Kənd, meşə və balıqçılıq təsərrüfatı


Metodoloji izahlar
Kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə bitkiçilik və heyvandarlıq məhsullarını özündə əks etdirir.
Bitkiçilik məhsullarına hesabat ilində yığılmış xam məhsulların – taxıl və texniki bitkilərin məhsulları (yağlı bitkilərin toxumu, şəkər çuğunduru, pambıq, tütün və s.), kartof, tərəvəz və ərzaq üçün bostan məhsulları, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı, yem bitkiləri (yemlik kökümeyvəlilər, birillik və çoxillik otların yığılmış quru otu, yaşıl bitkilər və s.), dərman bitkiləri, efir yağlı bitkilər, gül, kənd təsərrüfatı bitkiləri, çoxillik əkmələr toxumu, əkin materiallarının dəyəri, çoxillik əkmələr salınması və barvermə dövrünə qədərki becərmə xərcləri, ilin əvvəlindən axırına kimi bitkiçilikdə bitməmiş istehsal xərcləri daxil edilir.
Heyvandarlıq məhsullarına kənd təsərrüfatı heyvanları və quşlarının saxlanması və təsərrüfatdaxili istifadələri zamanı alınmış xam məhsulların (süd, yun, yumurta və s.), satılmış mal-qara və quşların dəyəri, yetişdirilmiş cavanların və kökəltmədə olan mal-qaranın dəyərinin dəyişməsi, baramaçılıq, balıqçılıq və arıçılıq məhsullarının dəyəri daxildir. Kənd təsərrüfatı məhsullarının fiziki həcm indeksinin hesablanması üçün müqayisəli (daimi) qiymətlər üzrə onların ümumi həcm göstəricilərindən istifadə edilir.
Kənd təsərrüfatı sahəsi üzrə aralıq istehlak məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün il ərzində istifadə edilmiş bütün məhsulların (əsas fondlardan başqa) və kənd təsərrüfatı xarakterli xidmətlərin dəyərini əks etdirir. Bir institusional vahiddə istehsal məqsədi üçün istifadə edilmiş məhsul və xidmətlərin aralıq istehlakı onların istifadə anında mövcud olan əsas qiymətlərlə qiymətləndirilir. Alınmış məhsul və xidmətlərin aralıq istehlakı, onlardan istehsalda istifadə anında mövcud olan alıcı qiymətləri ilə qiymətləndirilir.
Kənd təsərrüfatı sahəsi üzrə ümumi əlavə dəyər istehsal prosesində yaradılmış dəyəri ifadə edən göstəricidir. Bu göstərici istehsal edilmiş ümumi məhsuldan aralıq istehlakın dəyərini çıxmaqla müəyyən edilir.
Ümumi torpaq sahəsinə kənd təsərrüfatına yararlı torpaqlar (növlər üzrə), meliorativ yaxşılaşdırma və məhsuldarlığın bərpası mərhələsində olan torpaqlar, meşə zolaqları, bataqlıqlar, su altında olan torpaqlar, otlaqlar, yol altında olan torpaqlar, ictimai yol, küçə, meydan, tikililər altında olan torpaqlar, yararsız və istifadə edilməyən sair torpaq sahələri daxildir.
Kənd təsərrüfatına yararlı torpaq - kənd təsərrüfatı məhsulları istehsal etmək üçün müntəzəm istifadə edilən torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaqlara əkin yerləri, dincə qoyulmuş sahələr, çoxillik əkmələr, biçənəklər və otlaqlar daxildir.
Əkin sahəsinə çoxillik otlar səpini də daxil olmaqla, mütəmadi olaraq kənd təsərrüfatı bitkilərinin əkini altında istifadə edilən, kənd təsərrüfatına yararlı sahələr və habelə təmiz heriklər də daxil edilir. Biçənək və otlaq sahələri, ilkin bitkilər əkini ilə tutulmuş sahələr, tərkibini yaxşılaşdırmaq məqsədilə şumlanmış sahələr, habelə əkin üçün istifadə edilmiş bağların cərgəarası sahələri əkin sahəsinə daxil edilmir.
