Məlumatı yüklə

Sahibkarlığın inkişafı istiqamətində

ardıcıl tədbirlər həyata keçirilir



Muxtar respublikada son dövrlər həyata keçirilən ardıcıl tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır.

İqtisadiyyatın davamlı inkişafının təmin edilməsində sahibkarlığın önəmli rol oynadığını vurğulayan Ali Məclisin Sədri demişdir: “Dövlətin məqsədi aydındır: sahibkarlıq inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır. Hər bir sahibkar da ölkəmizdəki sabitlikdən, özəl sektora göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməlidir”.


Həyata keçirilən tədbirlərin nəticəsi olaraq iqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min 600 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 9,2 faiz üstələmişdir. Cari ilin ilk dörd ayında ümumi daxili məhsulda özəl bölmənin payı 85,9 faiz təşkil etmişdir.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 1676,8 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 6,8 faiz çoxdur. Ümumi daxili məhsulun 55 faizdən çoxu istehsalın payına düşmüşdür.

Özəl sektorun inkişafında və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında sənaye mühüm yer tutur. Muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan bu sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, cari ilin yanvar-aprel aylarında istehsal edilmiş sənaye məhsulunun həcmi 2018-ci ilin müafiq dövründəki göstəricini 9,8 faiz üstələyərək 354 milyon 200 min 800 manat olmuşdur.

Sənaye məhsulu istehsalının 92,9 faizi malların, 7,1 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faiz təşkil etmişdir.

2022-ci ilin Naxçıvanda “Sənaye ili” elan olunması, Şərur Sənaye Məhəlləsində görülən işlər və yaradılması davam etdirilən digər istehsal sahələri sahibkarlığın inkişafına və sənayenin şaxələndirilməsinə yeni imkanlar açacaqdır.

Sahibkarlığın inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin rolu böyükdür. Muxtar respublikada bu sahənin inkişafı diqqətdə saxlanılır, torpaq mülkiyyətçiləri və fermerlər müasir texnika və texnoloji avadanlıqlarla, mineral gübrələrlə təmin edilir.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-aprel aylarında 2018-ci ilin müvafiq dövründəki göstəriciyə nisbətən 20,1 faiz çox, yəni 46 milyon 559 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Məhsul istehsalının 100 faizə yaxını qeyri-dövlət sektorunda qeydə alınmışdır.

Cari ilin ilk dörd ayında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 6 milyon 145 min 300 manat kredit verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 3 dəfə üstələmişdir.

Muxtar respublikada son illər diqqət mərkəzində saxlanılan fəaliyyət sahələrindən biri də ailə təsərrüfatlarıdır. Sahibkarlarla son görüşdə “Sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modeli xüsusilə qeyd olunmalıdır” – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. Ailə təsərrüfatlarının inkişaf etdirilməsi, istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilir.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Sənaye və kənd təsərrüfatı sahələri ilə yanaşı, iqtisadi fəaliyyətin digər sahələrində də sahibkarlıq subyektləri tərəfindən görülən işlər səmərəli məşğulluğun təmin edilməsinə, ümumilikdə, muxtar respublikanın davamlı inkişafına yeni imkanlar yaradıb.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə təkcə 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikada sahibkarlara 18 milyon 644 min 800 manat kredit verilmişdir. Verilmiş kreditin 9 milyon 886 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 758 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövr ərzində 5 hüquqi və 911 fiziki şəxs qeydiyyata alınmışdır. Ümumilikdə 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 53 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 49 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.

Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaratmışdır. Belə ki, 1 may 2022-ci il tarixə ümumi əhalinin 254,4 min nəfərini məşğul əhali təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.

Artan əhali tələbatına uyğun olaraq yaradılan istehsal və xidmət sahələri yeni məhsul növlərinin istehsalının təmin olunmasına, kiçik və orta sahibkarlığın fəaliyyətinin stimullaşdırmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, ümumilikdə, muxtar respublikanın iqtisadi potensialının gücləndirilməsinə zəmin yaradır.

BAĞLA