Məlumatı yüklə

2022-ci ilin yanvar-iyun aylarında

Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafı


Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk yarımilində də davam etdirilmişdir.

Cari ilin yanvar-iyun aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 363 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942,8 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57,9 faiz təşkil etmişdir.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk yarımilində sənaye məhsulu 2,1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,5 faiz artmışdır.


Makroiqtisadi göstəricilər

Müqayisə predmeti
2022-ci ilin yanvar-iyun ayları, faktiki
2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
  Ümumi daxili məhsul, min manat
1 363 982,6
102,2 *
  Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
2 942,8
102,3
  Sənaye məhsulu, min manat
590 692,1
102,1*
 Əsas kapitala yönəldilən vəsaitlər, min manat
572 526,8
101,4
  Kənd təsərrüfatı məhsulu, min manat
152 756,1
103,7 *
  Nəqliyyat sektorunda yük daşınması, min ton
7 715,0
101,7
  İnformasiya və rabitə xidmətləri, min manat
30 657,5
102,6
 o cümlədən mobil rabitə, min manat
22 700,2
101,7
  Pərakəndə əmtəə dövriyyəsi, min manat
730 007,1
101,7*
  Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat
96 688,3
101,5*
  Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat
587,9**
109,6
        *) müqayisəli qiymətlər üzrə
        **) yanvar-may ayları göstəricisi

Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 590 milyon 692 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 2,1 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 94,2 faizi malların, 5,8 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92 faiz təşkil etmişdir.


Sənaye məhsulu istehsalının dinamikası, min manat

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 68 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 58 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-iyun aylarında 8 milyon 500 min 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 10,1 faiz çoxdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

2022-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində hərbi zavodun, körpünün və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.

Babək rayonunda bir avtomobil saxlancının tikintisi başa çatdırılmış, iki yeraltı saxlancın, Şərur rayonunda bir avtomobil saxlancının tikintisi davam etdirilmişdir.

Şahbuz rayonunda yaşayış binasının tikintisi başa çatdırılmışdır.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman kompleksinin yenidən qurulması və əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, hamam, camaşırxana və anbar binasının tikintisi, Nehrəm Təlim Mərkəzinin və Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yataqxana binasının yenidən qurulması davam etdirilmişdir.

Şərur rayonunda Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin yenidən qurulması başa çatdırılmış, 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin, 7-ci Sərhəd Zastavası üçün yaşayış binasının, Ordubad rayonunda Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, Şərur rayonunda Sərhəd Zastavasının avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 7 ailəyə mənzil təqdim olunmuşdur.



Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. 2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 113 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 197 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.


Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2022-ci ilin ilk yarımilində 7 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.

Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 13 traktor və qoşqusu verilmişdir.

Muxtar respublikada 1 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 3 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min 619 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.

Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.

Babək rayonunun Sirab kəndində və Uzunoba Su Anbarı yaxınlığında içməli su xətlərinin çəkilişi, Kəngərli rayonunun Qabıllı kəndi ərazisində subartezian quyusunun tikintisi başa çatdırılmışdır.



Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2022-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılmışdır.


Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılmış və 2022-ci ilin məhsulu üçün 33466 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 32567 hektarı payızlıq, 899 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 21378 hektarında buğda, 12088 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 745 hektar artmışdır. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.

Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1348 hektar olmuşdur.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2022-ci ildə 3481 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 11 hektar çoxdur.

2022-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 74 hektar sahədə tütün əkini aparılmışdır.

Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” nın icrası diqqətdə saxlanılmış, cari ilin ilk yarımilində 3 istixana təsərrüfatının və 1 soyuducu anbarın yaradılması, 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-iyun aylarında 93 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2022-ci ilin ilk yarımilində 61 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 38-i nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7836,3 ton mineral gübrə ilə təmin olunmuşdur.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2022-ci ilin ilk yarımilində də diqqətdə saxlanılmış, 31 heyvandarlıq təsərrüfatının yaradılması, 13 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 11 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-iyun aylarında 7 milyon 9 min 600 manat kredit verilmişdir.

2022-ci ilin yanvar-iyun aylarında heyvandarlıq təsərrüfatlarında 5897 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 7938 baş sağlam bala alınmışdır.

Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır.