Çoxillik əkmələrə ağaclıqlar, kolluqlar (meşə zolağından başqa) və yaxud meyvə-giləmeyvə, texniki və dərman bitkilərini almaq üçün nəzərdə tutulan çoxillik ot mənşəli bitkilər əkilmiş kənd təsərrüfatına yararlı torpaqlar daxil edilir. Çoxillik əkmələrin tərkibində bağlar, üzümlüklər, giləmeyvəliklər, meyvə şitillikləri, çay plantasiyaları uçota alınır. Dincə qoyulmuş sahə əvvəllər əkin altında istifadə edilmiş və payızdan başlayaraq bir ildən çox kənd təsərrüfatı bitkiləri əkini üçün istifadə edilməyən torpaq sahələrini əhatə edir.
Otlaqlar müntəzəm olaraq mal-qaranın otarılması (belə istifadə əsas məqsəddirsə) üçün istifadə edilən kənd təsərrüfatına yararlı torpaq sahələrini, habelə mal-qara otarılması üçün yararlı olan, biçənək üçün istifadə edilməyən və dincə qoyulmuş hesab edilməyən torpaq sahələrini əks etdirir. Torpaqdan istifadə barədə məlumatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sisteminin yer quruluşu xidmətlərini icra edən torpaq kadastrına əsasən hazırlanır. Torpağın uçotu, faktiki vəziyyətinə və istifadə edilməsinə görə, ildə bir dəfə, yanvarın 1-i vəziyyətinə aparılır.
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi yazlıq bitkilər (yazlıq-məhsuldar) səpininin axırına kənd təsərrüfatı bitkiləri əkini altında olan torpaq sahəsidir. Əkin sahəsinə payız-qış dövründə məhv olanları (batmışları) çıxdıqdan sonra keçən ilin payızında səpilən salamat qalmış sahələr, cari ilin yazında səpilmiş sahələr, batmış payızlıqların yerində səpilənlər də daxil edilməklə, habelə keçən illərdə əkilmiş çoxillik otların çalım sahələri daxil edilir. Məhsul yığımı ərəfəsində əkin sahəsində, ondan təsərrüfatda istifadə olunmasından asılı olaraq, dəqiqləşdirmə aparılır. Kənd təsərrüfatı məhsullarının əkin sahəsi ildə bir dəfə yazlıq bitkilər səpininin axırına olan vəziyyətə görə uçota alınır və yığım zamanı (ərəfəsində) faktiki istifadə edilməsinə görə dəqiqləşdirilir. Əkin sahələrinin uçotu həm bitkilərin hər növü üzrə, həm də bitki qrupları üzrə: dənli bitkilər (buğda, arpa, dən üçün qarğıdalı, qarabaşaq və s.), texniki bitkilər (pambıq, şəkər çuğunduru, tütün və s.), kartof və tərəvəz-bostan bitkiləri (kartof, tərəvəz, bostan bitkiləri, qarğıdalı və s.), yem bitkiləri (birillik və çoxillik otlar, silos və yaşıl yem üçün qarğıdalı və s.) bütün təsərrüfat formaları üzrə (əhali təsərrüfatları, səhmdar cəmiyyətləri, kollektiv və kollektiv pay mülkiyyətli kənd təsərrüfatı müəssisələri, kənd təsərrüfatı kooperativləri, kəndli (fermer) təsərrüfatları və s.) əkin sahələrinin qəti uçotu 4-KT saylı hesabat forması üzrə aparılır. Bu zaman əhali və kəndli (fermer) təsərrüfatları üzrə əkin sahələrinin uçotu bu təsərrüfat kateqoriyalarında keçirilmiş əkinlərin ucdantutma xüsusi uçotunun məlumatlarına əsasən, ucdantutma, xüsusi uçotlararası dövrlərdə isə seçmə müayinələr keçirilməsi yolu ilə aparılır.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı - orta hesabla bir hektar yığım sahəsindən əldə edilmiş məhsulun səviyyəsini xarakterizə edir. Bu göstərici, bir qayda olaraq, sentnerlə hesablanır. Əksər kənd təsərrüfatı bitkiləri üzrə faktiki məhsuldarlığı hesablamaq üçün fiziki çəkidə kənd təsərrüfatı məhsullarının ümumi yığımı barədə göstəricidən (taxıl məhsulları, soya və digər bəzi məhsullar üzrə həm ilkin, həm də təmizlənmiş çəkiyə görə, yəni yığılmış fiziki çəkidən tullantıları çıxdıqdan və təsərrüfatda təmizləndikdən sonra alınmış çəkidən) istifadə edilir. Pambıq və tütün bitkiləri üzrə məhsuldarlığı müəyyən etmək üçün hesablanmış çəkidən istifadə edilir. Xaşxaş və çətənə (toxumluq), birillik və çoxillik otlar (quru ot, yaşıl yem və toxum üçün), təbii biçənəklər, mədəni otlaqlar üzrə məhsuldarlıq yığılmış sahəyə görə hesablanır. Məhsuldarlıq ildə bir dəfə 29-KT saylı hesabat formasının məlumatlarının əsasında hesablanır.
