Demoqrafiya


Metodoloji izahlar
Doğulanlar və ölənlər haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən doğum və ölüm haqqında aktlarda olan məlumatların statistik cəhətdən hər ay təhlil edilməsi əsasında əldə edilir. Doğulanların sayına yalnız diri doğulanlar daxil edilir.
Əhalinin təbii artımı – təqvim ilində diri doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir.
Doğum və ölümün ümumi əmsalları – müəyyən bir müddətdə doğum və ölümün intensivliyini müəyyən edən göstəricidir, diri doğulanların və ölənlərin sayının əhalinin orta illik sayına nisbət ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Təbii artımın əmsalı – əhalinin təbii artımı nisbi göstəricilərlə də səciyyələndirilə bilər. Əhalinin təbii artımının əhalinin orta illik sayına bölünməsi ilə və ya doğumun və ölümün ümumi əmsallarının fərqi ilə müəyyən olunur. Təbii artımın ümumi əmsalı əsasən doğumun və ölümün təsiri altında əhalinin sayının dəyişilməsinin qiymətləndirilməsi zamanı istifadə olunur. Göstərilən ərazidə demoqrafik vəziyyət və onun dəyişiklikləri xüsusi göstəricilər sistemi vasitəsilə öyrənilir. Belə ki, təbii hərəkətin ümumi əmsalları keçmiş illərdə doğulanların və ölənlərin sayının dəyişməsinin təsiri altında əhalinin yaşa və cinsə görə tərkibindən asılıdır. Əhalinin yaş–cins tərkibinə həmçinin miqrasiya da təsir göstərir.
Doğulanda gözlənilən ömür uzunluğu (0 yaş üçün) – doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada doğulanların bütün ömrü boyu ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.
Ölümün ümumi əmsalı – əhali arasında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Körpə ölümünün əmsalı – bir yaşadək (0 yaşda) körpələrin ölümünü səciyyələndirir. Körpə ölümünün səviyyəsi ölümün ümumi əmsalından fərqli olaraq bir yaşadək körpələrin ölüm hallarının onların orta illik sayına nisbəti kimi deyil, diri doğulanların ümumi sayına nisbəti ilə hesablanır. Nikah və boşanmalar haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən nikahın bağlanması və pozulması haqqında müvafiq aktlarda olan məlumatların statistik cəhətdən işlənib hazırlanması nəticəsində əldə edilir. Azərbaycan Respublikasında ailə qurmaq üçün qanunla müəyyənləşdirilmiş minimum yaş həddi kişilərdə 18, qadınlarda isə 17 yaşdır. Nikah tarixi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən qeydiyyatdan keçmə tarixi hesab edilir. Nikahın pozulması qeydiyyatdan keçirildiyi andan pozulmuş hesab edilir.
Nikah - kişi və qadının bir-birinə və uşaqlara qarşı hüquq və vəzifələrini müəyyənləşdirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir. Əhalinin təbii hərəkətinin cari statistikası yalnız hüquqi cəhətdən qeyd olunmuş nikahları nəzərə alır. Əhalinin siyahıyaalınmasında isə rəsmi qeydə alınıb-alınmamasından asılı olmayaraq, faktiki nikahda olanlarda hesaba alınır.
Nikahın ümumi əmsalı – qeydə alınmış nikahların sayının əhalinin orta illik sayına olan nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Boşanma (nikahın pozulması) – birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur.
Boşanmanın ümumi əmsalı – göstərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.