Məlumatı yüklə

2019-cu ilin yanvar-sentyabr aylarında

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı




Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ilin yanvar-sentyabr aylarında da davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.

Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

İnkişafı xarakterizə edən əsas göstərici kimi 2019-cu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul istehsalı 2 milyard 61 milyon 771 min manata yaxın olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 4508 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,8 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,4 faiz təşkil etmişdir.

Makroiqtisadi göstəricilər
Müqayisə predmeti 2019-cu ilin yanvar-sentyabr ayları, faktiki 2019-cu ilin yanvar-sentyabr ayları 2018-ci ilin yanvar-sentyabr aylarına
nisbətən, faizlə
Ümumi daxili məhsul, min manat
2 061 770,9
101,5 *
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
4 508,6
102,1
Sənaye məhsulu, min manat
819 911,6
101,3 *
Əsas kapitala yönəldilən vəsaitlər, min manat
790 838,9
101,4
Kənd təsərrüfatı məhsulu, min manat
372 356,5
104,1 *
Nəqliyyat sektorunda yük daşınması, min ton
12 447,7
102,4
İnformasiya və rabitə xidmətləri, min manat
40 798,9
102,7
o cümlədən mobil rabitə, min manat
33 387,5
102,0
Pərakəndə əmtəə dövriyyəsi, min manat
1 293 552,5
100,7*
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat
172 024,6
100,3*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
351 390,8
102,0
o cümlədən ixrac
307 559,3
100,3
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat
456,2**
106,1
*) müqayisəli qiymətlər üzrə
**) 2019-cu ilin yanvar-avqust ayları göstəricisi

Sənaye

Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 819 milyon 911 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,3 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 96,2 faizi malların, 3,8 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,5 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.



Sənaye məhsulu istehsalının dinamikası, min manat



2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 55 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-sentyabr aylarında 7 milyon 171 min 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 38,7 faiz çoxdur.

Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaqdır.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin 9 ayında 221 milyon 431 min 900 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.


Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi başa çatdırılmış, iki qərargah binasının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının tikintisi hazırda davam etdirilir.

Babək rayonunda iki əsgəri-məişət kompleksi, bir anqar istifadəyə verilmiş, iki qərargah binasının, iki anqarın, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil saxlancının tikintisi davam etdirilir.

Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, retransiliyasiya məntəqəsinin tikintisi davam etdirilir.

Şahbuz rayonunda üç anqarın, Sədərək rayonunda tabor mərkəzinin tikintisi davam etdirilir.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası istifadəyə verilmişdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.

Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.


Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2019-cu ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 790 milyon 838 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.



Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat



Vəsait qoyuluşlarının 750 milyon 164 min 700 manatı və ya 94,9 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,1 faiz çoxdur.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 136 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 194 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ilin ötən dövründə 4 kənd mərkəzi istifadəyə verilmiş, 9 kənd mərkəzinin inşası davam etdirilir. Bundan əlavə, yaşayış məntəqələri 500 ədəd məişət tullantıları konteynerləri ilə təmin edilmişdir.

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 5 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 127 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına istifadəyə verilmiş yaşayış sahələri də daxil olmaqla, ümumilikdə, cari ilin ötən dövründə ölkənin iqtisadi rayonlarında istifadəyə verilmiş ümumi yaşayış sahələrinin 30 faizdən çoxu muxtar respublikada qeydə alınmışdır ki, bu da dövlətin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri ifadə edən mühüm göstəricidir.

Cari ilin ötən dövründə Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun, Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilmişdir.


Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılmışdır ki, bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.



Cəmi əkin sahələri, hektarla



Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılmış və 2019-cu ilin məhsulu üçün 33308 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 24729 hektarında buğda, 8579 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artmışdır. Cari ildə taxıl zəmilərindən 102 min 984 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 5295 ton çoxdur.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur. 1 oktyabr 2019-cu il tarixə 3182 hektar sahədən 49139 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyir.

