Məlumatı yüklə

Muxtar respublikanın enerji

təhlükəsizliyi təmin olunmuşdur




Enerji təchizatı hər bir ölkənin, cəmiyyətin sosial-iqtisadi inkişafına və tərəqqisinə təsir göstərən mühüm amillərdəndir. Bu sahənin inkişafı istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlər də yaxın dövrə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji əldə olunmasına hesablanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, ”Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və ”Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə həyata keçirilən tədbirlər bütün sahələrlə yanaşı, energetika sektorunun inkişafına da geniş imkanlar yaradıb.

Muxtar respublikanın enerji təchizatını yaxşılaşdırmaq məqsədilə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.

Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmış, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.

Əhalinin elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın davamlı enerji ilə təmin olunması istiqamətində təkcə 2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramının icrası ilə əlaqədar muxtar respublikada 3 elektrik stansiyası tikilmiş, 622,7 kilometr elektrik xətləri çəkilmiş və əsaslı təmir olunmuş, 784 transformator və 181 yarımstansiya quraşdırılmış və ya əsaslı təmir edilmişdir.

Əgər əvvəllər muxtar respublikada ümumi gücü 22 meqavat olan 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2018-ci ilin sonuna bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirmişdir.

2018-ci ildə muxtar respublikada 425 milyon 941 min 325 kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da 2008-ci ildəki göstəricidən 96,1 faiz çoxdur. 2018-ci ildə muxtar respublikada elektrik enerjisinin 240 milyon 631 min 325 kilovat-saatı və ya 56,5 faizi istilik elektrik stansiyalarında, 151 milyon 380 min kilovat-saatı və ya 35,5 faizi su elektrik stansiyalarında, 33 milyon 930 min kilovat-saatı və ya 8 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilmişdir. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 43,5 faizini təşkil etmişdir. 2018-ci ildə ölkə üzrə günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,5 faizi muxtar respublikada istehsal olunmuşdur.

Muxtar respublikanın enerji sistemini daha da müasirləşdirmək və ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə 2019-cu ilin fevral ayında Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 6,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 1 transformator yarımstansiyası quraşdırılmışdır. Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi, Naxçıvan şəhərində və Babək rayonunun Babək qəsəbəsində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

BAĞLA