Məlumatı yüklə

Naxçıvanda mənzillərin, avtomobillərin və dövlət təltiflərinin təqdimatı olub - FOTOLAR



Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulamış, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik etmişdir.


Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.


Mənzillə təmin olunan şəhid İbrahim Vəlizadənin həyat yoldaşı Billur Vəliyeva demişdir: “Mən şəhid yoldaşı olmaqdan fəxr edir, bu adı daşımaqdan qürur duyuram. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edirəm”.

Mənzillə təmin olunan qazi Cehun Bayramov demişdir: “Mən 2004-cü ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığım müddətdə hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısını üzərimdə hiss etmişəm. Liseyi bitirdikdən sonra xidməti davam etdirdim. Bu gün torpaqlarımız düşmən tapdağından azad olunub. Bundan sonra da qazi kimi hər zaman dövlətimizin yanındayıq. Bizim bu gün mənzillə təmin olunmağımız ailəmizə böyük sevinc bəxş etdi”.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilmişdir.

Sonra Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunmuşdur.

Azərbaycan Respublikasının “Əməkdar tibb işçisi” fəxri adı ilə təltif olunan şəhid anası Yəmən Abbasova əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq etmişdir.

Təltif olunanlardan Xəlil Fərəcov, Yusif Seyidov, Anar Əhmədov, Sahəddin Quliyev, Elman Novruzov, Telman Rzayev, Vilayət Sadıqov, Ramin Hacıyev, Elman Əkbərov, İsmayıl Gülməmmədov və digərləri əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına söz vermişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 18 iyul tarixli Sərəncamı ilə kikboksinq idmanı üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayevanın və STEAM təhsili üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Təqaüdçü gənc Kamal Qafarov demişdir: “Muxtar respublikada STEAM təhsil metodu tətbiq olunur. Bununla da mənim kimi yüzlərlə şagird öz ideyalarını, intellektual səviyyələrini nümayiş etdirə bilirlər. Mən də 8 nömrəli tam orta məktəbdə yaradılan şəraitdən istifadə edərək STEAM təhsil sahəsində muxtar respublikamızı bir çox tədbirlərdə təmsil etmişəm. Yaradılan müasir təhsil şəraitinə və verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edirəm. Söz verirəm ki, bundan sonrakı təhsil həyatımda daha da səylə çalışacaq və göstərilən etimadı doğruldacağam”.

Şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya verilən 2, 3 və 4 otaqlı mənzillər Naxçıvan, Babək və Culfa şəhərlərindəki yeni yaşayış binalarında yerləşir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti


BAĞLA