01.06.2019  

Tələbələrin Dövlət Statistika Komitəsində təcrübəsi başa çatıb


“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbələrinin aprel ayının 8-də Dövlət Statistika Komitəsində başlanan təcrübəsi yekunlaşıb.

Təcrübədə iştirak edən tələbələrə universitetdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək üçün Dövlət Statistika Komitəsində hərtərəfli şərait yaradılıb.

Dərslər komitənin təcrübəli mütəxəssisləri tərəfindən təsdiq olunmuş proqram əsasında keçilib.

Tələbələrə komitənin fəaliyyəti, statistika sahəsində həyata keçirilən dövlət siyasəti, muxtar respublikanın sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətinə dair statistik məlumatların hazırlanması prosesi təcrübi olaraq göstərilib. Təsərrüfat subyektlərindən ilkin məlumatların alınması məqsədilə hazırlanmış rəsmi statistika hesabat formaları haqqında tələbələrə geniş məlumat verilib, hesabatların qəbulu və ümumiləşdirilərək yekunlarının əldə olunması prosesi əyani şəkildə izah edilib, suallar cavablandırılıb.

Dövlət Statistika Komitəsinin rəsmi internet saytı (www.statistika.nmr.az) ilə də tanış edilmiş tələbələrə məlumat verilib ki, geniş məlumat bazasına malik olan saytda təsərrüfat subyektləri tərəfindən onlayn rejimdə müəyyən olunmuş dövrlər ərzində qəbul edilmiş hesabatların ümumiləşdirilmiş yekunları daim yenilənir. Bu da, öz övbəsində, istifadəçilərin daha rahat və operativ məlumat əldə etmələrinə imkan yaradır.

Bağla