Tikinti sahəsi


Metodoloji izahlar
Tikinti statistikası yeni əsas fondların yaradılması, mövcud olanların isə genişləndirilməsi, yenidən qurulması və bərpasının öyrənilməsinə yönəldilmiş iqtisadi statistika sahəsidir.
İnvestisiya layihəsi - qarşıya qoyulan məqsədlərə (iqtisadi və ya qeyri-iqtisadi) nail olmağa yönəldilən xərclərin həyata keçirilməsi və ya kapital ehtiyatlarından (təbii ehtiyatlar, maşın, avadanlıq və s.), başqa sözlə, kapital yaradan investisiyalardan istifadə edilməsini tələb edən bütün tədbirlər başa düşülür.
Kapital (sərmayə) qoyuluşu - yeni tikintilərə, fəaliyyət göstərən müəssisələrin yenidən qurulması və genişləndirilməsinə, texniki vasitələrlə yenidən təchiz edilməsinə və güclərin saxlanılmasına çəkilən xərclərdən ibarətdir. Sahələr üzrə məlumatlar belə bölünür: sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı, tədarük, nəqliyyat, rabitə, tikinti, ticarət və iaşə, maddi-texniki təchizat və satış yalnız istehsal təyinatlı obyektlər üzrə göstərilir. Yaşayış, kommunal, mədəniyyət və s. qeyri-istehsal təyinatlı tikililər üzrə kapital qoyuluşu bu sahələrə daxil edilmir.
Ətraf mühitin mühafizəsinə kapital (sərmayə) qoyuluşu - həm yeni tikilən, həm də mövcud olan obyektlər üzrə bütün vəsait növləri hesabına (sərmayə qoyuluşu, ekoloji fondun vəsaiti, əməliyyat məsrəfləri üzrə dövlət büdcəsinin vəsaiti və s.) təbii ehtiyatların mühafizə edilməsi və onlardan səmərəli istifadə olunması üçün yerinə yetirilmiş bütün tədbirlərə çəkilən xərclər daxil edilir.

Təbiəti mühafizə obyektlərinin istifadəyə verilməsi aşağıdakıları əhatə edir:
- istehsal və kommunal çirkli sularının (bioloji, fiziki-kimyəvi və mexaniki) təmizlənməsi üçün olan bütün stansiyaları;
- neftin, mazutun, zibilin və digər maye və bərk tullantıların yığılması üzrə qurğular, avadanlıqlar, texniki donanmaları;
- dövri-istehsal su təchizatı sistemləri, müxtəlif şlamların (xırdalanmış filiz, kömür) dövrü hidrozolo təmizləmə (qazanxananın külünü və pasını təmizləmə) və hidrotəmizləmə sistemləri də daxil edilməklə qapalı dövrəli su təchizatı sistemlərini;
- bərk və maye şəklində olan zəhərli sənaye, məişət və digər tullantıların (radioaktiv maddələrdən başqa) yığılması, istifadə edilməsi, zərərsizləşdirilməsi üzrə müəssisələrin tikintisini;
- digər təbiəti mühafizə obyektlərini.
Sifarişçi - investisiya prosesinin və inşaat işlərinin həyata keçirilməsində iştirakçılardan biridir, onlar həmçinin investisiya layihələrinin həyata keçirilməsi səlahiyyəti verilmiş fiziki və hüquqi şəxslər ola bilərlər.
Tikintidə xarici sərmayədarların hesabına kapital qoyuluşu - hesabat dövründə xarici sərmayədarlar tərəfindən həyata keçirilən tikintiyə (yenidənqurma, genişləndirmə, texniki silahlanma) maliyyə (valyuta) və ya materiala (avadanlıq, texnologiya) çəkdikləri xərclər aid edilir. Buraya əsaslı tikintidə xarici firmaların, birgə müəssisələrin istifadə edilmiş və mənimsənilmiş vəsaitləri, xarici kreditlər, qrantlar və humanitar yardımlar aiddir.