Kənd təsərrüfatı məhsullarının ümumi yığımı - bir təsərrüfatın və yaxud hər hansı bir ərazi bölməsinin istifadəsində olan müxtəlif növlü kənd təsərrüfatı bitkiləri əkilmiş sahələrdən, kənd təsərrüfatı əkmələri sahəsindən və yaxud kənd təsərrüfatına yararlı əkin sahələrindən hasil edilimiş (yığılmış) məhsulları tam əhatə edir. Ümumi məhsul yığımı (istehsalı) bütövlükdə bitkilərin hər növü üzrə və həm də bitki qrupları: payızlıq və yazlıq çovdar, payızlıq və yazlıq arpa, paxlalı bitkilər, cəmi dənlilər və dənli–paxlalı bitkilər, tərəvəz, bostan bitkiləri və s. üzrə hesablanır. Bitkilərin əksər növləri üzrə ümumi məhsul yığımı fiziki çəkidə yazılır; dənli bitkilər, soya və bəzi digər bitkilər üzrə ümumi məhsul yığımı həm ilkin, həm də təmizləndikdən sonra alınmış çəkidə, yəni tullantıları çıxdıqdan və təsərrüfatda təmizlədikdən sonra alınmış çəkidə göstərilir. Kənd təsərrüfatı məhsullarının ümumi yığımı ildə bir dəfə 29-kt N-li forma üzrə (dekabrın 1-i vəziyyətinə) hesablanır. Əhali və kəndli (fermer) təsərrüfatları üzrə məhsuldarlıq göstəriciləri seçmə müayinə məlumatları əsasında hesablanır. Belə hesablama zamanı məhsuldarlıq göstəricisindən və təsərrüfatların əkin sahəsinə dair məlumatlarından istifadə edilir.
Mal-qara və quşların sayı əsas növlər üzrə (iribuynuzlu mal-qara, o cümlədən inək və camışlar, donuz, qoyun və keçi, at, quş) hesablanır və hesabat dövründən sonrakı ayın 1-nə olan vəziyyətə görə yazılır. Məlumatlar rüblük hesablanır. İnək və camışların sayına südlük və ətlik istiqamətli əsas sürüdən olan analar, südü qurumuş və qısır inəklər, habelə dayə inəklər daxil edilir, kökəlməyə və yemlənməyə keçirilmiş inək və camışlar isə daxil edilmir.
Bala alımı - hesabat ilində təsərrüfata məxsus olan analardan buzov, balaq, çoşqa, quzu və çəpişlərin hamısı, o cümlədən sonradan satılmış, kəsilmiş və ölənlər də daxil edilir. Bu göstəriciyə yalnız ölü doğulanlar daxil edilmir.
Mal-qara ölümü - ilin əvvəlindən (yanvarın 1-dən) hesabat tarixinə qədər olan dövrdə yaşından asılı olmayaraq, faktiki ölmüş və tələf olmuş heyvanların hamısı, habelə təsərrüfatda məcburi kəsilmiş və əti yemək üçün yararlı olmayan və yaxud ətindən yalnız heyvan yemi kimi istifadə edilən mal-qaranın sayı daxildir. Mal-qara və quşların məhsuldarlığına aşağıdakılar daxildir:
Hər inək və camışdan (südlük məhsuldar inəkdən) orta hesabla süd sağımı - hesabat dövründə sağılmış südün ümumi həcmini hesabat ilinin əvvəlinə təsərrüfatda mövcud olmuş südlük inək və camışların sayına (ətlik inəkləri və qrup halında buzovları əmizdirmək üçün ayrılmış dayə inəkləri çıxmaq şərti ilə) bölməklə hesablanır.
Quşların məhsuldarlığı (yumurtlaması) - ana toyuqlardan il ərzində alınmış yumurtaların sayını (cavan quşlardan alınmış yumurtanı çıxdıqdan sonra) yumurtlayan toyuqların orta illik sayına bölməklə hesablanır. Yumurtlayan toyuqların orta illik sayı onların il ərzində yemləmədə olduğu yemgünlərin sayını ilin təqvim günlərinin sayına bölməklə tapılır. Yumurtlayan toyuqların yemgünlərinə, hesabat tərtib edilən anda yumurta verib - verməməsindən asılı olmayaraq, yaşlı (ana) toyuqların hamısının yemləndirildiyi günlərin sayı daxil edilir.
