çıxılan sair məsrəf və ayırmalara daxil edilən xərclərin məbləği arasındakı fərqlə müəyyənləşdirilir.
İqtisadiyyatın sahələrinin rentabelliyi aşağıdakı kimi hesablanır:
- balans mənfəətinin hesabat dövründə əsas fondların, qeyri-maddi aktivlərin və maddi dövriyyə vəsaitlərinin orta dəyərinə faizlə nisbəti ümumi rentabelliyi göstərir;
- məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəətin satılmış məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə faizlə nisbəti məhsulun və ya iqtisadiyyat sahələrinin rentabelliyini göstərir.
Büdcədənkənar fondlar - dövlət büdcəsi ilə yanaşı, vəsaiti icra orqanları tərəfindən tənzimlənən və müəssisə, təşkilat və ev təsərrüfatlarından daxil olan vəsaitin əvəzi ödənilmək və yenidən qruplaşdırılmaq üçün əlavə ehtiyat mənbəyi sayılan ölkə miqyasında maliyyə ehtiyatlarının təşkili formalarıdır. Sosial sığorta fondu büdcədənkənar fondların əsas hissələrindən biridir.
Sığorta ödəmələrindən daxilolmalar - sığorta təşkilatlarının sığortalanma növləri – məcburi və könüllü sığortalanma üzrə bağladığı müqavilələr əsasında faktiki daxil olmuş haqların məbləğini göstərir. Məcburi sığortalanma vətəndaşların təsərrüfatlarında əmlakın sığortalanmasını, sərnişinlərin sığortalanmasını, tibbi sığortanı və s. özündə birləşdirir. Könüllü sığortalanma şəxsi sığortanı, əmlak sığortasını və məsuliyyət sığortasını ifadə edir. Şəxsi sığortaya bədbəxt hadisələrdən həyatın sığortalanması və tibbi sığorta aiddir. Bu göstərici sığorta təşkilatlarının mühasibat və statistika hesabatlarının tərtib edilməsi metodologiyası əsasında hesablanır.
Sığorta ödəmələri - sığorta hadisələri baş verərkən hesabat dövründə sığortalanma növləri üzrə faktiki ödənmiş sığorta ödəmələrinin məbləğini göstərir. Bu göstərici sığorta təşkilatlarının mühasibat və statistika hesabatlarının tərtib edilməsi metodologiyası əsasında hesablanır.
Əhalinin pul gəlirləri - əhalinin dövlət və qeyri-dövlət müəssisə- təşkilatlardan və ictimai təşkilatlardan əmək haqqı, mükafat, məzuniyyət xərclərindən əhaliyə daxil olan vəsait, kənd təsərrüfatı məhsullarının satışından və digər satış mənbələrindən daxilolmalar, habelə pensiya, müavinət, təqaüd, maliyyə sistemlərindən daxilolma qaydasında faktiki olaraq aldığı pul gəlirləridir. Bu zaman təkcə nağd pulla deyil, hətta nağdsız köçürmələrlə əhaliyə çatan pul daxilolmaları, habelə vergilərin və digər tədiyələrin ödənməsi üçün tutulan məbləğ də hesaba alınır.
Əhalinin şəxsi sərəncamında olan gəlirlər - əhalinin şəxsi gəlirlərindən vergilər, məcburi ödəmələr və könüllü olaraq ictimai təşkilatlara ödəmələr çıxıldıqdan sonra qalan məbləğ aid edilir.
Əhalinin ümumi real gəlirləri - istehlak qiymətlərinin dəyişməsi nəzərə alınmaqla, dövlət və qeyri-dövlət mənbələrindən əhaliyə verilən ödənişsiz və ya güzəştli gəlirlərin dəyərinin əhalinin şəxsi sərəncamında olan gəlirlərə əlavə edilməsi yolu ilə müəyyənləşdirilir.
Əhalinin sərəncamında olan real gəlirləri - istehlak qiymətlərinin dəyişməsi nəzərə alınmaqla, şəxsi sərəncamda olan gəlirlərdir.
Əhalinin pul xərcləri və əmanətləri
Pul xərcləri - əhali tərəfindən dövlət və qeyri-dövlət müəssisə-təşkilatlarına, ictimai təşkilatlara pul ödənməsi ilə əlaqədar xərclər (əmtəələrin satın alınması və xidmətlərin ödənməsi, habelə vergi, rüsum, sığorta ödəmələri şəklində məcburi tədiyə və müxtəlif haqlar) daxildir.
Əhalinin əmanətləri - əhalinin əmanət və kommersiya banklarındakı əmanətlərinin artımını, istiqraz vərəqələrinin və digər qiymətli kağızların alınmasını, habelə əhalidə olan nağd pul qalığının dəyişməsini (artmasını və ya azalmasını) özündə əks etdirir. Onlar əhalinin pul gəlirləri ilə pul xərcləri arasındakı fərqlə müəyyənləşdirilir.
Hər bir nəfərə düşən pul gəlirləri - hesabat dövründə əhalinin pul gəlirlərinin onun orta illik daimi sayına bölünməsi yolu ilə müəyyən edilir.
Əhalinin banklardakı əmanətlərinin qalıqları - müəyyən tarixə olan vəziyyətə görə əmanət və digər banklarda əhalinin əmanətlərinin qalıqlarıdır.
İqtisadiyyata kredit qoyuluşları - bankların əsas aktiv əməliyyatlarından biri olub, onların azad resurslarının yerləşdirilməsini
- müştərilərə kredit verilməsini xarakterizə edir.
Qısamüddətli kreditlər - öz dövriyyə vəsaitini artırmaq və əmtəə material dəyərlərini kreditləşdirmək üçün banklar tərəfindən müəssisə və təşkilatlara təqdim olunur.
Uzunmüddətli kreditlər - əsas fondların genişləndirilmiş təkrar istehsalına xərclənmək üçün müəssisə və təşkilatlara, habelə mənzil tikmək, təsərrüfat yaratmaq və başqa bu kimi məqsədlər üçün banklar tərəfindən əhaliyə verilir.
Valyuta məzənnəsi - bir milli valyutanın pul vahidinin digər ölkənin valyutasının pul vahidləri ilə ifadə etdiyi qiyməti bildirir.
Valyuta məzənnəsi milli pul vahidinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və bəzi amillərin təsiri ilə yaranır. Belə amillərdən ən başlıcası aşağıdakılardır: ölkənin tədiyə balansı, inflyasiyanın səviyyəsi, ölkənin ümumi iqtisadi vəziyyəti, daxili bazarın vəziyyəti, vergi, xarici ticarət və investisiya rejimləri. Milli valyutanın dünya valyuta bazarlarında konyunkturası, ticarət və qeyri-ticarət əməliyyatlarının mövcud beynəlxalq hesablaşmalar sistemi də valyuta məzənnəsinin hərəkətinə təsir edir.
Milli valyutaların ABŞ dollarına nisbətən məzənnələrini milli banklar ölkələrin valyuta birjalarında tələb və təklif arasındakı nisbətə əsasən müəyyənləşdirirlər.
Milli banklar valyuta məzənnələri haqqında məlumatları milli valyuta birjalarında gedən alqı-satqının yekunları əsasında rəsmi bildiriş şəklində mütəmadi olaraq nəşr etdirirlər.
Manatın çarpaz məzənnəsi - manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında müəyənləşdirilir.