Əmək statistikası


Metodoloji izahlar
Bölmədə əhalinin sayı, iqtisadi fəallıq haqqında və sair məlumatlar əks etdirilmişdir.
Əhali haqqında məlumatların mənbəyi əhalinin siyahıyaalınması zamanı əldə olunan məlumatlardır.
Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalınmasının yekunları əsasında aparılır.
Hər il muxtar respublikada doğulanların və muxtar respublikaya gələnlərin sayı əhalinin sayı üzərinə gəlinir, ölənlərin və muxtar respublikanı tərk edənlərin sayı isə əhalinin sayından çıxılır.
Əhalinin orta illik sayı - müvafiq ilin əvvəlinə və axırına olan sayın riyazi yolla hesablanmış orta sayıdır.
Əmək ehtiyatları - əhalinin işləmək qabiliyyəti olan hissəsi başa düşülür. Onların tərkibinə ancaq iqtisadi cəhətdən fəal əhali deyil, həm də hazırda işləməyən və iş axtarmayan əmək qabiliyyətli şəxslərin digər kateqoriyaları, o cümlədən istehsalatdan ayrılmaqla təhsil alanlar da daxil edilir.
Əmək qabiliyyətli yaşda olanlar – 1999-cu ilədək – kişilər 16-59, qadınlar 16-54 yaşda; 1999-2000-ci illərdə - kişilər 15-60, qadınlar 15-55 yaşda; 2001-ci ildən - kişilər 15-61, qadınlar 15-56 yaşda; 2010-cu ildən - kişilər 15-61,5, qadınlar 15-56,5 yaşda, 2011-ci ildən kişilər 15-62, qadınlar 15-57, 2012-ci ildən qadınlar 15-57,5, 2013-cü ildən qadınlar 15-58, 2014-cü ildən qadınlar 15-59.
Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali – qanunvericilikdə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olanlardır.
İqtisadi fəal əhali (işçi qüvvəsi) – məşğul və işsiz əhalinin ümumi sayını əhatə edir. 15 və yuxarı yaşda məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, əyani təhsil alan tələbələr, yaşa, staja görə və güzəştli şərtlərlə pensiya alanlar, mülkiyyətdən gəlir alanlar, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan və s. şəxslərdir. Məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsizlərin sayı ilin sonuna əks etdirilmişdir.