Kapital (sərmayə) qoyuluşunun texnoloji strukturu - texnoloji struktura görə sərmayə qoyuluşu aşağıdakılardan ibarətdir: bütün növlərdən olan tikinti-quraşdırma işləri; avadanlığın quraşdırılması işləri; tikinti smetalarında nəzərdə tutulmuş avadanlıq, alət və inventar; tikinti smetasına daxil edilməyən maşın və avadanlıq; sair əsaslı tikinti işləri və xərclər. Bu göstərici istehsal və qeyri-istehsal təyinatlı obyektlər üzrə və ayrıca istehsal təyinatlı obyektlər üzrə göstərilir. Tikinti-quraşdırma işlərinə aid edilir:
- daimi və müvəqqəti binaların və qurğuların tikilməsi, genişləndirilməsi, yenidən qurulması, bərpa edilməsi üzrə və onlarla əlaqədar yığılmış dəmirbeton, metal, ağac və digər tikinti konstruksiyalarının quraşdırılması üzrə işlər;
- su təchizatı və kanalizasiya, istilikvermə, qazlaşdırma və enerji təchizatının xarici və daxili şəbəkələrinin qurulması üzrə; çirklənmədən ətraf mühitin mühafizəsi üçün qurğuların (tikililərin) quraşdırılması üzrə; neft, qaz kəmərlərinin, elektrik ötürmə xətlərinin, rabitə xətlərinin qurulması, körpülərin qurulması, sahil yol işləri, sualtı-texniki, dalğıc və tikintidə xüsusi işlərin digər növləri üzrə işlər;
- avadanlıqların altında əsasların (özüllərin), himlərin və dayaq konstruksiyaların quraşdırılması üzrə, qazanların, sobaların və digər aqreqatların hörülməsi və içərisinin odadavamlı materiallarla örtülməsi;
- sahələrdən istifadə edilməsi, ərazilərin yuyulması və bununla əlaqədar tikililərin sökülməsi, ağacların kəsilməsı, kötüklərin çıxarılması, qurudulması, şaquli planlaşdırma da daxil olmaqla tikinti ərazilərinin hazırlanmasının planlaşdırılması üzrə işlər;
- tikinti ərazilərinin, həmçinin qəsəbələrin və şəhərlərin yaşıllaşdırılması və abadlaşdırılması üzrə işlər;
- meliorasiya (suvarma, qurudulma və s.) üzrə, istixanaların və parniklərin quraşdırılması, dənizin dibinin dərinləşdirilməsi, sahilbərkitmə, bataqlıqların hazırlanması (yol təmiri işlərindən, çayların, gəmiçilik kanallarının və akvatoriyaların farvatelərinin (gəmi keçə bilən yerlərin) saxlanması üzrə dibinin dərinləşdirilməsi işlərindən, həmçinin mövcud torf müəssisələrində bataqlıqların qurudulması üzrə işlərdən başqa) üzrə işlər;
- dağ-tikinti və açma işləri (fəaliyyətdə olan müəssisələrin istismar xərcləri hesabına görülmüş işlərdən başqa);
- binaların və qurğuların tikilməsi, həmçinin artezian quyularının tikilməsi üzrə işlərlə əlaqədar geoloji və hidroloji (qazma, şurf vasitəsilə kəşfiyyat, suyun çəkilməsi və s.) işlər;
- quraşdırmanın keyfiyyətinin yoxlanılması və sınaqdan keçirilməsi də daxil olmaqla texnoloji, energetika, qaldırıcı-nəqliyyat, nasos-kompressor və digər avadanlıqların yığılması, quraşdırılması üzrə işlər;
- quraşdırılan avadanlıq üçün şəbəkənin qurulması (suyun, havanın, buxarın, soyuducu mayenin gətirilməsi, enerji və rabitə kabellərinin və xətlərinin keçirilməsi, çəkilməsi, dartılması və qurudulması) üzrə işlər;
- texnoloji metal konstruksiyaların, xidmətedici meydançaların, avadanlıqların, konstruksiya ilə bağlı pilləkənlərin və digər qurğuların quraşdırılması işləri;
- tikinti normalarında və qaydalarında, həmçinin avadanlıqların quraşdırılmasının qiymət cədvəllərində nəzərdə tutulmuş, ancaq yuxarıda qeyd olunmuş digər işlər və xərclər.