2019-cu ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüşdür. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 50,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 9 hektar çoxdur. 1 oktyabr 2019-cu il tarixə 50,5 hektar sahədən 82,3 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricini 2,4 dəfə üstələmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.

Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə 2019-cu ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilmişdir. 1 oktyabr 2019-cu il tarixə meyvə tədarükü bir il öncəyə nisbətən 1,1 faiz, tərəvəz tədarükü isə 2,9 faiz artmışdır.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.

Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 4 soyuducu anbarın yaradılması, 2 soyuducu anbarın genişləndirilməsi başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması və 1 soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir. Bundan əlavə, 1 istixana təsərrüfatı yaradılmış, 2 istixana təsərrüfatının yaradılması davam etdirilir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u 2019-cu ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2019-cu ilin 9 ayında 200 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 2 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7079,2 ton mineral gübrə ilə təmin olunmuşdur.

1 oktyabr 2019-cu il tarixə 109 min 760 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 4207,7 ton dən üçün qarğıdalı, 772 ton dən üçün günəbaxan, 74934,1 ton tərəvəz, 36790 ton ərzaq üçün bostan məhsulları, 40202,7 ton meyvə, 9869 ton üzüm tədarük edilmişdir. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı cari ilin 9 ayında da diqqətdə saxlanılmış, 9 heyvandarlıq təsərrüfatı yaradılmış, 2 heyvandarlıq təsərrüfatı genişləndirilmişdir. Hazırda 10 heyvandarlıq təsərrüfatının yaradılması, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-sentyabr aylarında 7 milyon 23 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 81,4 faiz çoxdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır. Hazırda Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

2019-cu yanvar-sentyabr aylarında heyvandarlıq təsərrüfatlarında 9654 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 6383 baş sağlam bala alınmışdır. 1 oktyabr 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 119 min 814 baş, qoyun və keçilərin sayı 741 min 539 baş olmuşdur ki, bu da 1 oktyabr 2018-ci il tarixə olan göstəriciləri 1,6 və1,8 faiz üstələmişdir.

Ölkənin əksər iqtisadi rayonlarında qaramalın, qoyun və keçilərin sayında bir il öncəyə nisbətən azalma olduğu halda, muxtar respublikada qeydə alınmış artım templəri bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini göstərir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 19105,5 ton ət, 72451,4 ton süd istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 və 1,8 faiz çoxdur.

Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2019-cu ilin 9 ayında bu sahədə müvafiq tədbirlər görülmüş, 3 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 5 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Təsərrüfat subyektlərinə cari ilin yanvar-sentyabr aylarında 420 min manat kredit verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 59,8 faiz çoxdur. Son illər təşkil olunan “Arıçılıq məhsulları – bal festivalı” da arıçıların fəaliyyətinə geniş stimul yaratmışdır.

Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 776 min 600 manat kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 93,7 faiz çoxdur.

“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən digər tədbirlər və bu sahənin daim diqqətdə saxlanılması iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaradır.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 4,1 faiz çox, yəni 372 milyon 356 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.



Kənd təsərrüfatının ümumi məhsulu, min manat



Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 86 milyon 127 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 176,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.

Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının, Kəngərli rayonunun Qabıllı kəndində subartezian quyusunun tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının tikintisi davam etdirilir.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ötən dövründə 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 107 mindən artıq ağac və gül kolu əkilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılmışdır.


Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli və Qışlaqabbas, Ordubad rayonunun Dəstə, Babək rayonunun Kültəpə kəndlərində və Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yollarının yenidən qurulması və iki körpünün əsaslı təmiri başa çatdırılmışdır.

Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi-Nürgüt, Şərur rayonunda Xətai-Yeni Havuş, Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq Mehrab, Alışar və Xələc, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Türkeş kəndlərində avtomobil yollarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə kəndində körpünün bərpası davam etdirilmişdir.

Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlamışdır. Bundan əlavə, əldə olunan razılığa əsasən iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılmışdır ki, bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzil başına daha tez çatmalarına geniş imkanlar yaradıb.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən cari ilin avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılmış, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi davam etdirilir.

Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park “V” İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.

Dəmiryolu təsərrüfatına bir ədəd teplovoz gətirilmiş, Ordubad, Culfa və Kəngərli rayonlarının ərazilərində sahilbərkitmə işləri davam etdirilmişdir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,4 faiz, sərnişin daşınması 1,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 44 milyon 120 min 100 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.

2019-cu ilin 9 ayında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 3 poçt binası yaradılmış, 3 avtomat telefon stansiyası quraşdırılmışdır. Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilir. Bununla yanaşı, ötən dövrdə muxtar respublikada elektron statistikanın inkişafı və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatı hazırlanmışdır.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyərək 40 milyon 798 min 900 manat olmuşdur. Ümumi xidmətlərin 81,8 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artmışdır.

Muxtar respublikada ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi hazırda davam etdirilir. Bundan əlavə, Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının inşası məqsədilə müqavilə imzalanmış və tikinti işlərinə başlanılmışdır.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 62,7 faizini alternativ və bərpaolunan enerji təşkil edib. Ölkənin digər regionlarında isə bu göstərici 8,2 faiz təşkil edir. Muxtar respublikada bu sahədə qazanılmış uğurlar enerji təhlükəsizliyi sahəsində həyata keçirilən aktiv siyasətin bariz nümunəsidir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilmiş, Şərur rayonunda “Subartezian” yarımstansiyasının tikintisi davam etdirilir.

Muxtar respublikada 30,4 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 13 transformator yarımstansiyası quraşdırılmışdır.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Daşarx kəndi ərazisində maye qaz doldurma, Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi davam etdirilir.

1 oktyabr 2019-cu il tarixə muxtar respublikada 87 min 88 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində və Şərur şəhərində isə smartkart tipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.


Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

2019-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 20 milyon 386 min 400 manat kredit verilmişdir. Verilmiş kreditin 8 milyon 339 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 12 milyon 46 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 29 hüquqi və 2881 fiziki şəxs qeydiyyata alınmışdır.

Cari ilin ötən dövründə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilmişdir ki, bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaradacaqdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

2019-cu ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqının məbləği 456,2 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 6,1 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2908 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 44, aşpaz köməkçisi peşəsi üzrə 36, dərzi peşəsi üzrə 16, bərbər-manikürçü peşəsi üzrə 40, bərbər peşəsi üzrə 17, elektrik montyoru peşəsi üzrə 18, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ixtisaslaşdırma kursu üzrə 39, video çəkilişi üzrə operator ixtisaslaşdırma kursu üzrə 24, nitq mədəniyyəti ixtisaslaşdırma kursu üzrə 20, cəzaçəkmə müəssisəsində daş duz üzərində oyma kursu üzrə 15, xalçaçı kursu üzrə 3 olmaqla, ümumilikdə, 272 nəfər kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 2468 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə 99, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə, 105 nəfər, dövlət qulluğunun xüsusi növünə aid orqanlarda vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrdə 68, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində vakant vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə isə 2 nəfər vakant vəzifələrə təyin olunmuşdur.

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 95, dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqədə 16 nəfər vakant vəzifələrə təyin olunmuşlar. Ümumilikdə, cari ilin ötən dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqələrdə, ümumilikdə, 286 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.


İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.

2019-cu ilin 9 ayında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 465 milyon 577 min 100 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,6 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Qışlaqabbas, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində və Şahbuz rayonunun Badamlı qəsəbəsində xidmət mərkəzlərinin, Culfa rayonunun Yaycı kəndində ticarət mərkəzinin tikintisi, Şərur rayonunun Kərimbəyli kəndində xidmət mərkəzinin, Şərur şəhərində ticarət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Alışar, Yeni Havuş, Muğanlı, Muğancıq Mehrab, Xələc və Məmmədsabir, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz və Şahbuz rayonunun Türkeş kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilmişdir.


Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 351 milyon 390 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 307 milyon 559 min 300 ABŞ dollarını ixrac, 43 milyon 831 min 500 ABŞ dollarını idxal təşkil etmiş və 263 milyon 727 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.

1 oktyabr 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 83367-yə çatmışdır ki, bunun da 73605-i və ya 88,3 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-sentyabr aylarında açılmış 21290 bank hesabının 21142-si aktiv hesablar olmuşdur.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 98 milyon 8 min 300 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur. Verilmiş kreditlərin 11 milyon 356 min 200 manatı və yaxud 11,6 faizi qısamüddətli, 86 milyon 652 min 100 manatı və yaxud 88,4 faizi uzunmüddətli kreditlər olmuşdur.

Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

1 oktyabr 2019-cu il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1276-ya çatdırılmışdır.

Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə 2 ədəd səyyar xidmət avtomobili verilmiş, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmışdır. Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar cari ilin 9 ayında 5 milyon 943 min 600 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 45,4 faiz artmışdır.


Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Muxtar respublikada elmi potensialın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, elm adamlarına diqqət və qayğı göstərilir. Qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biri olan və 1452-ci ildə Naxçıvanda doğulmuş Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi və tədqiqi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı muxtar respublikada elm adamlarına verilən dəyərin ifadəsidir.

Cari ilin ötən dövründə bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmiş, Türkiyə Respublikasının Konya vilayətində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunmuşdur.

Muxtar respublikada fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılmışdır.

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2019-cu ilin 9 ayında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli kəndində 270, Babək rayonunun Kültəpə kəndində 360, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır.

Naxçıvan şəhərində 1140 şagird yerlik 5 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Xələc, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün məktəb binasının tikintisi davam etdirilir.

Naxçıvan şəhərində 200 yerlik 2 nömrəli körpələr evi-uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi davam etdirilir.

Muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2018-ci ildə ölkənin ümumtəhsil müəssisələrində II və ya III növbələrdə oxuyan şagirdlərin sayı ümumi şagirdlərin 15,2 faizini təşkil etdiyi halda, muxtar respublikada bu göstərici sadəcə 0,7 faiz səviyyəsində olmuşdur. 2018-ci ildə muxtar respublikada ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında əldə olunmuş nəticələr də ölkə üzrə ümumi göstəricilərdən daha yüksək olmuşdur.

Muxtar respublikada 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 2301 nəfəri ali məktəblərə sənəd vermiş, 1515-i tələbə adını qazanmışdır. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 179-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşdur. Ümumtəhsil məktəbi məzunlarından 500-700 arası bal toplayanların sayı 281 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ilin ötən dövründə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır.

Şərur rayonunun Muğanlı və Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilir.

Tibbi əhəmiyyəti və səhiyyə turizminin inkişafındakı rolu nəzərə alınaraq “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2019-cu il 16 may tarixdə Sərəncam imzalanmışdır.

“Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunmuşdur.

Sosial layihələr çərçivəsində 2019-cu ilin yanvar-sentyabr aylarında yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 673 cərrahi əməliyyat aparılmışdır.

Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 2019-cu ildən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 5 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.

2019-cu ilin 9 ayı ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 423 min 378 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 2 şəhid ailəsinə, 9 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 3 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş 3 nəfərə, ümumilikdə, 17 ailəyə yeni fərdi ev və mənzillər verilmişdir.

Bununla yanaşı, 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısı, 3 nəfər Azərbaycan Vətən Müharibəsi veteranı və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 5 nəfər, Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfər, ümumilikdə, 11 nəfər yeni minik avtomobilləri ilə təmin edilmişdir.

