Məlumatı yüklə

Statistika işinin təkmilləşdirilməsi günün tələbidir


Müasir dünyada baş verən sosial-iqtisadi proseslər cəmiyyətin statistikaya olan tələbini də gündən-günə artırır. Bu baxımdan statistikanın inkişaf istiqamətinin düzgün müəyyən olunması hər bir ölkə üçün çox vacibdir. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da son illərdə digər sahələrlə yanaşı, rəsmi statistikanın inkişafına da hərtərəfli qayğı göstərilir, statistika işinin təkmilləşdirilməsi günün tələbi kimi qarşıya qoyulur. Bəs hazırda bu tələblər nədən ibarətdir və bununla bağlı hansı işlər görülür? Suallarımızı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Pərvin Hacıyev cavablandırır:

– İlk olaraq qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə Ali Məclis Sədrinin 1993-cü il 3 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Statistika İdarəsinin əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmışdır. Ötən dövrdə digər dövlət qurumları kimi, Dövlət Statistika Komitəsi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 6 iyul tarixli Fərmanı ilə komitənin yeni Əsasnaməsi təsdiq edilmiş, onun əsas fəaliyyət istiqamətləri, vəzifə və hüquqları müəyyənləşdirilmişdir. Dövlət Statistika Komitəsinin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində Naxçıvan şəhər və Kəngərli rayon statistika idarələri yaradılmış, komitə aparatının və Naxçıvan Şəhər Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bundan əlavə, ötən dövr ərzində Şərur və Şahbuz rayon statistika idarələri inzibati binalarla təmin olunmuş, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək Rayon Statistika idarələrində çalışan işçilərin iş şəraiti yaxşılaşdırılmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, aparılan islahatları hərtərəfli əks etdirən statistik göstəricilər sisteminin müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Muxtar respublikada statistika işinin daha da təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar komitənin aparatında İnzibati ərazilər üzrə məlumatların statistikası və təhlili şöbəsi, muxtar respublikanın sahə, qəsəbə və kənd inzibati ərazi dairələrində statistika idarələri üçün yeni ştatlar yaradılmışdır.

– Məlum olduğu kimi, statistika işinin təkmilləşdirilməsi həm də dövrün tələbidir. Elə bu zərurətdən qaynaqlanır ki, Ali Məclis Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın icra vəziyyəti hazırda nə yerdədir?

– Dövlət proqramının icrası üzrə 2018 və 2019-cu illərdə nəzərdə tutulmuş tədbirlərin icrası vaxtında başa çatdırılmışdır. Bu istiqamətdə ötən dövr ərzində Dövlət Statistika Komitəsinin Statistik Məlumatlar Sistemi istifadəyə verilmişdir. Sistemin elektron bazası və proqram təminatının hazırlanması və tətbiqi işlərinə 2018-ci ildən başlanmış və 2019-cu ilin iyun ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə təqdimatı keçirilmişdir. İstifadəyə verilmiş yeni sistemdə tətbiqi server avadanlıqları, serverlər üçün əməliyyat və təhlükəsizlik sistemləri, köməkçi avadanlıqlar və lisenziyalar, eləcə də statistika idarələri və internet şəbəkəsi üzərindən müvafiq lokal və virtual ara bağlantılar qurulmuşdur. İqtisadi fəaliyyətin 18 istiqaməti üzrə 259 adda statistik hesabatın proqram təminatı hazırlanmışdır.


Cari ilin ötən dövründə Statistik Məlumatlar Sisteminin normal fəaliyyəti diqqətdə saxlanılmış, yeni proqram təminatlarının yaradılması, mövcud proqram təminatlarında yeniliklərin aparılması təmin edilmişdir.

Dövlət proqramının icrası istiqamətində ötən dövrdə muxtar respublikada işçi qüvvəsi, əhalinin qeyri-formal məşğulluq səviyyəsinin qiymətləndirilməsi, həyətyanı sahələrdə yetişdirilən məhsullarla bağlı, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərliyi vəziyyətinin və ona təsir edən amillərin öyrənilməsinə, sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti və onlardan istifadəyə, həmçinin pərakəndə ticarət şəbəkəsində məhsul növləri üzrə yerli və idxal mallarının satışına, avtomobil nəqliyyatı ilə yükdaşımalarına, muxtar respublikada turizmə dair seçmə statistik müayinələr keçirilmişdir.

– Yeri gəlmişkən, “statistik müayinə” ifadəsinə də aydınlıq gətirməyinizi istərdim. Ümumiyyətlə, bu cür müayinələri hansı sahələrdə tətbiq etmək mümkündür?