Avadanlıqlara, cihazlara və alətlərə çəkilən xərclərə aid edilir:
- smetada nəzərdə tutulmuş texnoloji, energetika, qaldırıcı-nəqliyyat və digər istehsal avadanlıqlarının (quraşdırma tələb edən və etməyən) alınması;
- smetada nəzərdə tutulmuş və müəssisə və tikililərin istifadəyə verilməsi üçün zəruri olan cihazların, avadanlıqların və qurğuların alınması;
- milli təcrübəyə uyğun olaraq, smetaya daxil edilməyən avadanlıq, maşın və mexanizmlərin alınması;
- avadanlıqların quraşdırmadan əvvəl yoxlanması və aşkara çıxarılmış nöqsanların aradan qaldırılmasına çəkilən xərclər (əgər bu xərclər kapital qoyuluşunun hesabına həyata keçirilirsə);
- lizinq üzrə alınmış avadanlıq, maşın və mexanizmlərin dəyəri;
- istehsal olunan gəmilərin hazırlıq vəziyyətindən asılı olaraq, gəmiqayırma zavodlarına ödəmələr;
- tikintidə avadanlıqların, hazırlanmış ayrı-ayrı qovşaqların və hissələrin dəyəri.

Digər əsaslı işlərə və xərclərə aid edilir:
- müəyyən obyektlərin tikintisi ilə əlaqədar layihə-axtarış işlərinə xərclər;
- tikintinin smetasında nəzərdə tutulmuş tikilən müəssisələr üçün istismarda çalışacaq kadrların hazırlanması xərcləri;
- texniki nəzarət, həmçinin layihə təşkilatının müəlliflik nəzarəti də daxil edilməklə tikilən müəssisələrin direksiyasının (rəhbərliyinin) saxlanılmasına çəkilən xərclər;
- neft, qaz və isti bulaqların, dərin kəşfiyyat quyularının qazılması və istismarı işlərinə çəkilən xərclər;
- tikinti ilə əlaqədar olaraq torpaq sahələrinin ayrılması və əhalinin köcürülməsi xərcləri (tikinti işlərindən başqa, köçürmə ilə əlaqədar olan);
- tikinti üçün torpaq sahələrinin ayrılmasında vətəndaşlara aid olan çoxillik tikililərin və əkilmiş bitkilərin dəyərinin ödənilməsi ilə əlaqədar olan xərclər;
- çoxillik meyvə və giləmeyvəliklərin və meşə zolaqlarının, o cümlədən avtomobil və dəmir yolları boyunca əkilməsinə və yetişdirilməsinə çəkilən xərclər;
- əsas sürünün formalaşmasına, məhsuldar və işlək mal-qaranın alınmasına çəkilən xərclər (milli uçot təcrübəsinə uyğun olaraq);
- tikintinin hesablanmış ümumi smeta xərclərində nəzərdə tutulan, tikinti-quraşdırma işlərinə aid olmayan digər işlər və xərcləri.

Əsas fondların təkrar istehsalı istiqamətinə uyğun olaraq kapital qoyuluşu aşağıdakılara bölünür:
- yeni tikinti;
- fəaliyyətdə olan müəssisələrin texniki silahlanması və yenidən qurulması;
- fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi;
- fəaliyyətdə olan müəssisələrin gücünün saxlanılması;
- göstərilmiş istiqamətlərə aid olmayan ayrı-ayrı obyektlərin tikintisi.

Layihə tədqiqat işləri - bina, qurğu və obyektlərin tikilməsini həyata keçirmək üçün smeta sənədlərinin tərtib edilməsi, işçi sənədlərin, layihələrin hazırlanması, tikintinin texniki-iqtisadi əsaslandırmalarının işlənməsi, mühəndis tədqiqatlarının aparılması üzrə kompleks işlərdir.