Orta yun qırxımı - il ərzində qırxılmış qoyun yununun cəminin ilin əvvəlinə mövcud olmuş, keçən ilin oktyabr-dekabr aylarında doğulmuş quzuları çıxmaqla, bütün yaşlardan olan qoyunların sayına bölünməsi yolu ilə hesablanır. Bu göstərici fiziki çəkiyə görə kiloqramla hesablanır.
Heyvandarlıq məhsulları istehsalı göstəriciləri:
Ət istehsalı (diri və kəsilmiş çəkidə hesablanır) mal-qara və quşların bütün növləri üzrə - mal, donuz, qoyun və keçi əti, quş və ada dovşanı əti, at əti (əgər qida üçün nəzərdə tutulmuşsa), dəvə əti ayrıca hesablanır; sağılmış südün və yığılmış yumurtanın ümumi həcmi (miqdarı); qırxılmış yunun fiziki çəkidə miqdarı; bal və heyvan mənşəli digər məhsulların istehsalı ayrılıqda göstərilir. Heyvandarlıq məhsulları istehsalına dair məlumatlar ilin əvvəlindən hesabat tarixinə kimi artan yekunla hesablanır. İstehsal olunmuş məhsulun həcmi kənd təsərrüfatı müəssisələri üzrə hesabat məlumatlarına görə, əhali və kəndli (fermer) təsərrüfatları üzrə isə seçmə müayinə məlumatlarına əsasən müəyyən edilir. Ət istehsalı kəsilmiş çəkidə, piy, I və II kateqoriya içalat da daxil edilməklə (habelə piy və içalat daxil edilmədən) və diri çəkiyə çevrilməklə hesablanır. Diri çəkidə ət istehsalı (kəsilmək üçün mal-qara və quş satışı) göstəricisinə topdanalış təşkilatlarına və emal müəssisələrinə satılmış, təsərrüfatda kəsilmiş və kəsilmək məqsədilə digər adamlara satılmış mal-qaranın diri çəkisi, kəsilmək üçün bazarda satılanlar da nəzərə alınmaqla daxil edilir. Yetişdirmək və kökəltmək məqsədilə bazarda satılmış mal-qara, 6 aya qədər buzov-danalar, quzu və çəpişlər, 2 aya kimi çoşqalar, habelə cücələr də bu göstəriciyə daxil edilmir. Kəsilmiş çəkidə ət, piy və içalatı hesablamaq üçün mal-qara və quşun diri çəkisindən; ət, piy və içalat çıxımı əmsallarından (ət emalı müəssisələrinin məlumatlarına əsasən) istifadə edilir. Əsas mal-qara növləri üzrə ət istehsalı (mal, donuz, qoyun, keçi və quş əti) aylıq və rüblük hesablanır; hesabat ili üçün isə heyvan və quşların bütün növləri üzrə, heyvanların digər növləri də daxil edilməklə, hesablama aparılır.
Süd istehsalı - ətlik və südlük inək və camışlardan, qoyun və keçilərdən, dəvədən faktiki sağılmış, cavan və xəstə heyvanların (buzovların) içirdilməsinə sərf edilən süd də daxil olmaqla südün hamısını əks etdirir. Ana (dayə) inəkdən buzovların əmdiyi süd, sağılmış südün miqdarına daxil edilmir.
Yumurta istehsalı - itkiyə silinmiş (sınmış, xarab olmuş və s.) və inkubasiya məqsədilə istifadə edilmiş yumurta da nəzərə alınmaqla, təsərrüfata məxsus bütün növlərdən olan quşlardan (toyuq, ördək, qaz, hind toyuğu) alınmış yumurtanın hamısı daxildir. Yumurta istehsalı aylıq və rüblük hesablanır, bu hesablamaya inkubasiya məqsədilə kənardan alınan yumurta daxildir.
Yun istehsalı - qoyun, keçi və dəvələrdən faktiki qırxılmış yunun hamısı, təsərrüfatdaxili ehtiyaclara istifadə edilən yun, yun kəsikləri, keçi qəzili, habelə təkrar (payız) qırxımdan alınmış yun da daxildir. Xəzlik qoyun dərilərinin sənaye emalı zamanı əldə edilmiş yun (“turş yun”) yun istehsalına daxil edilmir.
