Məlumatı yüklə

2020-ci ilin yanvar-oktyabr aylarında

Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafı




Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manata çatmışdır.

***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 900 milyon 258 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

***

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 859 milyon 181 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 810 milyon 742 min 300 manatı və ya 94,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

***

2020-ci ilin yanvar-oktyabr aylarında 431 milyon 390 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 20839 ton, süd istehsalı 79649 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır.

***

2020-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 47 milyon 323 min manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 4,4 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 37 milyon 582 min 100 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.

***

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 153 milyon 793 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 dəfə çoxdur. Verilmiş kreditlərin 16 milyon 205 min 600 manatı və yaxud 10,5 faizi qısamüddətli, 137 milyon 587 min 900 manatı və yaxud 89,5 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

***

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.

1 noyabr 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 91075-ə çatmışdır ki, bunun da 79458-i və ya 87,2 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-oktyabr aylarında açılmış 31462 bank hesabının 31453-ü aktiv hesablar olmuşdur.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2020-ci il tarixə 1397-yə çatmışdır.

***

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil etmiş, 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

***

2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 528 manata çatdırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

***

1 oktyabr 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 2685 nəfər artaraq 461 min 410 nəfər olmuşdur.

yuxarı

BAĞLA