Tikinti – müəyyən edilmiş qaydada təsdiq olunmuş tikintinin ayrıca titul və yaxud onu əvəz edən sənəd əsasında bir qayda olaraq, vahid layihə-smeta sənədləri üzrə həyata keçirilən bina və qurğuların (obyektlərin) tikintisi, yenidən qurulması və genişləndirilməsinin məcmusudur.
Tikinti podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlər – tikinti podratı müqavilələr əsasında sifarişçi müəssisə və təşkilatlarla bağlanan müqavilələr üzrə öz gücləri ilə yerinə yetirilmiş işlərdir. Görülən bu işlərin dəyərinə tikinti-quraşdırma işləri (yeni tikinti, yenidən qurma, genişləndirmə və texnika ilə yenidən silahlanma), əsaslı və cari təmir işləri, həmçinin digər podrat işləri daxildir.
Tikinti obyekti – tikintisi, yenidən qurulması və genişləndirilməsi üzrə müəyyən edilmiş qayda əsasında ayrıca layihə, smeta tərtib edilən binaların və qurğuların (obyektlərin) məcmusudur.
Yeni tikinti - istismara verildikdən sonra öz müstəqil balansına malik olacaq və yeni sahələrdə və yaxud ləğv edilmiş müəssisələrin əvəzində yeni istehsal gücünün yaradılması məqsədilə yenidən yaradılan müəssisə, bina və tikililərin, həmçinin filialların və ayrıca istehsalların əsas, köməkçi və xidmət təyinatlı obyektlər kompleksinin tikilməsi daxildir.
Tikintinin son məhsulu – bazar və qeyri-bazar xidmətləri göstərən və əmtəə istehsal edən bina, avadanlıq və digər sahələrin obyektləri olan istehsal gücləridir.
Buraxılış kompleksi – istismara verilməsi bu buraxılış kompleksi üçün layihə ilə nəzərdə tutulmuş məhsul buraxılışını, yaxud xidmətlərin göstərilməsini və mövcud normalara uyğun olaraq işçilər üçün normal sanitar-məişət şəraitini təmin edən əsas, köməkçi və xidmət təyinatlı obyektlərin məcmusudur.
Tam istifadəyə verilmə - layihədə nəzərdə tutulmuş bütün obyektlərin tikintisinin başa çatması və istifadəyə verilməsi başa düşülür.
Qismən istifadəyə verilmə - layihədə mərhələlərlə yerinə yetrilməsi nəzərdə tutulan ayrı-ayrı tikinti obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bina - təyinat funksiyasından asılı olaraq, adamların yaşamaq və ya qalmaq, müxtəlif istehsal proseslərini həyata keçirmək üçün əsas, əhatəli və qarışıq konstruksiyalardan ibarət olan, yerüstü həcmi qapalı şəkildə olan tikinti sistemləridir. Təyinat funksiyasından asılı olaraq, bina yaşayış və qeyri-yaşayış binalarına bölünür. Yaşayış binalarına daimi yaşamaq üçün nəzərdə tutulan: ümumi məqsədlər üçün yaşayış evləri, yataqxanalar, internat məktəblərinin yatmaq üçün korpusları və s. daxildir. Qeyri-yaşayış məqsədli binalara əmək şəraiti, əhaliyə sosial-mədəni xidmət və maddi qiymətlilərin qorunması şəraiti olan binalar daxildir.
Binanın ümumi tikinti həcmi – 0,00 nöqtəsindən yuxarıda (yerüstü hissə) və aşağıda (yeraltı hissə) qalan hissələrin cəmi kimi müəyyənləşdirilir.
Binanın ümumi sahəsi – binanın bütün mərtəbələrinin sahəsi, divarların daxili sətlərinin sahəsi, həmçinin eyvan və xüsusi düzəldilmiş yerlərin sahəsi daxildir.