Bal istehsalına şanıdan (pətəkdən) çıxarılmış bal daxildir.
Kənd təsərrüfatı müəssisələrinin və əhali təsərrüfatlarının sayına hesabat ilinin axırına ədliyyə və vergi orqanlarında qeydiyyatdan keçmiş kənd təsərrüfatı müəssisələri və mövcud olan əhali təsərrüfatlarıdır (kəndli-fermer təsərrüfatları) daxildir.
Kənd təsərrüfatı müəssisələrində işçilərin orta siyahı sayı - il ərzində işçilərin orta siyahı sayı hesabat ilinin bütün ayları üzrə işçilərin orta aylıq sayını toplayıb alınan rəqəmi 12-yə bölmək qaydasında hesablanır (hesabat dövründə işçilərin orta siyahı sayı sənayedə olduğu kimi hesablanır).
Kənd təsərrüfatı müəssisələrinin əsas istehsal fondlarının ümumi dəyəri kənd təsərrüfatında iştirak edən əsas fondları xarakterizə edir. Əsas fondlara bina və tikililərin, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal və təsərrüfat avadanlıqlarının, alətlərin, iş heyvanları və məhsuldar mal-qaranın, çoxillik əkmələrin dəyəri daxil edilir. Bu göstəriciyə sənaye, tikinti və qeyri-kənd təsərrüfatı fəaliyyəti sayılan digər sahələrin əsas fondları daxil edilmir. Əsas fondlar barədə məlumatlar tam, ilkin dəyərə görə, aşınma çıxılmadan, yəni ilin axırına olan vəziyyətə görə tam balans dəyəri üzrə hesablanır. Məlumatları kənd təsərrüfatı müəssisələri ildə bir dəfə, yanvarın 1-i vəziyyətinə təqdim edirlər.
Kənd təsərrüfatı məhsullarının satışı - əsas kənd təsərrüfatı məhsullarının kənd təsərrüfatı müəssisələri tərəfindən topdanalış təşkilatlarına, emal müəsissələrinə istehlak kooperasiyası təşkilatlarına, bazarda, barter yolu ilə, birjalarda, hərraclarda, təsərrüfatın iaşə şəbəkəsi vasitəsi ilə əhaliyə satışını və əmək haqqı əvəzinə verilməsini səciyyələndirən göstəricidir. Məlumatlar mövcud dövlət statistika hesabatlarına uyğun olaraq kənd təsərrüfatı müəssisələrindən hər ay (artan yekunla), eləcə də əsas məhsul üzrə natura və dəyər ifadəsində bütövlükdə təqvim ili üçün yığılır.
Kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin indeksi qəbul edilmiş baza ilə müqayisədə hesabat dövründə kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin dəyişməsi dinamikasını öyrənmək üçün istifadə edilən göstəricidir. Bu göstərici cari hesabat dövründə məhsul satışının (müxtəlif kanallar və məhsullar üzrə) natura həcmi, cari və baza dövründə satılmış məhsulların faktiki qiymətlərindən (əlavə dəyər vergisi daxil edilmədən, dotasiya, alış qiymətlərinə əlavə ödənişlər daxil edilməklə və onlarsız) istifadə edilməklə, kənd təsərrüfatı müəssisələri üçün nəzərdə tutulmuş dövlət hesabatının dövriliyinə müvafiq olaraq hesablanır. Kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin indeksi iki indeks qrupundan ibarətdir: bitkiçilik məhsullarının satış qiymətlərinin indeksi və heyvandarlıq məhsullarının satış qiymətlərinin indeksi.
Kənd təsərrüfatı müəssisələrinin məhsul (işlər, xidmətlər) satışından əldə etdikləri gəlirlər - alıcılara göndərilmiş (satılmış) məhsula, yerinə yetirilmiş işə və göstərilmiş xidmətlərə görə kənd təsərrüfatı müəssisələrinin əldə etdikləri pul vəsaitidir. Kənd təsərrüfatı müəssisələrinin məhsulun (işlərin, xidmətlərin) istehsalı və satışına çəkdikləri xərclər göstəricisi kənd təsərrüfatı müəssisələrində məhsul istehsalı və satışının bütün mərhələlərində canlı əmək və istehsal vasitələri sərfini pul ifadəsində xarakterizə edir.
