Məlumatı yüklə

Əhalinin sağlamlığı üzrə ardıcıl

tədbirlər həyata keçirilir




Son illər muxtar respublikada həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə olunmuş iqtisadi nailiyyət bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib.

Muxtar respublikada səhiyyə obyektlərinin infrastruktur təminatının yenilənməsi, xəstəxanalarda müasir tibbi avadanlıqların quraşdırılması əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb. Belə ki, təkcə 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 46 həkim ambulatoriyası, 58 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Həyata keçirilən tədbirlərin davamlılığının qorunması məqsədilə cari ilin yanvar-sentyabr aylarında Ordubad rayonunun Vənənd, Şərur rayonunun Məmmədsabir, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Muğancıq-Mehrab və Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmış, Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilmişdir.

Səhiyyə sistemində kadr potensialının yaxşılaşdırılması istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisaslı tibb kadrlarının hazırlanması davam etdirilir. Bununla yanaşı, bu sahədə çalışanların bilik və təcrübələrinin artırılması məqsədilə çoxsaylı seminarların, konfransların keçirilməsi və tibb işçilərinin kurslara göndərilməsi təcrübəli kadrların formalaşmasına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamı ilə Şərur rayonunda, 2019-cu il 5 iyul tarixli Sərəncamı ilə Kəngərli rayonunda, 2019-cu il 31 oktyabr tarixli Sərəncamı ilə Şahbuz rayonunda, 2019-cu il 10 dekabr tarixli Sərəncamı ilə Ordubad rayonunda, 2019-cu il 24 dekabr tarixli Sərəncamı ilə Babək rayonunda və 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.

Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalamışdır.

Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2019-cu il 26 dekabr tarixdə Sərəncam imzalanmışdır.

İnsanların sağlamlığının qorunmasında keyfiyyətli ərzaq məhsulları ilə yanaşı, içməli su təminatı da mühüm rol oynayır. Su ilə yayıla bilən xəstəliklərin azaldılması və su mənbələrinin təmizlənməsi inkişaf edən ölkələrdə əhəmiyyətli sağlamlıq tədbiridir.

Bu istiqamətdə muxtar respublikada yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmiş, mövcud kaptajlar və içməli su xətləri bərpa olunmuşdur. Ötən dövrdə Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir.

Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci və ikinci mərhələsi, Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya sistemləri istifadəyə verilmişdir.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin ötən dövründə Şərur rayonunda Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi başa çatdırılmış, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.

Bundan əlavə, Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılmış, Babək rayonunun Sirab, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi davam etdirilmişdir.

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması əhali sağlamlığını şərtləndirən əsas amillərdən biridir. Muxtar respublikada geniş vüsət almış yaşıllaşdırma tədbirlərinin nəticəsi olaraq təkcə 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək muxtar respublikada 5403 hektardan çox sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.

Cari ilin yaz əkini dövründə 282 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 207 minə yaxın ağac və gül kolu əkilmişdir.

Əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan vermişdir. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 75,1 yaş, o cümlədən kişilərdə 73,2, qadınlarda isə 76,9 yaş təşkil edirdisə, 2019-cu ildə bu göstərici 78,7, o cümlədən kişilərdə 76,6, qadınlarda isə 80,7 yaş səviyyəsində olmuşdur.

Səhiyyə sahəsində görülən kompleks işlərin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri demişdir: “Əhalinin sayının artması muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlərin daha əhatəli və səmərəli təşkilini şərtləndirir. Ona görə də insanların sağlamlığının keşiyində durmaq, onların sağlamlığını qorumaq bundan sonra da sosial sahədə həyata keçirilən tədbirlərin əsasını təşkil etməlidir”.

Bütün sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin sağlamlığına və sosial müdafiəsinin gücləndirilməsinə yeni imkanlar yaratmaqdadır.


yuxarı

BAĞLA