Qiymət statistikası

Qiymət statistikası aşağıdakı məsələləri özündə birləşdirir:
- qiymətlər və onların dəyişməsi üzərində müşahidəni;
- bazar konyunkturasının dəyər göstəriciləri əsasında öyrənilməsini;
- ayrı-ayrı əmtəə bazarlarında qiymət dinamikasının öyrənilməsini;
- inflyasiya prosesinin və əhalinin həyat səviyyəsinin göstəricisi kimi qiymətin təhlilini;
- makroiqtisadi göstəricilər baxımından qiymətlərin öyrənilməsini.
Qiymət - bazar konyunkturasının mühüm göstəricisi olaraq, tələb və təklifə təsir göstərən iqtisadi alətdir. Qiymət istehsalın səmərəliliyinin idarə olunmasına və gəlirlərin əldə edilməsinə təsiredici xüsusi amillərdən biridir.
Qiymət əmtəənin pula dəyişdirilməsinin ekvivalentidir.
Qiymət müxtəlif sosial qrupların real gəlir səviyyəsinə, istehlakın struktur və həcminə təsir göstərən əhalinin həyat səviyyəsinin mühüm göstəricisidir.
Qiymət dəyişiklikləri iqtisadi, sosial və siyasi proseslərə xeyli dərəcədə təsir edir. Buna görə də, qiymətlər haqqında məlumat, onların dəyişmə meylləri və qanunauyğunluqlarının təhlili həm istehlakçılar və istehsalçılar, həm də ümumilikdə bütün cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Bazar iqtisadiyyatı şəraitində qiymətlər müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılır.
İstehsalçı qiyməti - məhsula istənilən vergini, alıcıya əlavə edilmiş məbləği nəzərə almadan, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir.
Əsas qiymət - alıcıya əlavə hesablanmış, məhsula istənilən vergini nəzərə almadan. lakin məhsulun istehsalına və satışına görə alınacaq subsidiyalar nəzərə alınmaqla, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir. Başqa sözlə, bu qiymət, istehsalçının qiyməti üstəgəl məhsula hesablanmış subsidiyalardan ibarətdir.
Alıcının qiyməti - alıcının aldığı məhsula subsidiyanı və hesablanmış ticarət - nəqliyyat əlavələrini (xərclərini) çıxmaqla, məhsula qoyulmuş vergini uçota almaqla ödədiyi qiymətdir.
Əmtəə və xidmətlərin təyinatından asılı olaraq qiymət aşağıdakı növlərə bölünür:
- material-texniki ehtiyatların qiymətləri;
- istehlak mallarının qiymətləri;
- istehsal təyinatlı (məsələn, yükdaşımalar) xidmətlərin tarifləri;
- əhalinin istehlak xidmətlərinin (məişət və kommunal, nəqliyyat və rabitə, turizm və ekskursiya, mədəniyyət müəssisələrinin xidmətləri və s.) tarifləri.
Sahə əlamətlərinə görə qiymətlər aşağıdakı qruplara bölünür:
- sənaye məhsullarının qiymətləri;
- kənd təsərrüfatı məhsullarının qiymətləri;
- tikintidə qiymətlər;
- ticarətdə qiymətlər;
- istehsal və qeyri-istehsal təyinatlı xidmətlərin tarifləri.
İstehlak qiymətləri indeksi (İQİ) - əhali tərəfindən alınan əmtəə və xidmətlərin istehlak səbətinin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. İQİ Laspeyres düsturu ilə hesablanır.
İstehlak malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri indeksinin hesablanması üçün informasiya bazası mağazaların, bazarların, ticarət və xidmət sferası müəssisələrinin məlumatları hesab olunur. Yəni qiymət və tariflərin qeydiyyatı malların satıldığı və xidmətlərin göstərildiyi yerdə aparılır.
Müayinə sferasına mülkiyyətin bütün növlərindən olan ticarət və xidmət müəssisələrində (dövlət, icarə, kommersiya, şəxsi ticarət məntəqələri və s., şəhər bazarları və yarmarkalar) satılan mallar və göstərilən xidmətlər daxil edilir.
Xidmət sferası üzrə baza müəssisələrinin seçilməsi zamanı əhaliyə daha çox çeşiddə xidmət göstərən müəssisələrə (məişət evləri, kompleks qəbul məntəqələri), eləcə də əhalinin daha çox istifadə etdiyi, bütün il ərzində fəaliyyət göstərən müəssisələrə üstünlük verilir.
