Məlumatı yüklə

Muxtar respublikada statistika sistemi

müasir tələblərə uyğun qurulub



Statistika sosial-iqtisadi proqnozların dəqiq verilməsində və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas vasitədir. Statistik göstəricilərin təhlili müvafiq sahədə inkişaf meyillərinin müəyyənləşdirilməsinə imkan verir.

Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamış və sonrakı illərdə uğurla davam etdirilmiş islahatlar rəsmi statistikanın da inkişafına öz təsirini göstərmişdir. Son illərdə muxtar respublikada da bu sahənin inkişafına xüsusi diqqət yetirilir, rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” statistika sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsini, dayanıqlı inkişaf ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini, bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədilə hazırlanmışdır.

Dövlət proqramında 29 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. 2 bənd üzrə müəyyən edilmiş tapşırıqların icrası başa çatdırılmışdır. Belə ki, həyətyanı sahələrdə yetişdirilən məhsullarla bağlı seçmə statistik müayinə aparılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Statistik Məlumatlar Sisteminin elektron bazası, proqram təminatı hazırlanmış və təqdimatı keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir inzibati binaların tikilərək istifadəyə verilməsi, ərazi nümayəndəliklərində statistika ştatlarının təsis olunması, şəhər və rayon idarələrinin yaradılması muxtar respublikanın statistika orqanlarının fəaliyyətində əsaslı dönüşə səbəb olmuşdur. Artıq Dövlət Statistika Komitəsinin fəaliyyəti üçün hərtərəfli şərait var. Statistik Məlumatlar Sisteminin təqdimatı isə kollektivin işini xeyli asanlaşdıracaqdır. Ona görə də statistika işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, məlumatlar onlayn qəbul edilməli və işlənilməli, düzgün və təhlilli statistik hesabatlar hazırlanmalıdır”.



2020-ci ilin ötən dövründə proqramın 8 bəndinin icrası ilə bağlı işlər görülmüş, mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sisteminin hazırlanması və məlumat bazasının yaradılması ilə bağlı tapşırığın icrası istiqamətində 2019-cu ilin yekun məlumatları əsasında 2020-ci il üzrə müəssisələrin mikro, kiçik, orta və iri kateqoriyalarına görə bölgüsü müəyyənləşdirilmişdir. Yeni bölgüyə əsasən aylıq və rüblük dövrdə hesabatların təqdim edilməsi üçün Statistik Məlumatlar Sistemində müvafiq yeniliklər aparılmış, hesabatların qəbuluna və məlumat bazasının yaradılmasına başlanılmışdır.

Dövlət proqramında müxtəlif sahələr üzrə statistik müayinələrin keçirilməsi nəzərdə tutulmuşdur. Ötən dövrdə muxtar respublika üzrə işçi qüvvəsinə, turizmə və ev təsərrüfatları büdcələrinin tədqiqatına dair seçmə statistik müayinələr keçirilmiş, sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti və onlardan istifadəyə dair statistik müayinənin keçirilməsi ilə bağlı tapşırığın icrası istiqamətində müvafiq proqram təminatı hazırlanmış və Statistik Məlumatlar Sistemində yerləşdirilmişdir. Bu sahədə statistik müayinənin keçirilməsinə aprel ayından başlanılmışdır.

Proqramın icrasına uyğun olaraq 1 yanvar 2020-ci il tarixə təsərrüfatbaşına uçot sənədləri əsasında kənd təsərrüfatı ilə məşğul olan ailə-kəndli və ev təsərrüfatlarının elektron məlumat bazasının yaradılması işləri Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonları üzrə başa çatdırılmışdır.

Muxtar respublikada dövlət orqanlarının maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Dövlət proqramında da Dövlət Statistika Komitəsinin və onun yerli orqanlarının informasiya və kommunikasiya texnologiyaları avadanlıqlarının yenilənməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Ötən dövrdə tapşırığın icrası məqsədilə komitənin aparatında server quraşdırılmışdır.

Peşə hazırlığı əmək məhsuldarlığının yüksəldilməsinə təsir edən ən mühüm faktorlardan biridir. Proqramın icrasına uyğun olaraq yerli statistika orqanları işçilərinin peşə hazırlığının artırılması da diqqətdə saxlanılır.

yuxarı

BAĞLA