Ötən dövrdə muxtar respublikada 82 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, 1 ailəyə odunkəsən, 7 ailəyə mini yer şumlayan aqreqat, 1 ailəyə pinəçi ləvazimatları, 1 ailəyə dülgər avadanlıqları, 1 ailəyə inkubator, 2 ailəyə yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması üçün ləvazimatlar, 1 ailəyə musiqi alətləri, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə 10 yeşik arı ailəsi, 1 ailəyə bərbər - manikürçü avadanlıqları, 1 ailəyə isə qənnadı məmulatlarının hazırlanması üçün ləvazimat və avadanlıqlar təqdim edilmişdir.

Hesabat dövrünün sonuna 233 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 6 nəfərə Ahıllar evində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 295 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 344 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 390 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla, 324 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 157 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir. Əlavə olaraq, 23 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 7 nəfərin isə nəqliyyat xərcinin ödənilməsinə köməklik edilib.

Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgidə sağlamlıq imkanları məhdud və ahıl 37 müəllifin, 283 adda rəsm və əl işi nümayiş etdirilib.

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 1 sentyabr 2019-cu il tarixə 458,3 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, cari ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,5 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.

Ölkəmizdə, o cümlədən muxtar respublikada əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma keçirilmişdir. Ölkə Başçısının 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən cari ilin 1-10 oktyabr tarixləri arasında keçirilən bu mühüm dövlət tədbiri nəticəsində yeni məlumatlar əldə olunacadqır ki, bu da qarşıdakı illərdə ölkəmizin sosial-iqtisadi inkişafı üzrə həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə 108 milyon manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,1 faiz çoxdur.

Muxtar respublikada idmanın inkişafı məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, infrastrukturun yenilənməsi istiqamətində İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri başa çatdırılmışdır.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. 2019-cu ilin yanvar-sentyabr aylarında Milli Dəyərlər Muzeyi fəaliyyətə başlamış, Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev muzeyinin yenidən qurulması başa çatdırılmışdır.

Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası davam etdirilir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində iki istirahət parkı yaradılmış, Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın yaradılması hazırda davam etdirilir.

Naxçıvan şəhərində, Ordubad rayonunun Dırnıs və Culfa rayonunun Qazançı kəndlərində hər birində bir məscidin tikintisi davam etdirilmiş, Kəngərli rayonunun dini icmasına xidməti avtomobil təqdim olunmuşdur.

Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərindən olan Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileylərinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2019-cu il 18 aprel və 13 may tarixlərində sərəncamlar imzalanmışdır.

Xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2019-cu il 2 avqust tarixdə Sərəncam imzalanmışdır.

Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 20 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 min manat, Bəstəkarlar Təşkilatına 20 min manat, Dövlət Film Fonduna 15 min manat, Aşıqlar Birliyinə 15 min manat və Memarlar Birliyinə 12 min manat vəsait ayrılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası istiqamətində müəyyən tədbirlər keçirilmiş, təqvim üzrə digər tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Rəssamlar Birliyinə 15 min manat vəsait ayrılmışdır.

Cari ilin ötən dövründə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanılmış, bu sahəyə dövlət dəstəyinin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2019-cu il 19 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır.

Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti üçün də müasir iş şəraitinin yaradılması bu sahə üzrə görülən işlərə müsbət təsir göstərəcəkdir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 335 min 414 turist gəlmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.


Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.

2019-cu ilin yanvar-sentyabr aylarında Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmış, təhsil müəssisəsi üçün yeni kompleksin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi və həyata keçirilən profilaktik tədbirlərin nəticəsi olaraq 2018-ci ildə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayı ölkə üzrə ümumi göstəricinin cəmi 0,2 faizini təşkil edib. Muxtar respublikada 14-17 yaşlı uşaqlar arasında isə ümumiyyətlə son dövrlər cinayət hadisəsi qeydə alınmayıb.

Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri muxtar respublikamızın uzunmüddətli inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin etməkdədir.

BAĞLA