1 iyul 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 130 min 970 baş, qoyun və keçilərin sayı 832 min 114 baş olmuşdur ki, bu da 1 iyul 2021-ci il tarixə olan göstəriciləri 1,6 və 1,9 faiz üstələmişdir.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilir.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 13978,3 ton ət, 51907,8 ton süd istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 1,5 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2022-ci ilin yanvar-iyun aylarında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 3 arıçılıq təsərrüfatının yaradılması, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 4 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2022-ci ilin ilk yarımilində 384 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 35,6 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, 2022-ci ilin ilk yarımilində Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılmış, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni avtomobillər və laboratoriya avadanlıqları verilmişdir. Bununla yanaşı, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinə bitkiçilik və baytarlıqda istifadə olunan dərman preparatlarının səyyar satışını həyata keçirmək məqsədilə “Changan” markalı uyğunlaşdırılmış səyyar aptek avtomobili verilib.

Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

2022-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 860 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.

Muxtar respublikada aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2022-ci il 27 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalanmışdır.

Muxtar respublikada dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2022-ci il 16 fevral tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalanmışdır.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,7 faiz çox, yəni 152 milyon 756 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.


Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Bu dövr ərzində meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazilərində qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazilərində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilmişdir.

Bundan əlavə, Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən avtomobil yolunun kənarında bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2022-ci ilin ilk yarımilində 232 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 122,7 min ağac və gül kolu əkilmişdir.

Muxtar respublikada hidrometeorologiya və meşə təsərrüfatı sahələrində maddi-texniki bazanın gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Meşələrin İnkişafı və Meşə Təsərrüfatı idarələrinin inzibati binasının tikintisi davam etdirilir.

Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2022-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində üç avtomobil yolunun, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Həmzəli-Axura, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Alışar, Babək rayonunda Cəhri qəsəbəsi-Aşağı Buzqov, Sirab, Vayxır, Ordubad rayonunda Vənənd-Pəzməri, Azadkənd kənd avtomobil yollarının yenidən qurulması davam etdirilir.

Bundan əlavə, Culfa rayonunda Darıdağ ərazisində avtomobil yolunun və Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən yeni avtomobil yolunun tikintisi, Şərur rayonunda Sənaye məhəlləsinin avtomobil yolunun, Babək rayonunda Uzunoba Su Anbarı ətrafında avtomobil yolunun, Babək şəhərində avtomobil yolunun, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin avtomobil yolunun, “Naxçıvanterminalkompleks” Birliyinin Sədərək tır parkının avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Ordubad rayonunun Vənənd kəndində bir körpünün təmiri davam etdirilir.

“Naxçıvanterminalkompleks” Birliyinin Sədərək tır parkında yardımçı binanın və Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilir.

Bu dövr ərzində hava nəqliyyatının inkişafı da diqqətdə saxlanılmış, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilmiş, hava limanına yeni teleskopik trap və maşın-mexanizmlər verilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında nəzarət ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir.

Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində marşrutlara 6 yeni elektrobus buraxılmışdır. Elektrobuslar müasir sərnişindaşıma xidməti göstərməklə bərabər, ekologiyanın da çirklənməsinin qarşısının alınmasına müsbət təsir göstərir.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın nəqliyyat sektorunda 7 milyon 715 min ton yük, 49 milyon 807 min 600 sərnişin daşınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 faiz, sərnişin daşınması 3,5 faiz artmışdır.

2022-ci ilin ilk yarımilində muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 3 avtomat telefon stansiyası quraşdırılmış, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilmişdir.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin müvafiq dövründəki göstəricini 2,6 faiz üstələyərək 30 milyon 657 min 500 manat olmuşdur.

Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bundan əlavə, Culfa rayonunda 0,3 meqavat gücündə Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Culfa rayonunda 132/110/35/10 kilovoltluq və Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq elektrik yarımstansiyalarının tikintisi davam etdirilir.

Muxtar respublikada 21,3 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 8 transformator yarımstansiyası quraşdırılmışdır.

1 iyul 2022-ci il tarixə muxtar respublikada 89 min 970 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz, Şərur və Babək şəhərlərində isə smartkart tipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.



Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

2022-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 24 milyon 344 min 900 manat kredit verilmişdir. Verilmiş kreditin 11 milyon 14 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 13 milyon 330 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 6 hüquqi və 1414 fiziki şəxs qeydiyyata alınmışdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

2022-ci ilin yanvar-may aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 587,9 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 9,6 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 144 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Aşpaz” peşəsi üzrə 12, “Bərbər” peşəsi üzrə 40, “Bərbər-manikürçü” peşəsi üzrə 16, “Dərzi” peşəsi üzrə 20, “Xalçaçı” peşəsi üzrə 11, “Elektrik montyoru” peşəsi üzrə 12, “Traktorçu-maşinist” peşəsi üzrə 20, “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” peşəsi üzrə 37, “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru” peşəsi üzrə 30 nəfər olmaqla, ümumilikdə, 198 nəfər ixtisasartırma kurslarına cəlb olunmuşdur. Cari ilin birinci yarımili ərzində 177 nəfər müdavim kursları bitirmişdir. Hazırda “Aşpaz” peşəsi üzrə 12 , “Bərbər” peşəsi üzrə 20, “Bərbər-manikürçü” peşəsi üzrə 15, “Xalçaçı” peşəsi üzrə 11 nəfər olmaqla, ümumilikdə 58 nəfər müdavim kursları davam etdirir.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1972 nəfər müxtəlif peşələrə yiyələnmişdir.



İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 826 milyon 695 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 97,1 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində “Naxçıvan Saray” kompleksinin, Culfa rayonunun Ləkətağ və Ordubad rayonunun Anaqut kəndlərində istirahət mərkəzlərinin, Dizə kəndində ticarət mərkəzinin tikintisi başa çatdırılmışdır.

Şərur rayonunun Vərməziyar, Babək rayonunun Vayxır, Ordubad rayonunun Kələki, Azadkənd, Xanağa, Unus və Pəzməri kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.



Bank işi və sığorta fəaliyyəti

Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.

1 iyul 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 213329-a çatmışdır ki, bunun da 205727-si və ya 96,4 faizi aktiv hesablardır. Cari ilin yanvar-iyun aylarında açılmış 28833 bank hesabının 28822-si aktiv hesablar olmuşdur.

1 iyul 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1590-a çatdırılmışdır.

2022-ci ilin ilk yarımilində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 141 milyon 221 min 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 31,1 faiz çoxdur. Verilmiş kreditlərin 12 milyon 144 min 400 manatı və yaxud 8,6 faizi qısamüddətli, 129 milyon 77 min 100 manatı və yaxud 91,4 faizi uzunmüddətli kreditlər olmuşdur.

Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində yeni filialı fəaliyyətə başlamış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilir.

Cari ilin ilk yarımilində muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 3 milyon 96 min 500 manat olmuşdur ki, bunun da 737 min 700 manatını könüllü, 2 milyon 358 min 800 manatını isə icbari sığorta təşkil etmişdir. Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 3,3 faiz artmışdır.



Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması, rektorluq binasının yenidən qurulması davam etdirilir.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb. Bundan əlavə, təhsil ocağında Yerquruluşu və kadastr kabinəsi istifadəyə verilib.

Cari ilin 18-21 iyun tarixlərində Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forum keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 10 iyun tarixli müvafiq sərəncamına uyğun olaraq keçirilən tədbir dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasına yeni imkanlar yaradıb.

Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Ordubad rayonunun Azadkənd, Pəzməri, Babək rayonunun Sirab kəndlərində məktəb binalarının və Nehrəm qəsəbəsində 3 nömrəli məktəb binasının tikintisi, Şərur rayonunun Alışar, Vərməziyar, Həmzəli, Babək rayonunun Vayxır, Ordubad rayonunun Xanağa, Unus və Kələki kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilir.

Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmış, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli müvafiq sərəncamına uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan şəhərində “STEAM təhsil festivalı” keçirilib.

Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmiş, Babək və Şahbuz şəhərlərində məktəbdənkənar təhsil müəssisələri üçün binaların tikintisi davam etdirilir.

Cari ilin ilk altı ayında təhsil televiziyası və radiosunun yeni internet saytı və studiyası istifadəyə verilib.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində Diaqnostika-Müalicə Mərkəzi üçün MRT və Babək rayonunun Vayxır kəndində həkim ambulatoriyası binalarının tikintisi, Şərur rayonunun Axura kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün stomatoloji kabinə fəaliyyətə başlayıb.

Səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilir.

Sosial layihələr çərçivəsində 2022-ci ilin yanvar-iyun aylarında yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 1043 cərrahi əməliyyat aparılmışdır.

Hesabat dövrünün sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 385 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 4 şəhid ailəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 10 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfər yeni mənzillərlə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 15 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfər minik avtomobilləri ilə təmin olunub.