– Dünyanın sosial-iqtisadi, demoqrafik, ekoloji vəziyyətinə dair göstəricilər daim zamana görə dəyişir. Bu göstəricilər bir neçə yolla əldə edilir ki, bunlardan biri də statistik müşahidələrdir. Statistik müşahidənin də ən əsas növü hesabatdır. Hesabat forması hazırlanır, təsdiqlənir və statistik müayinə keçirilir. Belə müayinələr müəyyən olunmuş ərazi vahidləri üzrə seçməyə düşmüş təsərrüfatlar üzrə həyata keçirilir. Bu prosesin həyata keçirilməsində əsas məqsəd aktual və ətraflı statistik məlumatların əldə edilməsi, təhlillərin aparılması, statistik məlumat bazasının genişləndirilməsindən ibarətdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik müayinə forması üzrə məlumatların konfidensiallığına və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəyinə zəmanət verilir. Seçməyə düşmüş ərazi vahidi üzrə müayinənin nəticələri ümumiləşdirilmiş qaydada inzibati ərazi dairəsinə, rayona, regiona və ölkəyə şamil oluna bilir.

–Düşünürəm ki, proqramın icrası çoxsahəli statistikanın inkişafına da öz töhfəsini verəcək.

– Çoxsahəli statistika cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir. Belə ki, dünyanın və ölkələrin sosial-iqtisadi inkişafı, demoqrafik və ekoloji vəziyyətinə dair mühüm məlumat mənbəyi olmaqla, cəmiyyətin rifahına xidmət edir. Cəmiyyətin və ölkənin gələcək inkişaf plan və proqnozlarının hazırlanmasında, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasında, bir sözlə, bütün sahələr üzrə dolğun məlumat mənbəyidir. Həyatı statistikasız təsəvvür etmək mümkün deyil.

– Bildiyiniz kimi, son illərdə muxtar respublikamızda fəaliyyətləri ilə diqqətçəkən məşğulluq formalarından biri də ailə təsərrüfatlarıdır. Bu gün ailə təsərrüfatları və onların fəaliyyətlərini əks etdirən statistik hesabatlar necə hazırlanır?

– Muxtar respublikanın inzibati ərazi dairələrindəki təsərrüfatbaşına kitablar üzrə təsərrüfatların aktuallaşdırılması aparılmış, elektron bazası yaradılmışdır. Məlumat üçün qeyd edim ki, 1 yanvar 2020-ci il tarixə muxtar respublikada 45 min 705 ailə-kəndli təsərrüfatı qeydə alınmışdır. Ailə-kəndli təsərrüfatlarında əhali məşğulluğunun artırılması, istehsalın genişləndirilməsi, onların ixtisaslaşdırılması və dövlət dəstəyinin artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Ailə təsərrüfatlarının və onların istehsal etdikləri məhsulların statistik uçotunun aparılması Dövlət Statistika Komitəsi, şəhər və rayon icra hakimiyyəti orqanlarına həvalə olunmuşdur. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanaraq razılaşdırılmış forma üzrə rayon və şəhər icra hakimiyyətlərindən daxil olmuş məlumatlar əsasında rüblük dövr üzrə istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının uçotu aparılmışdır. Hazırda muxtar respublikada istehsal və emal fəaliyyəti ilə məşğul olan 994 ailə təsərrüfatı mövcuddur.

–Ötən il ölkəmizdə əhalinin siyahıyaalınması həyata keçirildi. Bu prosesin yekunları ilə bağlı ümumi vəziyyət necədir?

– Muxtar respublikada 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçirilmiş əhalinin siyahıyaalınmasının elektron bazasının yaradılması istiqamətində Dövlət Statistika Komitəsində server sistemi qurulmuş, Statistik Məlumatlar Sistemində proqram təminatı yaradılaraq məlumatların elektron bazaya daxil edilməsi başa çatdırılmışdır. Proqram təminatında yekun göstəricilərin əldə olunması istiqamətində işlər hazırda davam etdirilir və nəticələrin Naxçıvan Muxtar Respublikasında Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının Qərarı ilə təsdiq edilmiş iş planında müəyyən olunmuş müddətdə hazırlanaraq çap edilməsi təmin olunacaqdır.

– Müsahibə üçün sağ olun.

                                             Müsahibəni apardı:

                                             Səbuhi HƏSƏNOV

                                             "Şərq qapısı" qəzeti

yuxarı

BAĞLA