Ticarət, xidmət və turizm sahəsi


Metodoloji izahlar
Pərakəndə əmtəə dövriyyəsi- əmtəələrin tədavül sferasından şəxsi istehlak sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.
İaşə əmtəə dövriyyəsi- iaşə şəbəkələri vasitəsi ilə kulinariya məhsulları, xörəklər, yarımfabrikatlar, həmçinin aşbazlıq emalından keçməmiş digər əmtəələrin əhaliyə satışını əks etdirir.
Topdansatış əmtəə dövriyyəsi- əmtəələrin böyük həcmlə, sonradan əhaliyə satmaq məqsədi ilə bir müəssisədən digərinə satışını əks etdirir.
Əhalinin sifarişi ilə, onun şəxsi tələbatını ödəmək üçün göstərilən və haqqı əhali tərəfindən ödənilən xidmətlər əhaliyə göstərilən pullu xidmətlərə aid edilir.
Fiziki həcm indeksləri- göstəricilərin real həcminin dəyişmə dinamikasını xarakterizə edir. Hesabat dövründəki göstəricinin baza dövrünün qiymətləri ilə həcminin baza ili üzrə faktiki göstəriciyə faizlə nisbəti kimi hesablanır.

Turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir).
Turist - istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir.
Tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan formasıdır.
Turizm yollayışı blankı - ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəddir.
Turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər).
Mehmanxana və mehmanxana tipli müəssisələr - nömrələrinin sayı müəyyən minimum saydan çox olan, vahid rəhbərliyə malik, nömrələrində gündəlik yataqların səliqəyə salınması və sanitar qovşağının yığışdırılması daxil edilməklə, turistlərə müəyyən xidmətlər göstərilən, xidmətlərin və mövcud olan avadanlıqların səviyyəsinə əsasən qrup və kateqoriyalara bölünən müəssisələrdir.
Mehmanxana və mehmanxana tipli müəssisələrin kateqoriya nişanı - müəssisələrin müəyyən kateqoriyayası attestasiya məlumatına uyğun olaraq istehlakçıya və digər maraqlı tərəflərə çatdırmaq üçün səkkizguşəli sərbəst ölçüdə sayı birdən beşə qədər olan ulduzlar dəsti ilə ifadə olunur.
Nömrə fondu. Yerləşdirmə obyektlərində nömrələrin ümumi sayı nəzərdə tutulur. Yerləşdirmə obyektlərində turistlərin müvəqqəti qalması üçün lazımi mebeli, avadanlığı və inventarı olan bir və ya bir neçə otağı olan sahə nömrə adlanır.
Gecələmələr. Nömrə və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını əks etdirir və mehmanxanada gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir. Bu göstərici “il ərzində təqdim edilən çarpayı - sutka” göstəricisi ilə eyni olub hesabat ili ərzində təqdim edilən çarpayıların sayını əks etdirir. Mehmanxanaların orta yüklənmə əmsalı (K) hesabat dövründə gecələmələrin sayının birdəfəlik tutuma nisbəti kimi hesablanır.

gecələmələrin sayı
K = ------------------------------------------------------------------------------- X 100
birdəfəlik tutum X hesabat dövründə günlərin sayı

Yerləşdirilmiş şəxslərin sayı. İl ərzində yollayışla və yollayışsız gələn şəxslərin mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilməsidir. Yerləşdirilmiş şəxslər mehmanxana və mehmanxana tipli müəssisələrdə səfərlərin məqsədlərinə, müddətinə və nəqliyyat vasitələrinə görə təsnifləşir.


İxrac – muxtar respublikada istehsal olunmuş, başqa ölkələrdən və ya Azərbaycan Respublikasından gətirilmiş malların muxtar respublika sərhədlərindən kənara göndərilməsidir. Muxtar respublikanın öz istehsalı sayılan mallara, həmçinin muxtar respublikaya gətirilən və təkrar emal olunaraq əsas kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir.
İdxal – muxtar respublikaya istehlak edilmək üçün, həmçinin təkrar ixrac etmək üçün muxtar respublika sərhədlərindən kənardan mal gətirilməsidir.
Xarici ticarət dövriyyəsi – idxal və ixracın həcminin cəmidir.
Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.