Məhsulların ehtiyatı və istifadə edilməsi balansı – il ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri, yəni kənd təsərrüfatı, emaledici sənaye, ticarət, xarici iqtisadi fəaliyyət üzrə məhsulların (taxıl, taxıl məhsulları, ət, süd, yumurta, kartof, tərəvəz, meyvələr, qənd, bitki yağları, balıq və balıq məhsullarının) hərəkətini əks etdirir. Balansın maddələri üzrə əsas növ kənd təsərrüfatı məhsullarının ehtiyatı və istifadə edilməsinə dair məlumatlar - ilin əvvəlinə qalıq, daxilolmalar, il ərzində istifadə və ilin axırına qalıq göstərilir.
Kənd təsərrüfatı müəssisələrində işçilərin orta aylıq əmək haqqı - siyahı və qeyri-siyahı işçi heyətinin hər nəfərinə görə pul və natura şəklində (maddi yardım və sosial güzəştlər də daxil edilməklə) əmək ödənişləri fondunun həcmidir. Məlumatlar hər ay kənd təsərrüfatı müəssisələrindən və kənd təsərrüfatı xidmətləri (torpaqların yaxşılaşdırılması və kimyalaşdırılması, baytarlıq xidmətləri istisna olmaqla heyvandarlıq sahəsinə xidmət göstərilməsi və istifadə edilən sahə təsnifatı ilə nəzərdə tutulmuş sair xidmətlər) göstərən müəssisələrdən alınır.
İstehsal ehtiyatlarına kənd təsərrüfatı məhsullarının məsrəfi - ərzaq ehtiyatlarından (resurslarından) qeyri-ərzaq məqsədləri üçün sənaye emalına (tibbi preparatlar istehsalına və s.) istifadə edilməsini xarakterizə edir.
Kəndli (fermer) təsərrüfatlarının sayı və onlara təhkim edilmiş yararlı torpaqların sahəsi. Kəndli (fermer) təsərrüfatları hüquqi şəxs sayılan müstəqil təsərrüfat subyekti hesab olunmaqla, ayrı-ayrı vətəndaşların, ailələrin mülkiyyətindən istifadə edib, yaxud torpaq və istehsal vasitələrini icarəyə götürməklə kənd təsərrüfatı məhsullarının istehsalını, emalını və satışını həyata keçirirlər. Kəndli (fermer) təsərrüfatlarının sayı və onlara təhkim edilmiş yararlı torpaqların sahəsi müvafiq orqanlarda qeydiyyatdan keçdiyi ana (tarixə) görə hesablanır. Məlumatlar yerli statistika orqanlarında mövcud olan müvafiq reyestr əsasında işlənib hazırlanır.
İstehsalın intensivliyi sahə vahidinə və heyvanların hər başına qoyulan vəsaitin səviyyəsi göstəricisi ilə qiymətləndirilir. Bura əsas və dövriyyə fondları, işçi qüvvəsi, material ehtiyatları ilə təminat, həmçinin əmək sərfinin səviyəsi göstəriciləri aid edilir. Göstəricilər ayrı-ayrı qruplar və növlər şəklində ayrılıqda göstərilir: güc maşınları, o cümlədən traktorlar; bütun iş maşınları, həmçinin istifadə məqsədlərinə və markalarına görə; mineral və üzvi gübrələr; yem cəmi və növlər üzrə; bitkilərin mühafizəsi üçün kimyəvi vasitələr və s. Bu göstəricilər 1 və ya 100 ha kənd təsərrüfatı üzrə cəmi kənd təsərrüfatı bitkilərinə, ayrı-ayrı sahələr üzrə; 1 ha əkin sahəsinə; natura və dəyər ifadəsində 1 baş heyvan növlərinə və qruplarına görə hesablanır.
Kənd təsərrüfatı istehsalında səmərəlilik göstəricisi istehsalın həcminin və gəlirlərin istifadə edilmiş ehtiyatların (əsas və dövriyyə vəsaitləri, torpaq, işçi qüvvəsi) və xərclərin məbləğinə nisbəti ilə xarakterizə olunur. İqtisadi səmərəliliyin ümumiləşdirici göstəricisi sahibkarlıq strukturunda aralıq istehlak xərcləri, həmçinin rentabellik hesab edilir. Rentabelliyin aşağıdakı göstəriciləri tərtib edilir: ümumi (balans mənfəətinin dövr ərzində istehsal fondlarının orta illik dəyərinə nisbəti); məhsulun rentabelliyi (məhsulun satışından və göstərilən xidmətlərdən əldə edilən gəlirin onların istehsalına və satışına nisbəti).