Qiymətlərin qeydiyyatı və qiymət indekslərinin hesablanması ticarət növlərindən asılı olmayaraq hər ay aparılır.
Əhaliyə göstərilən pullu xidmətlərin ayrı-ayrı növlərinin qiymət və tariflərinin qeydiyyatı, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri üzərində müşahidə bütün mülkiyyət növlərindən olan xidmət müəssisələrində və fiziki şəxslərə xidmət edilən yerlərdə aparılır.
Qiymət və tariflərin qeydiyyatı konkret təmsilçi xidmət üzrə aparılır. Təmsilçi xidmətlər dəstinə əhalinin əsas kütləsi tərəfindən daha tez-tez istifadə olunan xidmətlər daxil edilir. Seçimin əsasında əhalinin yaşayış fəaliyyətinin sosial şərtlərini təmin edən mühüm xidmətlərin qiymət və tariflərinin dəyişməsi prosesini daha obyektiv əks etdirmə prinsipi durur.
Qiymət və tariflərin müşahidəsi və qeydiyyatı əhalyə göstərilən pullu xidmətlərin aşağıdakı növlərinə əsasən aparılır: 1) məişət; 2) mənzil-kommunal təsərrüfatı; 3) mədəniyyət; 4) təhsil; 5) sərnişin nəqliyyatı və rabitə; 6) turist-ekskursiya; 7) səhiyyə; 8) sanatoriya-kurort və sağlamlıq; 9) hüquqi xarakterli və bank müəssisələri; 10) bədən tərbiyəsi və idman.
Pullu xidmətlərin alt sahələrinə (növlər) sosial əhəmiyyətliliyi və istehlak xarakteri nəzərə alınaraq mövcud xidmət növünün reprezentativliyini təmin edən təmsilçi-xidmətlərin nomenklaturası daxil edilir.
Müşahidə və qeydiyyat nəticəsində qiymət və tariflər haqqında alınmış məlumatlardan istehlak qiymətləri indeksinin qurulmasında və qiymət səviyyələrinin təhlilində istifadə edilir.
Sənaye məhsulları istehsalçılarının qiymət indeksi (SQİ) - sənaye məhsulları istehsalçılarının qiymətlərinin dəyişməsi dinamikasını səciyyələndirir. İstehsalçı müəssisələr tərəfindən buraxılan təmsiledici əmtəələrin qiymətlərinin qeydə alınması yolu ilə bu qiymətlərin dəyişməsi üzərində aparılan müşahidə əsasında müəyyənləşdirilir. Sənaye məhsulları istehsalçılarının qiymət indeksi baza sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət qeydiyyatı əsasında hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulun faktiki qiymətləri götürülür (əlavə dəyər vergisi, aksiz və topdansatış qiymətlərinə aid olmayan digər vergiləri daxil etməməklə).
Sənaye məhsulları istehsalçılarının qiymət indeksi həm məhsullar, həm də iqtisadi fəaliyyət növlərinə görə qiymət indekslərinin hesablanmasına imkan verən beynəlxalq metodologiyaya uyğun işlənir. Qiymət yığımı üçün seçilmiş əmtəələr genişləndirilmiş və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı (İFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılır.
İqtisadi fəaliyətə əsaslanan SQİ istehsalçıların qiymət dəyişikliklərini qlobal qiymətləndirdiyi üçün əsas sayılır və əmtəələr üzrə bir sıra indekslər konkret əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə olunur. Hər ay iqtisadi fəaliyyət növləri təsnifatının C, D, E (hasiledici, emaledici, energetika) seksiyaları və alt seksiyaları üzrə 17 indeks və onların dinamika sıraları hesablanılır və hər ay muxtar respublikanın sənaye müəssisələrində istehsal olunan məhsulların orta çəkili qiymətlərindən ibarət kompüter baza məlumatı formalaşdırılır.
Satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (1-KTQİ) - kənd təsərrüfatı müəssisələrinin müxtəlif istehlakçılar üçün satdıqları kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növ və qrupları üzrə qiymət dəyişikliklərinin, onların satdıqları məhsulların və əldə etdikləri istehsal vasitələrinin və xidmətlərinin qiymət nisbətinin müqayisəli təşkili üçün istifadə edilir.