Məlumatı yüklə

Bilik Günündə Kimya-Biologiya Təmayüllü

Lisey istifadəyə verilmişdir



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılmışdır.


Sentyabrın 15-də – Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü, Kimya-Biologiya Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir.


Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin müəllimi Məryəm Hüseynova və valideynlər adından Yeganə Nuriyeva çıxış etmişlər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunmuş, yaradılan şəraitə görə minnətdarlıq edilmişdir.


Tədris korpusu ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 342 yerlik binada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, qarderob və texniki otaqlar yerləşir. Binada internetə çıxışı olan 58 kompüter və 16 elektron lövhə quraşdırılmışdır. Liseyin kitabxana fondunda 5931 kitab və 840 test toplusu vardır.


STEAM kabinəsində 1 elektron lövhə, 12 kompüter, 3D printer quraşdırılmış, kabinə 31 mikrobit və komponent dəsti, 31 arduino və komponent dəsti, 2 Makeblock kəsmə və oyma CNC lazer dəzgahı, 32 ədəd 3D çap materialı, 78 STEAM eksperiment dəsti, 4 lego spike inkişaf dəsti, 10 ədəd 3D qələm, 23 elektrik mühəndisliyi dəsti və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Eksperiment robot”, “Danışan çiçək”, “Mtiny kodlaşdırma robotu” layihələrini Ali Məclisin Sədrinə təqdim etmişlər.


Müəllim Bəyaz Əliyeva demişdir: “Bu gün müasir lisey müəllim və şagirdlərin istifadəsinə verilir. Burada laboratoriyalarla yanaşı, müasir dizaynda və zəruri avadanlıqlarla təchiz edilən STEAM kabinəsinin qurulması da şagirdlərin nəzəri biliklərini praktiki yolla möhkəmləndirmələrinə şərait yaradacaqdır. Şagirdlər kimya və biologiya elminin əsas anlayışlarını, modellərini STEAM kabinəsində tətbiqi yolla mənimsəyərək elmin dərinliklərinə yiyələnəcəklər. Eyni zamanda yaradılan yüksək tədris şəraiti gələcək ixtisaslı tibbi kadrların yetişməsinə öz müsbət təsirini göstərəcəkdir”


Şagird Aysu Bağırzadə demişdir: “Liseydə yaxşı təhsil almağımız üçün hərtərəfli şərait yaradılıb. Bu gündən təhsilimizi burada davam etdirəcəyik. Yaradılan şəraitin qarşılığında biz də söz veririk ki, təhsil aldığımız müddətdə liseyin bütün imkanlarından səmərəli istifadə edərək dərslərimizi yaxşı oxuyacaq, müasir texnologiyaları dərindən öyrənəcəyik. Ən əsası ulu öndər Heydər Əliyev yolunun davamçıları olacağıq”.


Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.

Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir əyani vəsaitlər quraşdırılmış, idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılmışdır. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə liseydə hərbi kabinə də fəaliyyət göstərir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.

Liseyin müəllimlərindən Lamiyə Əliyeva, İlkanə Qasımova və Ceyhun Səfərli yaradılan şəraitə görə minnətdarlıq etmiş, gələcəyin sağlam, ixtisaslı kadrlarının hazırlanmasında səylə çalışacaqlarını bildirmişlər.


2022-2023-cü tədris ili üçün liseyin VIII və IX siniflərinə keçirilən qəbul imtahanında 632 şagird iştirak etmiş, 60-ı qız, 60-ı isə oğlan olmaqla, 120 şagird qəbul olunmuşdur. Şagirdlər liseydə ödənişsiz təhsil, yemək və yataqxana ilə təmin ediləcəklər. Liseydə qızlar üçün 120 yerlik 42 otaqdan, oğlanlar üçün 144 yerlik 50 otaqdan ibarət olmaqla, ümumilikdə 264 yerlik yataqxana vardır. Kompleksdə 240 yerlik yeməkxana, 84 yerlik bufet, 250 yerlik akt zalı istifadəyə verilmişdir. Tədris korpusu və yataqxanaların foyesində müşahidə kameraları və səs sistemi quraşdırılmış, həyətyanı sahədə avtodayanacaq, açıq idman qurğuları, minifutbol meydançası və qazanxana tikilmiş, müxtəlif dekorativ ağac və kollar əkilmişdir.


Ali Məclisin Sədri Kimya-Biologiya Təmayüllü Liseyin muxtar respublikada kimya-biologiya və tibbi kadr hazırlığı sahəsində pilləli təhsili təmin etdiyini bildirmiş, tikinti işlərində əməyi olanlara təşəkkür etmiş, liseydə təhsilin keyfiyyətinin diqqətdə saxlanılması və yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti


yuxarı

BAĞLA