Məlumatı yüklə

2021-ci ilin yanvar-may aylarında

Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafı




Muxtar respublikada 2021-ci ilin yanvar-may aylarında 1 milyard 24 milyon 906 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2218,9 manata çatmışdır.


***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 459 milyon 458 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.


***

Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 406 milyon 222 min 200 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 390 milyon 105 min 400 manatı və ya 96 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.


***

2021-ci ilin yanvar-may aylarında 59 milyon 320 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 9788 ton, süd istehsalı 37521 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,9 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır.


***

2021-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 23 milyon 920 min 900 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 9,1 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 17 milyon 665 min 100 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,2 faiz artmışdır.


***

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85 milyon 314 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 36,4 faiz çoxdur. Verilmiş kreditlərin 12 milyon 284 min 300 manatı və yaxud 14,4 faizi qısamüddətli, 73 milyon 30 min 200 manatı və yaxud 85,6 faizi uzunmüddətli kreditlər olmuşdur.


***

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.


***

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.

1 iyun 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 95027-yə çatmışdır ki, bunun da 82329-u və ya 86,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-may aylarında açılmış 18019 bank hesabının 17984-ü aktiv hesablar olmuşdur.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2021-ci il tarixə 1455-ə çatmışdır.


***

2021-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 536,3 manata çatdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.


***

1 may 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1818 nəfər artaraq 462 min 112 nəfər olmuşdur.

yuxarı

BAĞLA