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan 88 ailənin hər birinə 2 baş iribuynuzlu, 43 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 19 ailənin hər birinə mini yer şumlayan aqreqat, 12 ailənin hər birinə 10 arı ailəsi və arıçı ləvazimatları, 6 ailənin hər birinə otbiçən aqreqat, 4 ailənin hər birinə inkubator və quş tükü təmizləyən aparat, 2 ailənin hər birinə qaynaqçı avadanlıqları və ləvazimatları, 2 ailənin hər birinə su motoru, 1 ailəyə dülgər avadanlıqları, 1 ailəyə bərbər avadanlıqları və ləvazimatları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları və ləvazimatları, 1 ailəyə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 ailəyə südsağan aqreqat və su motoru, 1 ailəyə təmir-tikinti alət və ləvazimatları verilmişdir. Ümumilikdə, cari ilin yanvar-iyun aylarında 182 ailənin özünüməşğulluğu təmin edilmişdir. Hesabat dövrü ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirmiş 5 nəfərə həvəsləndirici tədbir olaraq arpa-buğda qıran aqreqat, bir nəfərə isə otdoğrayan aqreqat verilmişdir.

Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan Memorandum çərçivəsində 9 ailənin hər birinə dərzi avadanlıqları və ləvazimatları, 3 ailənin hər birinə heyvandarlıq sahəsi üzrə canlı aktivlər və yem ehtiyatı, 3 ailənin hər birinə kiçik dülgər sexi avadanlıqları, 2 ailənin hər birinə kiçik dəmirçi sexi üçün avadanlıqlar və ləvazimatlar, 2 ailənin hər birinə avtomobil şinlərinin bərpası və təmiri xidmətlərinin göstərilməsi üçün avadanlıqlar, 1 ailəyə avtoçilingər xidmətlərinin göstərilməsi üçün avadanlıqlar, 1 ailəyə telefon təmiri avadanlıqları, 1 ailəyə kiçik foto-atelye avadanlıqları, 1 ailəyə bərbər-manikürçü avadanlıqları, 1 ailəyə mini yerşumlayan aqreqat və qoşqu, 1 ailəyə isə musiqi alətləri verilməklə, ümumilikdə, 25 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin olunub.

Həmçinin sosial tərəfdaş qismində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən sosial qayğıya ehtiyacı olan 9 ailənin hər birinə 2 baş iribuynuzlu, 9 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 2 ailənin hər birinə isə 10 yeşik arı ailəsi verilməklə, ümumilikdə, 20 ailənin özünüməşğulluğu təmin olunub.

Hesabat dövrünün sonuna 283 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 158 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 152 nəfərin müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər 741 texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş, 147 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Cari ilin ötən dövründə muxtar respublikanın bütün rayonlarında keçirilmiş bayram yarmarkaları, kətə və göycə festivallarında 64 sağlamlıq imkanları məhdud şəxsin 2066 ədəd əl işi nümayiş etdirilmiş, 50 istedadlı şəxsin 598 ədəd əl işi satılmışdır.

Bu dövrdə idmanın inkişafı da diqqətdə saxlanılmış, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının 55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin ödənilməsinə 99 milyon 913 min 514 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,5 faiz çoxdur.

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə artaraq 1 iyun 2022-ci il tarixə 463 min 831 nəfər olmuşdur.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu istiqamətdə cari ilin ilk yarımilində Naxçıvan şəhərində Uşaq Kitabxanasının və “Zəfər” parkının, Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir.

Şərur Rayon Mədəniyyət Sarayının tikintisi başa çatdırılmış, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilir.

Naxçıvan teatrına “milli” statusu verilmiş, Miniatür Kitab Muzeyi və Naxçıvan Dövlət Rəsm Qalereyası yenidən qurulmuşdur.

Naxçıvan şəhərində məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilir.

Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının dini icmalarına cənazə avtomobilləri, icma rəhbərlərinə və din xadimlərinə yay geyimləri verilib.

Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2022-ci ilin ilk yarımilində Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin və “DOST” Mərkəzinin tikintisi davam etdirilir.



Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binalarının yenidən qurulması başa çatdırılmış, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin və Naxçıvan şəhərində dəmiryolu nəqliyyatında polis şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Bundan əlavə, cari ilin ötən dövründə polis sahə inspektorlarına xidməti planşetlər verilib.

Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə əldə olunmuş uğurlar və həyata keçirilən mühüm tədbirlər muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır.



yuxarı

BAĞLA