İstifadəyə verilmiş yaşayış və sosial- mədəni təyinatlı obyektlərə tikintisi başa çatdırılmış və müəyyənləşdirilmiş qaydada istifadəyə qəbul edilmiş aşağıdakı obyektlər daxil edilir:
- yaşayış evləri və daimi yaşayış üçün nəzərdə tutulan yataqxanalar, mənzil və mehmanxana tipli yaşayış evlərinin kvadratmetrlə ümumi sahəsi; yaşayış mənzilləri olan qeyri-yaşayış binaları; ümumtəhsil məktəblərinin nəzdindəki internatlar da daxil edilməklə, onların yataqxanaları; mehmanxanaların sahəsinin, yaşayış binaları və yataqxanaların sahələrinin yaşayış üçün nəzərdə tutulmayan otaqlarının (mağazaların, apteklərin, bərbərxanaların və s.) sahəsi göstəriciyə daxil edilmir;
- xəstəxanalar, çarpayılar (xəstəxanalarda, müharibə əlilləri üçün hospitallarda, doğum evlərində, uşaq xəstəxanalarında, ali məktəblərin klinikalarında, stasionar poliklinikalarda, dispanserlərdə, tibbi elmi-tədqiqat institutlarında, həkim və feldşer sağlamlıq məntəqələrində, tibbi sanitar məntəqələrində, feldşer-mama məntəqələrində, qadın və uşaq məsləhətxanalarında);
- ümumtəhsil məktəbləri, şagird yerləri (ümumtəhsil məktəblərində, bütün növlərdən olan ümumtəhsil internat məktəblərində); - məktəbəqədər müəssisələr, yerlər (məktəbəqədər müəssisələrdə, mövsümi müəssisələr də daxil edilməklə).
İstehsal güclərinin istifadəyə verilməsi - yeni tikilən və tikintisi tam başa çatdırılmış obyektlər üzrə istifadəyə verilmiş istehsal gücləri, həmçinin bütün maliyyə mənbələri hesabına aparılan yenidənqurma və texniki vasitələrin yenidən təchiz edilməsi nəticəsində əldə edilmiş istehsal güclərinin artımı daxil edilir. Hesabatda istehsal gücləri faktiki qəbul edilmiş və qəbul aktlarında göstərilmiş həcmdə (miqdarda) əks etdirilir. Tikilmiş sexlərdə, korpuslarda lazım olan avadanlığın tam quraşdırılması başa çatmayıbsa və yaxud avadanlıq quraşdırılıb, lakin layihədə nəzərdə tutulan məhsulun buraxılışına başlanmayıbsa, onda istehsal gücləri istifadəyə verilmiş hesab edilmir və bu göstəriciyə dair məlumatlara daxil edilmir.
Əsas fondların istifadəyə verilməsi - tikintisi qurtarmış və istifadəyə verilmiş müəssisələrin, istehsal və qeyri-istehsal təyinatlı müəssisələrin, bina və tikililərin dəyərini əks etdirir. Tikinti smetasına daxil olan və olmayan istifadəyə verilmiş bütün maşınların, bütün növ nəqliyyat vasitələrinin, avadanlıq növlərinin (quraşdırılması tələb olunan və tələb olunmayan) dəyəri; əsas fondlara aid edilən alət, avadanlıq və s. əşyaların dəyəri; çoxillik bitkilərin (bağların, üzümlüklərin və s. dəyəri) torpaqların qurudulması və suvarma işlərinin dəyəri, qazma işləri başa çatdırılmış və istifadəyə verilmiş neft və qaz çıxarma quyularının, habelə lazımi qədər neft və qaz ehtiyatı (debeti) olub istismar üçün nəzərdə tutulan (yararlı olan) kəşfiyyat quyularının dəyəri; torpaqların yaxşılaşdırılması üçün kapital qoyuluşu və əsas fondların dəyərinin artırılması ilə əlaqəsi olan sair xərclər bu göstəriciyə daxil edilir. Müəssisələrin tikintisi üzrə məlumatlar tikilmiş obyektin təyinatından asılı olaraq, fəaliyyət təsnifatına müvafiq surətdə iqtisadiyyatın sahələrinə bölünür. Əsas fondların istifadəyə verilməsi mövcud faktiki qiymətlərlə göstərilir.
Fəaliyyətdə olan müəssisələrdə texniki cəhətdən yenidən silahl