Məlumatı yüklə

İnformasiya və rabitə

sahəsinin inkişafı təmin edilib



Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sahələrində müasir texnologiyalardan səmərəli istifadə ümumi inkişafı sürətləndirmiş, informasiya cəmiyyətinin formalaşmasına yeni stimul yaratmışdır.

Son dövrlərdə muxtar respublikada mobil rabitə operatorlarının fəaliyyətinin təşkili, mövcud koordinat tipli avtomat telefon stansiyaların elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, fiber-optik kabel xətlərinin çəkilişi, 4G və “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi bu sahənin sürətli inkişafına təkan vermişdir.

Muxtar respublikada elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər aparılmış, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmiş, dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Bundan əlavə, “Evədək optika” layihəsi üzrə görülən işlər də telekommunikasiya sahəsində yeniliklərin əldə olunmasına şərait yaratmışdır.

Muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi istiqamətində Naxçıvan şəhərini, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarını əhatə edən yeni nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən 4-cü nəsil avtomat telefon sistemləri istifadəyə verilmişdir.

İnformasiya-texnologiyaları sahəsinin inkişafı məqsədilə təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına, ümumilikdə, 70 milyon 254 min 800 manat vəsaitin yönəldilməsi bu sahədə görülən işlərin əhatəliyini xarakterizə edən mühüm bir göstəricidir.

2018-ci ilin sonuna muxtar respublikada avtomat telefon stansiyalarının ümumi tutumu 100 min nömrəni ötmüş, əsas telefon aparatlarının sayı isə 72 min nömrə təşkil etmişdir.

Əhalinin maddi rifah halının yaxşılaşmasının və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsidir ki, 2018-ci ilin sonuna muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarında 130,2 min kompüter mövcud olmuşdur ki, bu da 1 yanvar 2010-cu il tarixə olan göstəricidən 1,5 dəfə çoxdur.

Cari ilin ötən dövründə də bu sahənin inkişafı diqqətdə saxlanılmış, informasiya və rabitə sahəsinin inkişafına 2 milyon 969 min 600 manat vəsait yönəldilmiş, 97600 metr fiber-optik, 142996 metr fiziki kabel xətlərinin tikintisi həyata keçirilmişdir. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1600 kilometrə yaxındır.

Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin artımına da zəmin yaratmışdır. 2019-cu ilin yanvar-oktyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 45 milyon 313 min 100 manat olmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 1,5 dəfə çoxdur.

Yanvar-oktyabr ayları üzrə informasiya və rabitə xidmətlərinin dəyəri, min manat

Cari ilin ötən dövründə yeni nəsil texnologiyaların tətbiqi istiqamətində Culfa rayonunda 4-cü nəsil telekommunikasiya sistemləri qurulmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq hazırda muxtar respublikanın telekommunikasiya sisteminin 94 faizini Yeni Nəsil (NGN) texnologiyasına əsaslanan 4-cü nəsil telekommunikasiya sistemləri təşkil edir.

İnfrastruktur quruculuğu tədbirləri çərçivəsində Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli, Muğanlı, Alışar və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində yaradılan kənd mərkəzlərində və Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərini əhatə edən kənd mərkəzində yeni rabitə evləri istifadəyə verilmiş, Ordubad rayonunun Dəstə kəndində 704, Şərur rayonunun Kərimbəyli kəndində 384, Muğanlı kəndində 192, Alışar kəndində 384, Xələc kəndində 256, Yeni Havuş və Xətai kəndləri üçün 192, Babək rayonunun Kültəpə kəndində 384, Gülşənabad kəndində 192, Şahbuz rayonunun Türkeş kəndində 96 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilmişdir.

Həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış ərazilərininin 99,1 faizində genişzolaqlı internet, 99,5 faizində mobil internet xidmətləri göstərilir.

İnformasiya və rabitə sahəsinin hərtərəfli dövlət qayğısıyla əhatə olunması bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, əhalinin informasiya-kommunikasiya xidmətlərinindən daha geniş istifadə etmələrinə yeni imkanlar yaratmaqdadır.

BAĞLA